SON XƏBƏR

Aslan İsmayılov: " Bu İlhamənin ipini yığın "

Fevral 02
23:27 2016
Xalq artisti İlhamə Quliyevanın həbsdəki kecmiş köməkçisi Mehriban Bəylər qızı Hüseynovanın mətbuatda yayılan ittiham dolu məktubu böyük sensasiyaya səbəb olub. Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynova mediaya ünvanladığı məktubunda İlhamə Quliyeva tərəfindən şəxsiyyətinin alçaldıldığını, işgəncələrə, hədə-qorxulara məruz qaldığını vurğulayıb.
 
Tanınmış hüquqşünas Aslan İsmayılov Mehriban Hüseynovanın yazdığı məktubla bağlı Modern.az saytına açıqlama verərək İlhamə Quliyevanın artıq milləti, xalqı bezdirdiyini bildirib:
 
"İlhamə Quliyeva bir kal armud olub keçib bu millətin boğazına. Özünə hörmət edən heç kəs, o cümlədən, mən də dəfələrlə onun danışdığı, dediyi sözlərə qarşı öz abrımıza qısılıb susmuşuq. Biz susduqca, İlhamə Quliyeva daha da irəli gedib. "Şərəf”, "Şöhrət” ordeni almış bu adamın bir müddət öncə Azərbaycan telekanallarında "mən yemirəm, yedizdirirəm” deməsi həmin ordeni verənlərə qarşı da hörmətsizlikdir. Eyni zamanda Azərbaycan dövlətinə, xalqına qarşı hörmətsizlikdir. Bu günə qədər onun bütün əndazələri aşaraq televiziyalarda özünü banda başçısı kimi aparması hamıya, Azərbaycan xalqına qarşı təhqirdir”.
 
Aslan İsmayılov bu mövzu ilə bağlı indiyədək danışmamasına əsas səbəb kimi abrını gözlədiyini göstərib: "Mən bu günə qədər İlhamə Quliyevaya qarşı olan aqresiyyamı mətbuata ona görə tökməmişəm ki, öz abrımı gözləyim. Bu adamda isə indiyədək abır-həya deyilən bir şey olmayıb. Həmişə də onun arxasında duranlar olub. Əxlaqı, mərifəti və sənəti ilə İlhamədən qat-qat üstün olan müğənni Nazpəri Dostəliyevanı "Bandotdelə” qədər apardılar və təhqir etdilər. Məhkəmə Nazpəriyə külli miqdarda əsassız cərimə də kəsdi. Bu günə kimi mən eşitməmişdim ki, kiməsə qarşı 50 min manat cərimə kəsilsin. Mən Azərbaycanda söz sahibi olan xanım kimi Mehriban Əliyevanı tanıyıram. Prezidentin xanımıdır, böyük ictimai fəaliyyətlə məşğuldur. Amma mən hesab edirəm ki, İlhamə Quliyevanın sözü onun sözlərindən kəsərlidir”.
 
Hüquqşünas daha sonra bu günə kimi onun saysız-hesabsız qanunsuzluqlarının qarşısında necə susmaq olduğuna təəccübləndiyini bildirir:
 
"İlhamə Quliyevanın sonuncu dəfə keçmiş köməkçisi Mehriban Hüseynovla bağlı videogörüntülər yaymağı yüzə-yüz cinayətdir. İlhamə Quliyevanın özünün məhkəmə qurması, köməkçisini təhqir etməsi cinayət əməlidir. Bununla bağlı Cinayət Məcəlləsinin 322-ci maddəsinə əsasən, cinayət işi qaldırılmaldır. Bu maddə özbaşınalıq maddəsi adlanır. Bu maddənin 2-ci bəndinə görə, o, ən azı 2 ilə qədər azadlıqdan məhrum edilə bilər. Mən bu günə qədər ölkə Prezidentini də, adminstrasiya rəhbəri Ramiz Mehdiyevi də, Baş naziri də, Milli Məclisin sədrini də çox sərt tənqid etmişəm. Heç vaxt da nə hansısa bir təqibə, nə də ki təzyiqə məruz qalmışam. Amma indi sizə tam səmimi deyirəm ki, bu çıxışdan sonra təhqir də, tənqid də, cəza da gözləyirəm. Ona görə ki, bir gözəgörünməz qüvvə var və o, İlhamə Quliyevanı müdafiə edir. İlhamə özü şəxs olaraq, ağıl sahibi deyil. Amma o şəxs kimdir ki, İlhamə Quliyevanın arxasında durub? İlhamə mədəniyyət sahəsini tamamən məhv edib”.
 
Hüquqşünas hesab edir ki, İlhamə Quliyevanın keçmiş köməkçisi olan Mehriban Hüseynovanın xalq artisti haqqında yazdıqları doğrudur:
 
"Mən sizi əmin edirəm ki, Mehriban Hüseynovanın məktubunda yazdıqları hamısı doğrudur. Mədəniyyət sahəsində olanların hamısını İlhamə qorxu və təhdid altında saxlayır. Gənc müğənnilərin İlhamənin əlindən öpməsi hamısı qorxudan irəli gəlir. Bu xalqa, millətə, Azərbaycan adət-ənənələrinə bir az da olsa hörməti olanlar İlhamə Quliyeva kimisinə telekanallarda yer verməz”.
 
Aslan İsmayılov həmçinin bu cür özbaşınalıq və qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinə də müraciət edib:
 
"Mən sizin vasitənizlə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edirəm. Həm Azərbaycan xalqına, həm də özünüzə hörmət edin. Bu İlhamənin ipini yığın. Mehriban Hüseynovanın göstərdiyi, irəli sürdüyü bütün dəlilləri araşdırın və ciddi şəkildə yoxlayın. Mirqafar Seyidov "Banditizm”də işləyəndə İlhamə Nazpərini "Banditizm”ə apardı. İndi də Mirqafar Seyidov "Qorotdel”də olduğuna görə Mehriban Hüseynovanı da ora aparıblar. Kimdir axı İlhamə Quliyeva?..”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook