Aqiyə Naxçıvanlı direktordan 400 min manat rüşvət alıb? - Müəmmalı susqunluq
Mart 12
18:58
2022
Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının sabiq direktoru Natiq Məmmədov 10 il həbs cəzası alıb. Üç ayrı cinayət törətməkdə ittiham olunan Natiq Məmmədov bu əməlləri 2012-2014-cü illərdə edib. Maraqlıdır ki, N.Məmmədov 2020-ci ildə həbs olunub.
Qlobal.az Musavat.com-a istinadla xəbər verir ki, onun cinayət işində bir çox maraqlı məqamlar üzə çıxıb.
Natiq Məmmədov 2012-ci ildə Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı həmin filialın sabiq direktoru İsa Veysovdan 400 min manat məbləğində pul alıb.
Bundan başqa, Natiq Məmmədov 2014-cü ilin may ayında saxta sənədlərlə "Finca Azərbaycan”dan 15 min 600 manat kredit götürüb.
Bir nəfərdən isə FHN-ə işə düzəltmək adı ilə 5000 manat alıb. Sonra bu məbləği qaytarıb.
Araşdırmalar zamanı məlum olub ki, Natiq Məmmədov İsa Veysovdan 650 min manat istəyib. Deyib ki, həmin məbləğin 400 mini Müəllimlər İnstitutunun keçmiş rektoru, indiki deputat Aqiyə Naxçıvanlıya verilib.
Görüş zamanı N.Məmmədov İsa Veysova deyib ki, sifarişlə onu məhv etmək üçün göndərilib. Əgər dediklərini etsə, canını qurtara biləcək. İsa Veysov daha əvvəl yoxlama olduğunu, nöqsan aşkar edilmədiyini desə də N.Məmmədov onu inandırıb ki, əvvəlki yoxlamaların nəticəsi heç nəyi dəyişmir.
İsa Veysovdan telefonunu söndürməsini istəyən Natiq Məmmədov kağıza 650 min rəqəmini yazaraq ona uzadıb. İsa Veysov sifarişin yuxarıdan gəldiyinə inanaraq onunla razılaşıb. 400 mini verəndən sonra Natiq Məmmədov audit yoxlamalarının nəticələrini açıqlamayıb. Amma 250 mini də tələb etməkdə davam edib. İsa Veysova deyib ki, 400 mini Aqiyə Naxçıvanlıya verib, amma özünə heç nə çatmayıb.
İsa Veysov 2013-cü ildə Natiq Məmmədovun əməllərindən şikayət edib. Bundan sonra İsa Veysovun özünə də cinayət işi açılıb. Filialdakı qanunsuzluqlar üzə çıxarılıb. Yoxlamalar davam edən ərəfədə İsa Veysovun səhhəti ağırlaşıb, insult keçirib.