Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağında Anım Törəni keçirilib
Fevral 23
16:10
2016
Ocaq Günsırası ilə 14 Köçəri Ayı, 37-ci ildə İnam Evində Ulusəs Atalının bacısı Elmira xanıma Ocağın "Ölügötürmə quralları” əsasında Anım törəni keçirildi.
Ocaq Yükümlüsü Soylu Atalı: Günümüzə başlayırıq. Artıq uzun illərdir ki, Ocağın "Ölügötürmə quralları” əsasında yas törənləri həyata keçiririk. Biz bu törənləri təkcə bu ünvanda deyil, başqa ölü yerlərində də həyata keçirmişik. Bunun sayı ola bilər ki, 40-a çatıb. Atanın ölümündən üzü bu yana, biz bu addımları atırıq. Atanın ideyaları əsasında özümüzün qurallarımızı yaratmışıq – onun biçimini, oxunacaq nəsnələrini, deyək ki, ayinlərini yazmışıq. Bu bir milli, insani, bəşəri başlanğıcdır. Biz bəşər həyatında olan bütün dünyabaxışların hamısını bu və başqa şəkildə anlayırıq. Onların bu və başqa biçimdə bəşər həyatında etkisi, qatqısı olub. Bunu danmaq mümkün deyil. Ancaq məsələ ondadır ki, bəşəriyyətin keçdiyi yollar (mən mənəvi-ruhani yolları deyirəm) əsaslı olmayıb. Əsaslı olmamağının nədənləri var. O nədənlər onunla bağlı olub ki, insana, dünyaya həyata yanaşma doğru qurulmayıb. Yəni dünyabaxışın təməl ideyası yanlış üzərində qurulub. Bunu, quranın savadsızlığınamı bağlayaq, bunu, onu yaradanın əlacsızlığınamı bağlayaq, bunu demək məsələnin həlli deyil. Biz bunu bağlayırıq ona ki, nə olursa olsun, bəşəriyyət, mənəvi, ruhani yöndə doğru nizam tapmalıdır. Daha doğrusu, Asif Ata o fikrə gəlib. Həm də bunun bir başqa da nədəni var. Yas bir milli olaydır. Bu bir odada on-on beş nəfərin bir araya gəlib Ulusəsin yasına, ölüsünə təkcə başsağlığı vermək məsələsi deyil. Ondan çox dərin anlam daşıyır.

Biz bundan öncə 7-8 adam sonev (qəbir) üstünə getdik. Bir qayda olaraq biz də buna əməl edirik ki, ölənin ilində onun uyuduğu torpağı ziyarət eləmək gərək. Onu da sizə deyim ki, Elmira xanımın yastıq biçimində olan baş daşının üstündə onun doğulduğu, öldüyü ilsıra (tarix) həm miladla yazılıb, həm də Ocaq günsırası (təqvimi) ilə. Birinci adamdır ki, onun daşına biz Ocaq ilsırası yazırıq. Asif Atanın özünün sonevindəki baş daşına Ocaq günsırası ilə ilsıra yazılmayıb, milad ilsırası ilə yazılıb. Ona görə miladla yazılıb ki, Asif Ata öləndə bu qurallar bütöv biçimə düşməmişdi. Yalnız müəyyən bir gediş yazısı əsasında yas törəni keçirmişdik, başdaşını da ümumi qaydada yazdırdıq. Ancaq Atanın sonevi bütünlüklə Ocaq simgələridir (rəmzləridir).
Biz molla-falan gətirmirik. Biz ərəb dünyabaxışını ölümüzün üstündə istəmirik. Əgər o bəşəri olsaydı, bunca dirsək göstərməzdik. Ancaq bəşəri deyil. Bəşəri olmadığını da dönə-dönə əsaslandırmışıq, sübuta yetirmişik, faktlarla, dəlillərlə. Bəşəri olmamasının başlıca nədəni milli kimliyə qarşı getməsidir. Semit dünyabaxışında ümmətçilik ideyası var, o, millətçiliyi biranlamlı şəkildə dışlayır. Ancaq ərəb milləti var, ərəb dili var, ərəb millətinin mədəniyyəti var, ərəb millətinin hegemonluğu var, onun nizamı, quruculuğu var. O, bizim içərimizdə etkiyə çevrilib. Bununla da bizim milli kimliyimiz zədə götürüb, milli şüurumuz zədə götürüb. Bu gün də milli şüurumuzun gəlişməsinə çox ciddi əngəl olur. Siyasi gedişlərdən daha çox əngəl olur. Çünkü siyasi gedişlər – mənliyi, ruhu döyülmüş insana eləyir nə eləyirsə. O birbaşa ruhun mayasına girmir. Ruhun mayasana girən dünyabaxış məsələsidir. Anamızın dilinə biganələşdirir bizi, hər dəfə mən bunu vurğu edirəm. Anamızın layla dilinin yerinə bizim anlamadığımız, bilmədiyimiz dili sırıyıb. Həmin dillə biz ölümüzü ağırlayırıq, əslində özümüzü təhqir edirik. Bunu mən sorumluluqla deyirəm, çünkü mən millətçiyəm. Bizim üçün bəşərilik millətçilikdən başlayır. Bizim milli şüurumuzu dışlayan istənilən baxış, ideya bizim üçün qəbul olunmazdır. Bu cür özünəyadlaşma ilə türk özünəxaslığı silinir, başqa bir kimlik gəlib onun üzərində oturur.
Alim Feyzullayev adına baxın (məsələn deyirəm), bu mənim dilimdə çox müti sözdür. Dilimə gətirilən müti söz isə mənim ruhuma girib ruhumu da mütiləşdirir. Alim bilgə deməkdir... Ancaq baxın, Bilgə Xaqan deyəndə mənim köksümdə qürur qabarır. Bax, bunu dərk eləməkdən başlayır xalqın dirçəlməsi, özünə tapınması.
Biz heç kimə balta çəkmədən, öz milli ləyaqətimizlə, öz milli sevgimizlə xalqın içinə yeriyirik, onu özünə tanıtmağa başlayırıq. Onun kimliyini sadəcə quru sözlərlə anlatmağa çalışmırıq: "Ey türk, gəl, özün ol!” "Sən türksən, özün ol!” bu quru sözlərlə demirik, İdeya ilə deyirik. O ideya ki, min il bundan sonra da heç kim tərəfindən danılması mümkün deyil. Ona görə biz bu quralları yaratdıq. Təkcə Türk etnosuna deyil, bütövlükdə insanlığa uyğun yaratdıq. Asif Ata məsələni birbaşa insanın üzərində qurur. Onun əsas harayı "Bəşərin nicatı İnsanlaşmaqdadır, İnsanlaşın–İnsanlaşdırın!” çağırışıdır. Yəni millətləşin, vətənləşin, bəşərləşin. İndi istəyimiz nədir? Bir şeyi sizə deyim ki, zaman-zaman toplumun içinə gedirik, heç kimə ideyanı zorla yeritmirik, bilirik ki, zorla söz yeriməz. Heç bizim bunu eləməyimiz mümkün də deyil. Asif Atanın dünyabaxışı Ərəb dünyabaxışı kimi deyil, hardasa xristianlıq üslubunda yayılacaq. Ərəb dünyabaxışı zora dayandı, qılınca dayandı, ancaq xristianlıq yoxsul insanların ümidinə dayandı. Yoxsul insanlar ona ümid bəsləyirdilər, ondan ümid gözləyirdilər. Yeraltı bunkerlərə yığılırdılar imperatorun qorxusundan. İsanın təlimini öyrənirdilər, ordan çıxanda orda-burda pıçıldaşırdılar, yayılırdılar. Bir gün imperator ayıldı ki, onun imperiyasında əməlli-başlı bir dalğa əmələ gəlir. İsaya tapınan dalğa. Ona görə də rəsmi dövlət dini kimi qəbul elədi. Mən qəti əminəm ki, Asif Atanın Dünyabaxışı da xalqın içinə yeridikcə, ürəyinə hakim olduqca xalqın içindən hakimiyyətə gələn ərdəmli, şərəfli bir oğul ulusal kimliyi qorumaq üçün İnamı qəbul eləyəcək. Çünki bu bizim qurtuluşumuzdur. Nəinki bizim, həm də bütövlükdə insanlığın qurtuluşudur. Elmə, biliyə əsaslanan bir dünyabaxışdır, yalanı qırağa qoyur. Dünya səviyyəsində olduqca əsaslı bir fikir ortaya çıxarır, yaşamaq üçün insanın ürəyində nikbinlik yaradır. "Dünya altı gündə bir baxışla oyun-oyuncaq kimi yaradılıb və qiyamət qopanda heç olacaq”.
Bu çağırış gözümüzdə dünyanı anlamsızlaşdırır, hər bir insanın öz kökünə, öz soyuna şübhə ilə yanaşması anlamına gəlir. Yalan üzərində formalaşıb. Ata deyir: biçimcə ötəri, keçici, sonlu, qeyri-kamil dünya Əzəli, Əbədi, Sonsuz, Kamil Mənadan doğur. Bunun adı Dünyalıqdır. Dünyalıq dünyanın özündədir, ancaq dünyadan artıqdır, böyükdür, kamildir. Necə ki, insan mənəviyyatı, ağlı bədəndə yerləşsə də, bədəndən artıqdır, böyükdür. Dünyanın Mənası dünya ilə birdir. Dünya-Məna birliyi heç vaxt dağılan deyil, yoxa çevrilən deyil. Eləcə də yoxdan Varlıq yaranmır. Varlıq yoxa çevrilmir və çevrilməsi mümkün deyil. Belə bir nikbinlik yaradır, belə bir nikbinlik verir. Ona görə də bu nikbinlikdən doğan bütün qurallar insana doğru gəlir. Yaşamaq üçün əsas verir. Bu baxışa tapınsan görəcəksən ki, tərəqqinin önündə gedirsən. Çünkü sən mənəviyyat millətisən. Tərəqqinin quyruğunda sürünməyəcəksən. Söz, fikir yaratmalı ikən, ideya verməli ikən onun-bunun yalançı ideyalarından sallaşırsan. Heçə çevrilirsən.
