SON XƏBƏR

Aslan İsmayılovla bağlı bütün qərarlar ləğv edildi

Noyabr 12
21:02 2021
Azərbaycan Ali Məhkəməsinin Plenumu Vəkillər Kollegiyasının iddiası üzrə tanınmış hüquqşünas Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırlması barədə yerli məhkəmələrin çıxardığı bütün qərarları ləğv edib. Səbəb Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) A.İsmayılovun şikayəti üzrə 2020-ci ilin martında qəbul etdiyi qərardır.

Qlobal.az xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağəli bildirib. 

AİHM-in qərarının icrası üzrə A.İsmayılovun işinə yeni açılmış hallar üzrə Ali Məhkəmədə baxılıb. Əvvəlki qərarları ləğv edən məhkəmə, işi yenidən incələnməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. AİHM yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəliyi bu haqda AİHM Qərarlarının İcrasına Nəzarət Departamentini məlumatlandırıb. İşə yenidən nə vaxt baxılacağı bilinmir.

"Viza” Hüquq Firmasının rəhbəri Aslan İsmayılovun vəkillik fəaliyyətinə 2013-cü ildə xitam verilmişdi. Vəkillər Kollegiyasının İsmayılovun bu qurumdan çıxarılması tələbi ilə iddiasına Nərimanov rayon Məhkəməsində baxılmış, iddia təmin edilmişdi. Məhkəmə əsas göstərmişdi ki, A.İsmayılov qanunsuz şəkildə hakimlərin otağına daxil olub, təhqirə, təhdidə yol verib. Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı həmin qərarı, 2014-cü ildə Ali Məhkəmə ləğv edib, apellyasiya instansiyasına qaytarmışdı. Ancaq Bakı Apellyasiya Məhkəməsi öz qərarını dəyişməmişdi. Ali Məhkəmə ikinci dəfə A.İsmayılovun kassasiya şikayətini rədd etmişdi.

A.İsmayılov daxili müdafiə vasitələri tükəndikdən sonra yerli məhkəmələrin qərarlarından Avropa Məhkəməsinə şikayət edib. AİHM isə müvafiq qərarında A.İsmayılova münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.

Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) AİHM-in A.İsmayılov Azərbaycana qarşı qərarının icrasına Namazov Qrupu çərçivəsində nəzarət edir. Bu qrupa AİHM-in Azərbaycanla bağlı 3 qərarı (Elçin Namazov, Xalid Bağırov, Aslan İsmayılov Azərbaycana qarşı qərarları) daxil edilib. Hər 3 qərar ərizəçilərin Vəkillər Kollegiyasından xaric edilmələri ilə bağlıdır. AİHM bu işlərin hamısında vəkillikdən kənarlaşdırılmalarından şikayət edən ərizəçilərin xeyrinə qərar vermişdi.

AŞ NK Namazov Qrupu-na daxil olan qərarların icra durumunu sonuncu dəfə bu ilin sentyabrında müzakirəyə çıxarmışdı. Qurumun yekun qərarında keçmiş vəkillərin – Xalid Bağırovun, Elçin Namazovun, Aslan İsmayılovun kollegiyaya bərpa edilməli olduğu vurğulanırdı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook