ATƏŞKƏS... - Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının bəyanatı
Oktyabr 10
08:44
2020
Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü başa çatıb.
"Report"un Rusiya bürosunun məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edib.
Görüş 10 saatdan çox davam edib.
Bu, son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqlar olub.
Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
***
Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü 9 saatdır davam edir.
"Report"un Rusiya bürosunun məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edir.
***
Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü davam edir. Yeddi saatdır davam edən qapalı danışıqlardan sonra mətbuat konfransının təşkil olunması gözlənilir.
Artıq mətbuat zalına hər üç dövlətin bayraqları gətirilib.
Qeyd edək ki, bu, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistan XİN rəhbəri ilə ilk görüşüdür. C.Bayramov iyulun 16-da Elmar Məmmədyarovun yerinə təyin olunub.
***
Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşün başlayandan bir müddət sonra Ceyhun Bayramov fasilə götürüb və binanın tərk edib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, o, təxminən bir saatdan sonra müzakirələri davam etdirmək üçün geri qayıdıb.
Media onun Azərbaycanın Rusiyadakı səfirliyinə getdiyini və məsləhətləşmə üçün Bakıya zəng etdiyini ehtimal edib.
Bildirilir ki, danışıqlarda hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların meyitlərinin dəyişdirilməsi üçün humanitar atəşkəsin razılaşdırılacağı gözlənir.
***
Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başlayıb. Virtualaz.org bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edirlər.



