Aşıq Molla Cümənin 160 illik yubiley gecəsi keçiriləcəkdir
Dekabr 03
10:24
2015
Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi Molla Cümənin anadan olmasının 160 ili tamam olmuşdur. 4 dekabr 2015-ci il tarixində saat 19.00-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aşıq Molla Cümənin 160 illik yubiley gecəsi keçiriləcəkdir.
1854-cü ildə Şəki rayonunun Layiski kəndində anadan olmuş Molla Cümə uşaqlıqdan saza-sözə xüsusi maraq göstərmiş, erkən yaşlarından saz ifa etməyə başlamış, Şəki-Zaqatala-Balakən və Dərbənd bölgəsində el-oba məclislərində öz dəsti-xətti ilə ad çıxarmışdır.
Göstərilən məkanlarda XIX yüzilliyin sonları və XX yüzilliyin birinci yarısında aşıq sənətinin vüsət tapması Molla Cümənin yaradıcılığı ilə bağlı olmuş və bu bölgələrin aşıqlarının repertuarında böyük sənətkarın irsi mühüm yer tutmuşdur.
Molla Cümə Azərbaycan aşıq ədəbiyyatı tarixinə yenilikçi aşıq-şair kimi daxil olmuşdur. Onun aşıq şeiri formaları üzərində apardığı təkmilləşdirilmələr saz-söz ustadları tərəfindən rəğbətlə qarşılanmışdır.
Tədbir 2009-cu ildə YUNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilmiş Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan aşıq sənətinin qorunub saxlanılması, milli mədəniyyətimizin inkişafında rolunun artırılması və təbliğ edilməsi, habelə ustad aşıqların zəngin irsinin öyrənilməsi, gənc nəslin aşıq sənətinə olan marağının artırılması məqsədilə keçirilir.