“Anti-Amerika layihəsi uşaqlıqda oynadığım evcik-evcik oyununu yadıma saldı”
Dekabr 25
13:13
2015
Məlum olduğu kimi, Milli Məclisə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi təqdim olunub.
Qanun layihəsinin müəllifi parlamentin "Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir.
Layihədə Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakının dayandırılması, ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunması, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılması əksini tapıb.
Layihədə XİN-ə ABŞ hökumətində təmsil olunan şəxslər və onların ailə üzvlərinə, Konqresdə Azərbaycanın diskreditasiyası istiqamətində ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə üzvlərinə, erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq edən vəzifəli şəxslər, siyasətçilərə, həmçinin Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan KİV rəhbərləri, QHT təmsilçiləri və ekspertlərə viza verilməsindən imtina olunması tövsiyə edilib.
Maraqlıdır, rəsmi Bakının anti-Amerika layihəsi Azərbaycana nə vəd edir? Bu layihənin Azərbaycan üçün ciddi fəsadları ola bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev anti-Amerika layihəsinin uşaqlığındakı evcik-evcik oyununu yada saldığını bildirdi:
"Bu, elə bir gülünc məsələdir ki, bunu şərh etməyə ehtiyac yoxdur. Bizim torpaqlarımız işğal altındadır. Biz uşaq olanda Bərgüşad çayında çimirdik və sonra qumun üstündə evlər, şəhərlər "tikir”, evcid-evcik oynayırdıq. Azərbaycan parlamentində bu qanun layihəsi irəli sürüləndə çayın qırağında evcik-evcik oynamağım yadıma düşdü.
Məsələ o qədər qeyri-ciddidir ki, bunun şərhə gələn bir tərəfi yoxdur. Bunu şərh etmək, buna izah vermək mümkün deyil. Bu, ağılsız bir addımdır. Bunun başqa bir adı yoxdur”.