Yas törənində, anım törənində bu həqiqətlər dərk olunmalıdır. Pul yazmağa gəlmə, ölümün, həyatın anlamını dərk eləməyə gəl, milli kimliyini qorumağa gəl. Ölüm mütləq yoxluq deyil. Sən qalırsan, ancaq sənin qalmağını şərtləndirən bir yaşam yaratmalısan sağlığında. Sən nəsildə qalırsan, balalarında qalırsan, yaratdığında qalırsan, düşüncəndə qalırsan, ideyanda qalırsan, filosofluğunda qalırsan. Milli kimliyində qalırsan – bunları yaratmalısan. Atalığında, analığında, qardaşlığında, bacılığında qalırsan. Ölənin ulusu var, soyu var. O ulusun böyüklüyündən, şəxsiyyətindən söhbət açmalısan. Eşitməyən eşitsin, bilməyən bilsin. Sən hansı bir ulusu təmsil edirsən, onun dəyəri nədir, bilməlisən. Bax bunu həyatda qalana demək gərək. Bunun üçün sən öz şəxsiyyətini tanımalısan. Nə qədər imamlardan danışacaqsan? Sənin millətinə nə veriblər özgələşdirməkdən, özgəliyə zorlamaqdan başqa?! Sənin şəxsiyyətin bu milləti dağılıb-itməkdən qoruyub. Bilgən olub, heç ondan xəbərin yoxdu. Gültəkinin olub xəbərin yoxdu, Tonyukukdan xəbərin yoxdur. Alp ər Tonqandan xəbərin yoxdur. Babəki ərəblərin diliynən yaramaz sayırsan, Nəsimini mollaya tay tutursan, özündən öncəkinin yanlışlarını davam edirsən. Syundan xəbərin yoxdur. Bunları tanıt, bunları öyrən. Bunlar sənə vətən miras qoyub, bunlar sənə gələcək miras qoyub, qeyrət miras qoyub. Bunların yörəsində ümumbəşər şəxsiyyətlərindən söz düşərsə, onu da deyə bilərsən, dünya dağılmaz. Ancaq sənin işığın içindən yanır. Həqiqəti görmək gərək...
Bu çağa qədər biz bir çox yas mərasimləri keçirmişik. Toplumun qatqısı ilə eləmişik. Hətta ilk baxışdan onlar, bəlli ki, Asif Atanın adından əndişəyə düşürlər. Həyəcan duyğusu keçirirlər. Onlarla söhbət edib anlatmağa çalışırıq, sənin üzündə qorxu görürük. Gəl aydınlaşdıraq, görək sənin qorxun nədir?!
Biz orada söz deyirik, fikir yaradırıq ki, insanların hamısının içi rahat olsun. Hamısı məmnun qalsın. İnanın ki, məmnun qalırlar. Niyə? Mən öz Atamın yasında 600 adamın içində uca səslə söz dedim. Məndən öncə molla söz dedi. Molla söz deyəndə ora bazara bənzəyirdi. Ağız deyəni qulaq eşitmirdi. Mən söz deyəndə, hətta analarının yanında körpə uşaqlar belə səsini kəsmişdi. Hamı maraqla, heyrətlə qulaq asırdı. Mən bunu onlara izah elədim. Niyə siz maraqla sakit qulaq asırsınız? Ona görə ki, mənim dediklərim sizin özcə ananızın dilindədir. Sizin ruhunuza doğmadır, sizin kimliyinizdən gələn sözlərdir. İçinizdən gələn həqiqətlərdir bunlar.
Tanışımız Şamil Salehin yasına getmişdik. Qadını Nərgiz xanımın razılığı ilə biz orada Ocaq quralları əsasında yas mərasimi keçirdik. Çadırın altında təxminən 45-50 adam olardı, Şamil müəllimin iş yoldaşları, çoxları da elm adamları idi, Akademiyanın işçiləri idi. Şamil müəllim Akademiyanın kibernetika institutunun alimi idi. Molla başda oturmuşdu. Dediyim kimi, bir az əndişə keçirirdi. Mən keçdim söhbət elədim. Ən çox məndən molla razı qaldı. Dedim ki, biz bura sənin dünyabaxışınla döyüşməyə gəlməmişik. Biz bura milli-insani söz deməyə gəlmişik. Biz bura öləni ağırlamağa gəlmişik. Bizim deməyə bəs qədər sözümüz var.
Biz orada 50 dəqiqə söz dedik, qurallarımızı oxuduq. Çox yüksək mədəniyyətlə hamı qulaq asdı. Hamını təmin etdi. Niyə? Hər bir insanın içində həqiqətə təşnə var. Kim olur olsun. Hər kəsin içində həqiqətləri deməyə ehtiyac var. Bu, yeni bir haldır. Mən bunun dönə-dönə görəni (şahidi) olmuşam. Hər kəs istənilən məsələdə öz qatqısını da istəyir. Onun qatqısının olması üçün özünəxaslıq gərəkdir. Biz əslində onu verdik. Heç kimə qıraqdan nəsə uydurub demirik. Yurdumuzda mənəviyyat Ocağı qalayırıq. Min ildir sönmüş, söndürülmüş Ocağımızı yenidən bərpa edirik. Bizim bütün çabalarımız, bax, buna dayanır. O ki qaldı bunu istəməyən, bizə dirsək göstərən, həmişə olub, hələ də olacaq. Biz buna görə addımı dala qoyası deyilik...
Günev Atalı: Uzun müddət yas qurallarımızı demək üçün məclislərdə olmuşam, bunu mən dəfələrlə izhar eləmişəm.
İlk öncə Ulusəs bacıma Elmira xanımın ölümü ilə bağlı başsağlığı verirəm. "Yurdumuzda, ulusumuzda yaşasın” deyirəm. Bütün gələnlərə minnətdarlığımı bildiriəm. Sağ olun, var olun ki, gəlmisiniz. Xalqın belə insanlarına ehtiyacı çox olur.
Bəşəri yaşamda hər bir xalqın özünün yeri olmalıdır. Bu onun mədəniyyəti ilə yaranır. Birinci növbədə dili ilə. Bu gün bəllidir ki, dilimizin yarısı bizim deyil. İkincisi, siyasət. Siyasət də bizim deyil, özgələşib. Mənəviyyat azdan-çoxdan içsəl qatlarda yatıb. Millət özünü ifadə edir qurallarında, gələnəklərində.
Uzun müddət yas yerlərində söz deyən adam kimi mən izləmələrimlə bu sonuca gəlmişəm ki, millətin mariflənməsi üçün yas yerlərinin xüsusi bir etkisi var. Çünkü insanlar qayğıdan əlini çəkir. Burda özünü dinləyir.
Gələnləklərdə millət özünü ifadə edirsə yaşayır. Eləmirsə yaşamır. Lap onun sayı qırx-əlli milyona çatsın. Çünkü o, varlığında özgəçiliyi yaşadır. Adlar özgə, dil özgə, məişət özgə. Bəs bu millət nəylə bəşər yaşamında özünü təsdiq edir? Bu da insanlarımızın Asif Ata Ocağını dinləməsindən asılıdır. Bu böyük məsələdir. Yüzlər gəlib gedir, heç nə aparmır, ancaq barmaq sayda adam bəzən elə gözəl fikirlər aparır, elə gözəl milli varolma əhvalı aparır ki, orda doğrudan da, böyük bir sonuc əldə eləmək olur. Bu baxımdan demək istəyirəm ki, bugünkü yığıncağımızı həm də özünüifadə kimi qəbul edirəm.
Mənim anamın yas törənini keçirdik. İlk dəfə məcbur olub, təpkiləri yatırtmaq üçün, şərti olaraq bir molla oturtduq törəndə. Ancaq yenə də bizim söz deməyimizə əngəl olanlar tapıldı. Biz sözümüzü hər yerdə deyirik. "İl” mərasimində xüsusi bir addım atıldı. Orada molla yox idi. Heç bir ərəb kəlməsi olmadı. Mən ordakı adamları yola salanda suallar verirdim, məclis xoşunuza gəldimi? Elə gözəl razılıq olundu ki, onu sözlə demək çətindir. Yetər ki, milli təpərin olsun, addım atasan.
Soylu Atalı: Bu gün Ocaqçılardan da gəlməyənlər var. Hər kəsin işi-gücü olur, ona görə heç kimə məcbur demək olmur gəl. Ancaq nə ölüm olayı, nə də evlənmə olayı yalnız bir ailəyə xas deyil. Bu olaylar xalqındır. Çünkü ailə qurulur, nəsil davam edir. Əslində xalq həm fiziki olaraq davam edir, həm də mənəvi olaraq davam edir. Dünyaya gələn övlad xalqın dəyərini yaşadır. Ona görə iki gənc ailə quranda təkcə anası-atası qatılmır. Eləcə də ölüm olayı. Ona görə də istər yasa, istər evlənmə mərasiminə yiyə kimi qatılmaq gərəkdir.
İndi Rafiq bəyi dinləyək.
Rafiq Turabxanoğlu: Mən də Ulusəs xanıma başsağlığı verirəm. İnsanın dünyada fiziki yoxluğu ağır bir məsələdir.
Mən həmişə onun yanlısı olmuşam ki, qurallar özümüzün olmalıdır. Burda çətinlik o olub ki, məsələn "X", "Y" desən camaatda şübhə yaranır. Siz danışa-danışa fikirləşirəm ki, bunu nə cür eləmək olar kütləviləşsin. Bir təklif eləyim baxarsız, müzakirə eləyərsiz. Sosial şəbəkə var. Məsələn, sizin hansısa yaxınınız ölübsə, onunla bağlı qurallarınız orda qoyulsun.
Soylu Atalı: Eləyirik.
Rafiq Turabxanoğlu: Mən Ocaqla bağlı olan insanların ölməsini heç istəmərəm. Böyük işlər görürsünüz. Ancaq bunu kütləviləşdirmək yüz ilin işidir. Mən işinizə uğurlar diləyirəm. Millətin vahid quralları olmalıdır. Yenilik gətirmək çox mürəkkəb psixoloji bir məsələdir.
Bilmirəm "rəhmət” yerinə nə deyirsiniz, Qalanlara baş sağlığı, səbr arzulayıram.
Soylu Atalı: Ən doğru odur ki, "Ulusu var olsun” deyilsin. Niyə? Çünkü nəyi varsa, ulusunda qalır. Ona görə elə ulusu, yurdu var olsun.
Ağşın Ağkəmərli: Mən də öz adımdan Ulusəs xanıma başsağlığı deyirəm.
Sizin dediyiniz söhbətlər burda oturan hər kəsin ürəyincədir. Ancaq bir həqiqətdir ki, 1400 ildir dərinliyə işləmiş, hər evdə, hər yurdda, hər kənddə din quralları həyatımıza girmişdir. Şübhəsiz ki, birdəfəlik bunun kökünü kəsib atmaq mümkün deyil. Burda deyilən fikirlər bəlkə milyon insanın ürəyincədir. Bu gün siz o milyonun dilindən belə ifadə eləyirsinizsə, bu təbiidir ki, tarixin sintezidir. Hər şeydə bir başlanğıc vardır. Bu yas törəni də ümumi yeniliyin başlanğıcıdır. Türk kimliyini daşıyan hər insanda, şübhəsiz, bu qural oturuşmalıdır. Bu da zaman tələb eləyir. Ancaq ona bu quralları yerinə yetirmək üçün ayrıca bir şöbə ayrılmalıdır. Mən fikirləşirəm, belə olmasın ki, Soylu Atalı hər yükü üzərinə götürsün. Qoy onu Ulusəs, Ağşın eləsin. Yəni bu işləri yerinə yetirməyə gərək olan kadrlarımızı hazırlamalıyıq. Bir daha deyirəm, sizin dedikləriniz milyonun ürəyincədir. Ancaq bunu aparmaq üçün hər kəsdə cəsarət olmadığına görə, Günev qardaş dediyi kimi, anasının yasında bir molla qoyur. Ancaq kadr olarsa, mollaya-filana gərək qalmaz.
Soylu Atalı: Təşəkkür edirəm. Bilirsiniz məsələ nədədir? Əlbəttə, bu dünyabaxışın xalqın içinə gəlişi birdən-birə baş tutan məsələ deyil. Bu baxımdan uzun illər paralellik olacaq. Ocaqdan öncəki çox olacaq, Ocaq az olacaq. Zaman-zaman Ocaqdan öncəki az olacaq, Ocaq çox olacaq. Sonra Ocaqdan öncəki olmayacaq, Ocaq olacaq. Yəni bu proses belə gedir, belə getməlidir. Biz istəsək də, istəməsək də. Heç bir məsələni süni şəkildə sürətləndirmək mümkün deyil. Bu inqilab deyil, oturuşa-oturuşa getməlidir. Ona görə hesab eləyirəm, sizin dediyiniz kimi, vaxt gələcək xalqın içində onu yerinə yetirən insanlar da olacaq. Hökm deyil ki, ona molla statusu verilsin. Sıradan bir adam o sözü deyə bilir, o işi yerinə yetirə bilər. Vicdanlı, xalqını sevən qabağa durur, deyir mən bu işi aparıram. Yəni bu elə olmalıdır. Onun statusu qoy olsun İnamçı.
Vaqif Ucatay: Mən də xanıma başsağlığı deyirəm. Mən deyəcəyim fikri mahiyyətcə Soylu bəy son çıxışında dedi. Xoşbəxt insan da var, bədbəxt insan da. Xoşbəxt ölüm də var, bədbəxt ölüm də. Xanımın ölümü əslində xoşbəxt ölümdür. Çünkü bu məclisdə ərəbcə bir kəlmə də yoxdur. Özgəlik yoxdur. Baxmayaraq ki, sizin məclislərdə ola bilmirəm işimlə əlaqədar. Bütün varlığımla əminəm ki, bu başlanğıc ayaq alıb yeriyəcək. Hər bir Azərbaycan övladının ürəyində bir etiraz var. Çünkü molla orda başa düşmədiyimiz şeyləri deyir. İnsan yeməyə, yatmağa vərdiş elədiyi kimi, mollanı da daim orda görüb öyrəşib. O yavaş-yavaş gedəcək. Çünkü 1400 ildir gəlib girib iliklərimizə. O, hal-hal, pillə-pillə çıxacaq. Ancaq inqilab eləsək, heç nə olmayacaq. Bu gün dinin meydan suladığı bir zamanda biz bura toplanmışıqsa, bu artıq böyük hadisədir. Addımbaşı məscidlər tikilir, İslam konfransları keçirilir. Ancaq birdən-birə gör nə baş verir? Asif Ata Ocağı baş verir. Sağ olsunlar Ocaqçılar ki, bu alovu sönməyə qoymurlar. Hər bir vulkan, hər bir böyük yanğınlar qığılcımdan törəyir. İslam da, xristianlıq da, bolşeviklər də, elə hər şey belə başlayıb. Ona görə də bu böyük bir olaydır. Sevindirici bir haldır ki, bu var. Bir vaxtlar Asif Ata adı gələndə hamı qorxurdu. Artıq yavaş-yavaş qəbul eləyirlər. Dərk olunur ki, insanlara doğma dildə danışılır, onların dərdindən danışılır. Ərəbdən niyə danışmalısan? Mənə nə dəxli var Hüseynin, Həsənin, Məkkənin, Mədinənin?! Bu gükü doğmalıq heç vaxt öz dəyərini itirməyəcək. Getdikcə böyüyəcək. Sizin hamınızı alqışlayıram. Ocaqdan böyük bir olay tanımıram. Azərbaycan xalqının bəxtinə doğulmuş günəşdir. Bu, hər xalqa qismət olmur. Biz xoşbəxt insanlarıq. Mən Asif Atanı görənə qədər çox bədbinləşmişdim ki, Azərbaycan məhv olub gedəcək. Onu tanıyandan sonra gördüm Azərbaycan hələ indi başlayır. Nə yaxşı ki, belə insanlar var. Gəliblər, Ocağı sönməyə qoymurlar. Biz ölümüzü də şərəflə yola salmışıq. Qalanlara uzun ömür, can sağlığı, ondan da vacib ləyaqət, kimliyimizi itirməmək arzulayıram.

Mübariz Məmmədsoy: Məndən öncə bəylər ciddi məsələlərə toxundular. Ancaq bir əlavə etmək istəyirəm. Bu yaxınlarda akademik Vasif Məmmədəliyevin yerli mətbuatda müsahibəsi getdi. Bilirsiniz ki, Vasif Məmmədəliyev həm də "Quran”ın tərcüməçisidir. Orda o, elementar sualların qarşısında aciz qaldı. Məşğul olduğu, ömrünü həsr elədiyi din ona iki-üç suala cavab dəstəyi verə bilmədi. İkinci məsələ, bizim toplum, təəssüf ki, müəyyən şeylərə şifahi yanaşır. Ona elmi-praktik təpki göstərə bilmir. Rayonlarda hüzürlərdə iştirak eləyirəm, görürəm ki, son zamanlar bu cür məclislərdə mollaların özləri də daha danışmaq istəmirlər. Standart bir prosedurla məclisləri yola verirlər. Digər bir məsələ də var. 2 il bundan qabaq hökümət hüzür məclislərindəki artıq şeyləri yığışdırmaq üçün müvafiq tədbirlərə başladı. Cəmiyyət, xüsusən da kasıb təbəqə bunu müsbət qarşıladı. Çünkü onlar həm sosial cəhətdən doyublar, həm mənəvi cəhətdən. Ancaq bildiyimiz kimi, ölkədə arxasında böyük qüvvələr olan kahin zümrə var. Bu kahin qrupları dövlətə ciddi təpki göstərərək formalaşdırdıqları "yas biznesi"ni qorumağı bacardılar. Və beləcə dövlət yas məclisləri ilə bağlı siyasətini yeridə bilmədi. Bu o demək deyil ki, dövlət içindəki kahin zümrədən çəkindi, məlumdur ki, bu məsələdə ölkəmizdəki "kahin zümrəsi"-nə xarici dəstəyin də rolu az olmadı...
İlk dəfədir ki, belə tədbirdə oluram. Sizə başsağlığı verirəm.
Ulusəs Atalı: Bura gələnlərə təşəkkür eləyirəm. Ocaq mənim bacıma təkcə sözlə yox, əməllə yiyəlik eləyir. Bu mənim yükümü azaldır. Özüm içində olmaqla Ocağa minnətdarlıq bildirirəm. Bu gün də biz getdik qəbir üstə. Orda Soylu qeyd elədi, ilk Ocaq yaxınıdır ki, sinədaşının üzərində ilsırası Ocaq günsırası ilə yazıldı.
Nurtəkin Atalı: Ocaq quralının keçirilməsi haqda demək istəyirəm. Ocaqçılıq dövrümdə mənə yaxın adamlara iki dəfə Ocaq qaydasıyla törən keçirmişik – bir anama, bir də həyat yoldaşımın xalasına. Yoldaşımın xalasına tam Ocaq törəni oldu. Ancaq anamda paralel oldu. Hamımızın bildiyi bir qaydayla keçirildi.
Mən doğmamı itirmişdim. Ancaq o məclisdə mən dərdin içində daha da uçuruma düşürdüm. Asif Atanın "Bayatı işığı” adında bir əsəri var. Hərdən oxuyuram o əsəri. Ata orda xalqın ağlamağını yazıb. Deyir ki, ağlamaq ağlanmaqdır. Ağlaya-ağlaya ağlanıblar. Bayatıda xalq kədərini, həsrətini ifadə eləyir və elə bil ki, təpərlənir. Ata orda bir bayatını açır. Deyir ki:
Aşiq sənəm səsinə,
Səs ver sənəm səsinə,
Heç bir səs bənzəməyir
Öz kimsənəm səsinə.
Anlayırsan ki, doğrudan da itirdiyin səsi, üzü bir daha görməyəcəksən. Yəni xalq ağlamağı bilir. Ancaq gələnəksəl məclislərdə, yenə deyirəm, 40 gündə məni öz kədərimlə üz-üzə qalmağa qoymadılar. Ancaq Ocaq və Ocaq dostları anama anım törəni keçirdilər, anamı tanıyanlar ürək sözlərini dedilər. Yəni ona bir insan kimi qiymət verdilər, dəyərləndirdilər. O mənim ürəyimə elə bir təpər oldu, kədərimi elə aydınlaşdırdı ki, mən zəlilləşmədim. Tərsinə, güc tapdım. Ocaq quralının keçirilməsini şəxsən mən ömrümdə canlı olaraq yaşadım və nə qədər arı, duru, milli idi.
Biz ailə quranda Beşikbaşı törəni keçirildi. Ora gələn dostlar Babəkdən də danışdılar, Qarabağdan da danışdılar. Beşikbaşı mərasimindən sonra bir nəfər mənə deyir ki, deyəsən sən Qarabağlısan, orda Qarabağdan çox danışıldı. Dedim Qarabağ təkcə Qarabağlının dərdi deyil. Biz xoş günümüzdə də, pis günümüzdə də o dərdləri dilə gətirməliyik.
Elmira xanımı Ulusəsə görə tanımışıq. Ömrünün axırına qədər görüşəndə Ocaq quralı ilə görüşürdü. Sağollaşanda "Atamız Var olsun” deyirdi. Uluyurd tədbirlərinin keçirilməsinə öz qapısını açmışdı. Ulusəsin də ona bir bacı kimi qayğısı, zəhməti çox oldu.
Bir insandan, sonralar xatirə qalırsa, demək o nədəsə yaşayır. Ulusəsə başsağlığı deyirəm. Ulusunda yaşasın, sən də kədərində əyilməyəsən.

Soylu Atalı: Sonda dedin, kədərinizdə əyilməyin. Bayaq dediyim məsələdir. Yasda insanı həşirə salırlar. Kədərini yaşaya bilmir. Ancaq doğrudan da kədəri elə urvatlandıra bilərsən ki, kədər sənin ürəyinin işığına çevrilə bilər, səni məhv eləməz. Bunu hər kəs yaxşı bilir ki, ölüm deyə qaçılmaz bir fakt var. Ona gec və ya tez alışırıq. Yavaş-yavaş bu ölümün sarsıntılarından, sıxıntılarından çıxırıq. Ona görə kədəri ləyaqətlə yaşamaq gərəkdir. Onu həşirə salmaq, rol kimi oynamaq yaraşmır. İnsanlarımız çox vaxt buna aludə olurlar. Ona görə kədər adiləşir. Kədəri həşirə salmaq olmaz.
Sözünüz yoxdursa, istəyirəm qurallarımızı yerinə yetirək. Bizim qaydamıza görə yas yerinə toplanmaq belədir: Yas yerində qurallar yerinə yetirilir, sonra kədərdən gücalma yönündə söhbətlər aparılır. İndi isə bu quralları ifadə eləyəcəyik. Burada öncə Asif Atanın dünyabaxışında başlıca rol oynayan Mütləqlə bağlı (Allah anlamına bağlı) Atanın yanaşmasını oxuyacağıq. Hər kəsin Allah anlamına fərqli yanaşması olub. Misirlilər bir cür, çinlilər başqa cür, ərəblər bir ayrı cür. Anlam bəllidir. Asif Atanın o anlama özünün yanaşması var. Bu da Asif Atanın timsalında türk baxışıdır.
MÜTLƏQ
Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə, İd¬rak¬da, Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində, Bəşərin Özündən Böyük Mənasında, Ürəyin Ürəyə Qovuşmaq Arzusunda, İdeala qarşısıalınmaz Meyildə, Dostluqda, Həyada, İsmətdə, Dünənlə Bugünün Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin Əfsunlu Cazibə-darlığında Əbədi, Sonsuz Mütləq yaşayır.
Mənim Allahım Odur!
Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan Yüksək və Kamil olan Mütləq!
Zəkada Dahilik, Mənəviyyatda Qəhrəmanlıq, Sifətdə Ruhani Gözəlliyin İfadəsi, Hissiyyatda Sevgi, ictimai həyatda – Azadlıq!
Mövcudiyyatda – Mütləqə qovuşmaq diləyi, Tarixdə – Xalqın Ölməzliyi, Təbiətdə – Dağların Vüqarı, Səmanın Sehrli Ənginliyi, Cəmiyyətdə – Torpağın Vətən səviyyəsinə qalxması!
Bunlar Mütləqin təzahürləridir!
Mənim Allahım Mütləqdir!
İnsan Özündənkeçmə, Fədakarlıq Yüksəkliyinə qalxır, Adiliyindən, Keçiciliyindən, Qorxu Duyğusundan xilas olursa, Özündəki Mütləqə yaxınlaşır!
Xalq sonsuz Mətanət, Əzab-Əziyyət bahasına öz bənzərsizliyini, Bəşəri Ləyaqətini saxlayırsa, – Özündəki Mütləqə yaxınlaşır!
Ana Övladına Məhəbbətdə Dahilik göstərirsə – Özündəki Mütləqə yaxınlaşır!
Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma Ruhani Qovuşmaya çevrilirsə – İnsan Özündəki Mütləqə yaxınlaşır!
Günəş Yerə, Torpağa, Canlılara, Bitkilərə öz Şəfqətini Səxavətlə paylayırsa – özündəki Mütləqə yaxınlaşır!
Sifətdə İnsanın Dünyaya sığmayan Mahiyyəti öz İfadəsini tapırsa, – Sifətdə Mütləq İşığı parıldayır!
Musiqinin Vəcdli, Sehrli, Sirli səsi – Mütləqin səsidir…
Şəxsiyyətin özünü yenidən yaratmaq əzmi – Mütləqin təzahürüdür.
Peyğəmbərlərin Sözlərində, Qəhrəmanların Əməllərində Mütləq yaşayır!
Zülmə qarşı hiddətdə, eybəcərliyə qarşı Nifrətdə, Mərhəmətdə, Qüdsiyyətdə Mütləq yaşayır!
Gecə Sükutunda, Səhər Oyanmasında, Şimşək Nərəsində, Yağışda, Qarda Mütləq yaşayır!
Ruhun bədən üzərində, İnsaniliyin Heyvanilik üzərində, Müdrikliyin Naşılıq üzərində qələbəsində Mütləq yaşayır!
Amalın Ömrə Hakim olmasında Mütləq yaşayır!
Mənim Allahım Mütləqdir!
Mən Ona Səcdə qılıram. Onunla yaşayıram. Onun tələblərinə əməl edirəm.
Mütləq Dünyada təzahür edir, Dünyanın daxilindədir. Ancaq Dünya təkcə Mütləqdən ibarət deyil.
O, həm də şərdən, naqislikdən, çirkinlikdən, adilikdən, bəsitlikdən ibarətdir.
Dünya heç vaxt tam Mütləq olmur.
Mütləq Həmişə Gerçəklikdən Yüksəkdir!
Ancaq Gerçəklikdə həmişə Mütləqə can atmağa, ona yaxınlaşmağa, onunla bir olmağa meyil var.
Dünya heç vaxt tam Mütləq olmur, ancaq Dünya həm də heç vaxt Mütləqsiz olmur.
Mütləq həmişə Dünyada özünü büruzə verir, həm də Dünya ona yaxınlaşmağa can atır.
Mənim Allahım Mütləqdir!
Mütləq İnam, Mütləq Gözəllik, Mütləq Həqiqət, Mütləq Tərəqqi, Mütləq Ədalət, Mütləq Fədakarlıq!
Mütləq məni Qanadlandırır, Qəhrəmanlaşdırır, Dahiləşdirir, Peyğəmbərləşdirir.
Özümlə Döyüşürəm, öz üzərimdə Qələbə çalıram, Gerçəkliklə razılaşmıram, Eybəcərliklə barışmıram, daim Mütləqə doğru irəliləyirəm.
Həm Əlçatmazdır Mütləq, həm də Yaxın!
Əlçatmazdır, çünki Gerçəklikdən Kamildir, Yüksəkdir.
Yaxındır, çünki özünü Gerçəklikdə büruzə verir, əməllərdə, hadisələrdə, keyfiyyətlərdə aşkara çıxır.
Həm Sonsuzdur Mütləq, həm də Sonlu!
Sonsuzdur, çünki Mahiyyətini Gerçəklikdə heç vaxt tam ifadə etmir.
Sonludur, çünki Gözəl və Mənalı hadisələrdə təzahür edir!
Həm Görünəndir Mütləq, həm də Görünməz!
Görünəndir – ayrı-ayrı İnsanlarda, Gözəlliklərdə, Məziyyətlərdə, Təzahürlərdə!
Görünməzdir, çünki özü öz təzahürlərindən Artıqdır, Alidir, Böyükdür.
Bu səbəbdən də mən Mütləqi həm görürəm, həm də görmürəm!
Görürəm Ülviyyətlə, Qüdsiyyətlə görüşəndə, ona qovuşanda, onda itəndə!
Görmürəm, çünki Mütləq bu gördüklərimdən daha Kamil, daha Mənalı, daha Möhtəşəmdir!
Görünən Mütləq məni görünməyən Mütləqlə Ruhani qovuşmağa hazırlayır, birincidə ikincinin nişanələrini görürəm.
Peyğəmbərlərdə, Müdriklərdə, Özündən Keçənlərdə, Təbiətdə mən Mütləqin təzahürləriylə görüşürəm, onlarla bir oluram, Qüdrətim hədsiz dərəcədə artır; ancaq mən dərk edirəm ki, bunlar Günəşin Şüalarıdır, Günəş isə Şüaların cəmindən Artıqdır.
Mütləq Dünyanı yaratmayıb.
Ancaq Dünyanın Ülvi Mənasını, Sığmazlığını, özündən kənara çıxmaq, İdeala qovuşmaq Qüdrətini yaradıb.
Mütləqə Səcdə qılıram, üzümü Ona tuturam və deyirəm:
– Ey yerə-göyə sığmayan, tayı-bərabəri olmayan, Dünyada nə varsa, hamısına Ali Məna, Gözəllik, Ülvilik verən
– Mütləq! Mənə kömək et!
Yanında cılızam, kiçiyəm, naqisəm, nöqsanlıyam, günahlıyam, qəbahətliyəm!
Qolumdan qaldır, böyüt, artır, yüksəlt, təmizlə!
Müqəddəslik suyunda çimizdir, zəifliyimdən, keçiciliyimdən, naqisliyimdən uzaqlaşım!
Necə varamsa, azam, cılızam, səndən uzağam.
Yaxınlaşdır məni özünə.
Həmişə mənimlə ol.
Qəmimdə də, sevincimdə də, balacalığımda da, yetkinliyimdə də, cavanlığımda da, qocalığımda da, ölüm saatımda da, ümid məqamımda da – məni tək qoyma!
Ömrüm boyu sənə xidmət edəcəyəm!
Dünyada, İnsanda, Dünəndə, Bugündə Gözəl, Mənalı, Müqəddəs nə varsa, hamısını yığacam qəlbimə, onlardan daha Kamil bir Ruhani Surət yaradacam Mənəviyyatımda və ona səcdə qılacam.
Sən mənim Atamsan!
Doğmam, Ülvim, Müqəddəsim – Mütləqimsən!
İndi insanın ölümə münasibəti ilə bağlı yazılmış "Ölümlə görüş”ü Nurtəkin oxuyur.
Ölümlə Görüş
– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlərimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpiləcəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!
Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdurursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.
Mənə ölüm Yoxdur!

Soylu Atalı: "Ölümlə Görüş”ün mənası odur ki, insan mütləq yox olmur. Nə gedib o dünyada kefə düşmür, nə də mütləq yox olub heçə çevrilmir. İnsan xalqda, soyunda fiziki biçiminin əlamətləriylə, nişanələriylə qalır və yaşayır. Bütövlük parçalanır itir, bu qaçılmazdır, bizdən asılı deyil. Ancaq nişanələr itmir. Ruhu isə, ümumiyyətlə, ölmür. Əgər özünün Ruhunu yəni, İnamını, İdrakını, Mənəviyyatını, İradəsini yaradıbsa, o, xalqda, soyda, balalarında, gələcəkdə yaşayır. Nəsiminin adı çəkiləndə heç kim fikirləşməz ki, Nəsimi ölüb. Adama elə gəlir ki, Nəsimi hardasa hətta canlı yaşayır. Nəsimi bizim varlığımıza girib. Eləcə də bəşəriyyətin ayrı-ayrı dühaları.
"Aqibət”i Üstün oxusun.
Aqibət
İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Səmimi dost öldü.
Biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim arayacaq, arayacaqdı.
Soylu Atalı: Törənimizin sonuna gəlib çıxdıq. Ölənimizi öz milli kimliyimizə, ləyaqətimizə uyğun şəkildə andıq. Buna görə hər birinizə təşəkkür eləyirəm. Var olun. Ulusəsə, Nəsibə xanıma başsağlığı verirəm. O cümlədən Ocağımıza, xalqımıza. İndi isə ölənimizin adına ayağa durub "Matəm üstə Mütləqlə Təması” dinləyək, sonra Bayrağımızı götürək.
"Matəm üstə Mütləqlə Təmas”
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
Ocaq bayrağı götürülür. Çay süfrəsi ətraında kədərdən gücalma yönündə söhbətlər davam edir.
Köçəri Ayı, 37-ci il. Atakənd
(Fevral,2016. Bakı).
Qlobal.az



