Astanada Ulu Öndər anıldı
May 06
22:08
2016
Qazaxıstanın paytaxtı Astanada ümummilli lider Heydər
Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Müstəqilliyin 25
illiyi-Müstəqil dövlətlərin formalaşmasında liderlərin rolu” mövzusunda beynəlxalq
konfrans keçirilib.
Beynəlxalq Türk Akademiyası və Azərbaycanın Qazaxıstandakı
səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdən öncə ulu öndərin həyat
və fəaliyyəti ilə bağlı nəşrlərdən ibarət kitab sərgisi keçirildi. Burada
ümummilli liderin həyatı və siyasi fəaliyyətilə bağlı ayrı-ayrı əsərlər
iştirakçılarda böyük maraq oyatdı.
Sonra Heydər Əliyevin həyatının müxtəlif
dövrlərini özündə əks etdirən video-çarx nümayiş olundu.
Keçirilən Beynəlxalq
konfransda bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, hərbi
atteşelər, Qazaxıstanın tanınmış ictimai-siyasi xadimləri, elm adamları və tədqiqatçılar
iştirak edirdi. Beynəlxalq Türk Akademiyasının prezidenti Dərxan Xıdırəli Heydər
Əliyevi bütün türk dünyasının siyasi xadimi kimi dəyərləndirib. Bildirib ki, ulu
öndər dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin
qurulmasına, onların inkişafına hər zaman dəstək göstərib. Azərbaycanın
Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə böyük öndəri Azərbaycanın mənafeyi
naminə misilsiz işlər gördüyünü diqqətə çatdırıb.
Diplomat vurğulayıb ki,
qardaş Qazaxıstanla Azərbaycan arasında əlaqələrin inkişafında ümummilli lider
Heydər Əliyevlə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin mühüm xidmətləri
olub. Bu gün də həmin siyasətə söykənən münasibətlər getdikcə inkişaf edir.
Səfir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışarkən
ümummilli liderin bu istiqamətdəki fəaliyyəti barədə də konfrans
iştirakçılarına geniş məlumat verib. Bir daha qeyd edilib ki, ulu öndərin yüksək
ideyaları, amalları bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla
davam və inkişaf etdirilir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın
Ağsaqqallar Birliyinin üzvü, keçmiş senator Adil Əhmədov "Türk dünyasının
formalaşmasında Heydər Əliyevin siyasi lider kimi rolu” mövzusunda çıxış edib. Tarix
İnstitutunun direktoru Burkit Ayaqan onu nəinki Müasir Azərbaycanın, eləcə də
regionun və dünyanın tarixi şəxsiyyəti kimi xarakterizə edib. Tarix belə liderləri
heç vaxt unutmur. Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlər İttifaqının sədri
Vidadi Salahov "Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda çıxışında
bütün dünyada, o cümlədən Qazaxıstanda azərbaycanlıların vahid ideya ətrafında
birləşməsindəki əvəzsiz xidmətlərindən danışıb.
"Nur Otan” Partiyasının Təhlil, Proqnozlaşdırma və Sosial Təşəbbüslər Mərkəzinin
direktoru, akademik Kazbek Kaskenov və başqaları Heydər Əliyevin siyasi lider kimi bir sıra səciyyəvi
xüsusiyyətlərini qeyd ediblər. Vurğulanıb ki, onun cazıbədar, müdrik və uzaqgörən
şəxsiyyət kimi liderliyi qeyri-stabil mühitdə yaşayan, xaosun girdabına
yuvarlanan xalqı vahid ideologiya altında birləşdirdi, Azərbaycanı funksional
dövlətə çevirdi, tarixi ənənələrini qorumaqla inkişaf kursunu seçən dövlət
yaratdı.
Tədbirdə Azərbaycan televiziyasının istehsalı olan Heydər Əliyevə həsr
olunan film nümayiş olundu.
Qlobal.az



