Asan referendum keçirməyin nədənləri
Avqust 04
10:00
2016
Soylu ATALI
Eldə məsəl var – "quş dimdiyindən tora düşər"
deyirlər. Yəqin bunun nə demək olduğunu hər kəs başa düşür. Yəni quş ovlananda
heç də heç kim onun dimdiyinə qarmaq salmır. Dənə – yemə aldanan quş tora düşər
anlamı daşıyır bu məsəl. Yem mövcudluğu zəruri edən başlıca faktor olsa da, yalnız
mövcudluğunu düşünüb başqa şey düşünməyəni yem ölümə yem edə bilir. Azərbaycanın
bugünkü siyasal mənzərəsi yem qurbanlarının macəralarından oluşubdur. Ayrı-ayrı
çağlarda özünün mübarizə yoluna, eləcə də bir-birinə xəyanət edib
"dimdiyindən tora düşənlər" (hakimiyyətin yeminə, yemləməyinə
satılanlar) indi toplumu antireferendum kompaniyasına qoşulmağa çağırırlar.
Toplum isə onları nə görür, nə də eşidir. Hakimiyyət də çox rahat antimilli qərarlar
verir. Sosial şəbəkələrdə emosional yazanları, virtual narazılıq edənləri
çıxsaq, heç bir ciddi dirəniş görməyən hakimiyyət sadəcə tabeliyindəki
qurumlara nə etmək gərəkdiyini göstəriş verir. Deyək ki, Konstitusiya məhkəməsinə
göstəriş verir ki, referendumun mümkünlüyünü əsaslandır və qəbul elə. Bir azdan
da dövlətin bütün müəssisələrində çalışan işçiləri səsverməyə göndərəcəklər.
Heç kim də, iş yerini itirmək qorxusu üzündən, getməkdən boyun qaçıra bilməyəcək.
Beləliklə, bir tayfa dövlətin başında öz hakimiyyətinin ömrünü uzadıb sürdürəcəkdir.
Hər şey çox asan başa gəlir, çox sadə həyata keçirilir. Nədən, – çünki siyasi
müxalifət yoxdur – aldananlar, aldadanlar və satılmışlar yığını var. Mən bu
sözü təhqir üçün demirəm, durumdan acıyan, ağrıyan bir millət övladı olaraq
inciyib deyirəm.
Bəlkə də başlanğıcda hakimiyyəti ələ keçirən bu
tayfa bunca uzun ömürlü olacağını düşünməmişdi. Ancaq zaman-zaman siyasi
müxalifəti içəridən dağıdıb elə bir ələbaxan duruma gətirdi ki, özü öz işinə
heyran qaldı. Bu çağacan müxalifətdə bir balaca birlik, təpər olsaydı, bu
hakimiyyət dövlətin başında qalmağa tab gətirməzdi.
İqtidar bir çoxlarının mənliyinə pul qoydu. Onlar
da asanlıqla mənliklərindən əl çəkdilər. Bununla qarşısında hansısa içsəl bir
gücün olmadığını görən İqtidar düşündü ki, niyə də hakimiyyətini əlindən
versin, niyə də imkan varkən özü davam etməsin. Ona əngəl olan yalnız bir güc
vardı – qanun. Onu da dəyişdirib susdurmağa nə var ki?!
Dışarıdan da təpki göstərən yoxdur. Kimin nəyinə gərəkdir.
Bir halda ki, dışarıdakının istəkləri təmin olunur, niyə rahatsız olsun ki?!
...Ancaq durum təkcə siyasal ortamda ziddiyyətli
deyil, toplumsal (ictimai) ortamda da ziddiyyətlidir. Təbii ki, bunlar bir-birinə
bağlı məsələlərdir. Elm, mədəniyyət, ədəbiyyat adamları da ortamın dalınca
yüyürürlər. Opportunizmin başlıca özəllikləri də zatən bu deməkdir. Ortam nəyə,
hara çağırırsa, oraya gedirlər. Gerçəkliyə uyğun hərəkət eləmək gərəkdir deyirlər.
Ötən illərin tarixini də unudurlar. Anlamırlar ki, elmdə, ədəbiyyatda ciddi iz
qoymuş adamlar gerçəkliyə uyğunlaşmağı deyil, gerçəkliyi dəyişməyi düşünüblər.
Ona görə mübarizə aparıblar. İndikilər kimi gerçəkliyin xoşuna gəlmək üçün "hər
şey” olmayıblar. Mənəvi, idraki güclərini gerçəkliyi, öz əyrisində, sarsıtmağa
yönəldiblər. İndikilər isə sığınmaq üçün kölgə axtarırlar. Nəyimə gərək
"anlamsız" uzun mübarizə deyirlər.
Unutmaq olmaz ki, gerçəkliyə uyğunlaşanlar idealsız
qalırlar.
Özlərini türkçü sayanların da əlləri yalındır. Köhnə
ideyalardan yapışırlar, ölünü diriltmək istəyirlər. Yenilikdən qaçırlar, vaxt
itirirlər, ortama uyğun türkçülük istəyirlər – heç nə alınmır, alınmayacaq. Nə
dinçi türkçülük, nə Batıçı türkçülük qurtuluş deyil, ola da bilməz. Dinçiliyi inkar
edənlər isə deyirlər gərək ateizm olsun. Türk kimi inamçı, insançı bir etnos
ateizmlə hara gedə bilər ki?!
Asif Ata deyir: "Azərbaycan millətçilik yolu
keçmədi. SSRİ dağılandan sonra rusçuluqdan Batıçılığa yüyürdü".
Biz isə deyirik, Azərbaycan toplumunun bəlli bir kəsimi
də Batıçılıqdan dinçiliyə qayıtdı, yenə də millətçiliyə üz tutulmadı. Biz hesab
edirik, Azərbaycan böyük anlamda bağımsızlığına, özgürlüyünə qovuşmaq üçün Millətçiliyə
üz tutmalıdır. Bu millətçilik Mütləqə İnam təlimindən bəhrələnən bir mübarizə xəttinə
çevrilməlidir. Bunsuz Millətçilik ideyası gücə çevrilə bilməyəcək.
Asif Ata yazır: "Millətçilik – Vətəni, Milləti
mütləq saymaqdır". Düşünürük ki, bu ləyaqətə yetməyən toplum bağımsızlığa,
özgürlüyə qovuşmaz. Vətənçi, Millətçi olmadan, böyük bağımsızlıq, özgürlük
qazanmaq mümkünsüzdür.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
04
Qürub Ayı, 38-ci il. Atakənd.(avqust, 2016. Bakı).
Qlobal.az



