SON XƏBƏR

Asiman Həsənovun “şəbəkəsi” hələ də təhlükə mənbəyidir

Sentyabr 03
00:59 2019
Tədris Cərrahiyyə Klinikasının baş həkimi bir çox özəl tibb müəssisələrinə öz kadrlarını yerləşdirməklə, onları indi də nəzarətdə saxlayır
 
Son vaxtlar Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənovun adı ölkə mətbuatında bir çox xoşagəlməz məqamlarla bağlı hallandırılmaqdadır. Bir çox mənbələr baş həkimi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş Kadrlar Baş İdarəsinin rəis müavini (hazırda həbsdə olan) Tehran Babatovla qeyri-qanuni iş birliyində ittiham edirlər. Bu xüsusda yayımlanan məlumatlarda qeyd olunur ki, Asiman Həsənov Azərbaycan Tibb Universitetinin rəhbərliyindəki şəxslər barədə dosye toplayaraq MTN rəhbərliyinə ötürürmüş. Bundan başqa, məlum olduğu kimi Asiman Həsənov Bakıda fəaliyyət göstərən əksər özəl tibb müəssisələrinə də "himayədarlıq” edirmiş. Təbii ki, bu himayə həmin klinikaların sahiblərinə hər ay ödəməli olduqları külli-miqdarda məbləğə başa gəlirdi. Bu gün isə məlum olur ki, Asiman Həsənov məhz Tehran Babatovdan aldığı dəstək sayəsində öz iradəsini özəl səhiyyə sektorunun təmsilçilərinə diqtə edə bilirmiş. Eləcə də, Asiman Həsənovun Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında at oynatması, şantaj və hədə-qorxu yolu ilə külli miqdarda vəsait toplaya bilməsi də birbaşa Tehran Babatovun onun arxasında durması ilə təmin olunurdu. Lakin bu yayımlanan məlumatlarda bizim daha çox marağımıza səbəb olan məqam Asiman Həsənovun əcnəbi həkimlərlə həyata keçirdiyi maxinasiyalarla bağlıdır.
 
Bəzi iddialara görə, baş həkim savadsız əcnəbi həkimləri Bakıdakı müxtəlif klinkalara yerləşdirməklə onların gəlirindən öz faizini alırmış. Lakin bir çox mənbələr, əslində bu maxinasiyaların daha mürəkkəb mexanizmləri hərəkətə gətirmək üçün ilkin hərəkətlər olduğunu bildirirlər. Bu mənbələrin deməyinə görə, Asiman Həsənovun bu maxinasiyaları son nəticədə əcnəbi həkimlərin istismara məruz qalmalarına gətirib çıxarırmış. Belə ki, Asiman Həsənov qeyri-qanuni olaraq özəl klinikalara yerləşdirdiyi əcnəbi həkimləri bir müddət sonra Tehran Babatovun vastəsilə Miqrasiya Xidmətinin müəyyən əməkdaşlarına "təhvil verirdi”. Bundan sonra isə, elə özü həmin həkimləri düşdükləri vəziyyətdən "qurtararaq”, onları sözün əsil mənasında istismar etməyə nail olurdu. Həmçinin məlumatlarda vurğulanır ki, bütün bunlarla yanaşı, səhiyyə sistemindəki xoşagəlməz hallar barədə dosyelər toplayaraq, MTN-ə ötürən Asiman Həsənov bu işlərinin müqabilində Tibb Universitetinin rektoru və ya hətta Səhiyyə naziri postuna təyin olunacağı barədə vəd də alıbmış. Lakin Eldar Mahmudovun vəzifədən alınması və ümumiyyətlə "MTN işi” ilə bağlı baş verənlər Asiman Həsənovun da yüksək vəzifə xəyallarını puç edib. Eyni zamanda da, onun törətdiyi əməllərə rəğmən hələ də yüksək vəzifədə qala bilməsi faktının özü, bu gün artıq Asiman Həsənov üçün çox böyük uğur sayılmalıdır. Bununla belə, əldə etdiyimiz məlumatlara görə, Tədris Cərrahiyyə Klinikasının baş həkimi öz yaramaz əməllərindən hələ də əl çəkməyib. Belə ki, bir çox mənbələr iddia edirlər ki, sertifikasiyadan keçə bilməyən savadsız həkimləri müxtəlif özəl klinikalara yerləşdirməklə savadlı və dürüst həkimləri sıxışdıran Asiman Həsənov, bu gün də "dosye” yığmaq, şantaj, təhdid və digər bu kimi üsullardan yararlanmağa mütəmadi olaraq cəhdlər göstərir və qəribə də olsa, bir çox hallarda buna nail olur. Deyilənə görə, hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital, Tədris Cərrahiyyə Klinikası və Laçın Klinikası birbaşa Asiman Həsənovun nəzarətindədir. Həmin klinikalarda isə, Asiman Həsənovun kadrlarından ibarət "həkimlər şəbəkəsi” fəaliyyət göstərməklə, həm onlara müraciət edən xəstələr, həm də digər həkimlər üçün ən müxtəlif təhlükələr yaratmaqda davam edirlər...
 
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
(Gunedilik-Baku.com)
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook