SON XƏBƏR

Astanada "Böyük Çöl" Birinci Sosial Elmlər forumu

May 24
12:36 2016
Türkdilli ölkələrin müstəqillliyinin bərpa olunmasın 25 illiyinə və Türk yazısı gününə həsr olunmuş "Böyük Çöl" Birinci Sosial Elmlər forumu öz işinə başladı.  Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstanın Astana şəhərində keçirilən forumda Qazaxıstan Respublikasının Dövlət katibi Gülşara Abdıkalikova, Türkiyə Elmlər Akademiyasının prezidenti Ahmed Cavad Acar, Türkiyənin  UNESKO üzrə Milli Komissiyasının sədri Ocal Oğuz və eləcə də, dünyanın 20 ölkəsindən dəvət olunmuş türkoloqlar, iqtisadçılar, alimlər və siyasi-ictimai xadimlər iştirak edirdilər.
           
Tədbirdə Azərbaycanı Milli Məclisin deputatları AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və Fəlsəfə doktoru Cavanşir Feyziyev, Azərbaycan İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, AEMA-nın müxbir üzvü Möhsün Nağısoy, Azərbaycan Respublikasının Qazaxıstandakı səfiri Rəşad Məmmədov təmsil edirdi.  
           
Qonaqlara əvvəlcə Beynəlxalq Türk akademiyasının təşkil etdiyi kitab sərgisi təqdim olundu. Akademiyanın çap etdiyi 50-dən çox kitabların sırasında Azərbaycan MM-nin deputatı Cavanşir Feyziyevin qazax dilində nəşr olunmuş "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı forum iştirakçılarının geniş marağına səbəb oldu.  
              
Türk dünyasına tövhələr vermiş, xalqlar arasında humanitar əlaqələrin möhkəmləndirilməsində önəmli rol oynayan görkəmli qazax yazıçısı Oljas Süleymenova, Özbəkistan Elmlər Akademiyasının akademiki Əhmədalı Əsgərova, Türk Şurasının Ağsaqqallar şurasının sədri Adil Axmetova, Moskva Dövlət Universitetinin Afrika və Asiya ölkələri İnstitutunun professoru Dmitriy Mixayloviç Vasiliyevə TWESCO-nun Qızıl medalı təqdim olundu. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Oljas Süleymenovun 80 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı təbrik məktubunu və Fəxri Diplomu yazıçıya təqdim etdi.
           
Türk dövlətlərinin Müstəqilliyinin 25 illiyi, İlk Bakı Türkoloji Qurultayıının keçirilməsinin 90 illiyi və eləcə də türk dünyasının əfsanəvi sufi alimi Xoca Əhməd Yassəvinin dünyadan köçməsinin 850 illiyi və Əhməd Balasaqunun 1000 illiyinə həsr olunmuş panel müzakirələrində Amerika, Almaniya, Yaponiya, Çin, Cənubi Koreya, Türkiyə, MDB ölkələri və Böyük Britaniyadan gəlmiş 200-dən çox alim və türk dünyasının tədqiqatçıları iştirak edirdi. İlk panel iclasında çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev müasir dünyamızda gedən qloballaşma proseslərində türkdilli ölkələr qarşısında dayanan əsas problem və vəzifələrdən danışdı. Millət vəkili müasir dövrün çağırışlarına adekvat cavab verə bilmək üçün türkdilli ölkələr arasında inteqrasiya proseslərinin gücləndirilməsi zərurətini önə çəkdi və yeni şəraitdə  türkdilli ölkələr qarşısında dayanan problemlərin həlli üçün çıxış yolu ola biləcək tezislərini də Forum iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan İqtisad Universitetinin rektoru, Türk dünyası İqtisadçılar Birliyinin sədri  Ədalət Muradov məruzəsində  Türk Dövlətləri Birliyi modelində türkdilli ölkələrin iqtisadi potensialının öyrənilməsi və bu ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı.
           
AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili İsa Həbibbəylinin moderatorluq etdiyi panel müzakirələrində tanınmış türkoloqların həyat və fəaliyyəti, onların dilçilk sistemində yaratdıqları məktəb və əsərlər haqqında verdiyi məlumatlar Forum iştirakçılarının marağına səbəb oldu. AMEA-nın müxbir üzvü, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy ortaq türk dili problemlərinə həsr olunmuş məruzə ilə çıxış etdi. Panellər arası fasilələrdə Azərbaycandan olan millət vəkilləri və türkoloq alimlər dünyanın bir çox ölkələrindən gəlmiş elm adamları ilə ikitərəfli görüşlər də keçirdilər.
           
Forum işini davam etdirir.
 
Qlobal.az 
 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook