Anar: “Ortaq türk dilinin yaranması mümkün deyil”
Fevral 29
17:50
2016
"Ortaq türk dili, ümumi türk dilinin yaranması mümkün deyil. Bunun əvəzində ortaq ünsiyyət dili olmalıdır. Türkiyə türkcəsi də bunun üçün çox uyğundur.
Çünki türk dilləri arasında Türkiyə türkcəsi ən zəngin, ən münasib dildir”. APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
AYB sədri qeyd edib ki, Azərbaycan dilində işlədilən müəyyən sözlərə qarşı konseptual yanaşma mövcud olmalıdır: "Bütün dünya "Bolşoy teatr” deyir, biz "Böyük teatr” deyirik. Dünya "Sputnik” deyir, biz "Peyk”. Niyə? Onda "La Skala” adını da tərcümə edək. Bu adlara konseptual yanaşma olmalıdır. Komissiyanın adı, "Terminologiya” sözü ruscadır. O zaman gəlin Komissiyanın adını Azərbaycan dilinə uyğun "Terminoloji” Komissiya qoyaq”.
Qlobal.az