SON XƏBƏR

Anar Kərimovun nazirlikdəki “Kurtlar vadisi”

Avqust 02
10:04 2022
Anar Kərimov iki ildən artıqdır ki, Azərbaycan mədəniyyətinə rəhbərlik edir. O, bu müddətin təxminən 6 ayını nazir vəzifələrini icra edən şəxs kimi (20 iyul 2020 — 5 yanvar 2021), yerdə qalan ilyarımını isə nazir kimi bu postu tutur. İndiyədək ölüm ayağında olan bir-iki Xalq artistinin evinə cəmiyyətin israrlı çağırışından sonra getməsini nəzərə almasaq, Kərimovu kabinetindən kənarda görən olmayıb desək, yalan danışmış olmarıq. Milli Yaylaq Festivalındakı biabırçılıqlar və digər mövzulara keçməzdən öncə 45 yaşlı enerjili, diplomat nazirimizin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi barədə cəmi bir neçə fakta nəzər salaq. Bu il Azərbaycanda ilk kino təşkilatını yaradan Lətif Səfərovun anadan olmasının 120 ili tamam olur. Aranızda belə bir tədbirin keçirilməsi, yaxud keçiriləcəyi barədə məlumatı olan varmı? Təbii ki, xeyr!

İyunun 22-də isə 1967–1977-ci illərdə "Azərbaycantelefilm”in baş rejissoru olmuş Rüfət Şabanovun anadan olmasının 100 ili tamam oldu. Yenə də eyni mənzərə…Rasim Ocaqov, Əlihüseyn Hüseynov, Xalq rəssamı Rafiq Nəsirov kimi sənətkarların (75illik yubiley) heç biri yada düşmədi. Amma əvəzində Milli Yaylaq Festivalında ayaqyolunu 1 manat etmək yaddan çıxmadı. Niyəsini az sonra biləcəksiniz…

Sözün doğrusu, bu mənada naziri də başa düşmək lazımdır. Mümkündür ki, cənab Kərimovun başı özünün yenicə təyin etdiyi kadrı, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmasına qarışıbmış. Birdən Rəcəbov ağzından nazirin ziyanına söz qaçırar… Təyinata bax, a kişi. Səni dekabrda nazir rəis təyin etsin, cəmi 6 ay sonra korrupsiyaya bulaşasan və hətta həbs ediləsən. Maraqlıdır, Kərimov Rəcəbovu rəis təyin edərkən, ona hansı təlimatları veribmiş?

Cəmi bir neçə gün sonra – iyulun 4-də isə mediada Mədəniyyət Nazirliyi tərəfindən Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən son bir il ərzində hüquq mühafizə orqanlarına 11 müraciətin göndərilməsi barədə məlumatlar yayılır.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayır. Məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb. Bunlardan Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanılıb:

"Bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.

Törədilmiş qanuna zidd əməllər nəticəsində dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib, zərərin qalan hissəsinin ödənilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilməkdədir.

Araşdırma zamanı Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş materiallarda 4 müəssisə ilə bağlı cinayət işinin başlanması üçün kifayət qədər əsaslar müəyyən edilməyib, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 5 təqdimat göndərilib, 2 nəfər şəxsə münasibətdə qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror tərəfindən xəbərdarlıq elan edilib”.

Hələ mən onu demirəm ki, nazirin Ağdaş regional mədəniyyət idarəsinə rəis təyin etdiyi Səxavət Məmmədov 40 yaşından sonra Mədəniyyət və İncəsənət universitetinin qiyabi rejissorluğunu bitirib. Onu da hansı yollarla, bilənlər bilir. Və Səxavət Məmmədovun adı hələ Əbülfəs Qarayevin dövründən dəfələrlə mediada qalmaqallı mövzularda hallanıb.

Və Anar Kərimovun qələminin mürəkkəbini ilk islatdığı günlərdə verdiyi qərarlardan biri məhz Səxavət Məmmədovun Ağdaş regional mədəniyyət idarəsinə rəis təyin etməsi olmuşdu. Görünür, Səxavət Məmmədov barəsində mediada tirajlanan neqativ xəbərlər Anar Kərimovun diqqətini xüsusilə çəkib.

Yeri gəlmişkən Mingəçevir Dövlət Dram Teatrına hazırda rəhbərlik edən Anar Quliyev Səxavət Məmmədovun kadrı hesab edilir. Amma insafən A.Quliyev teatr sahəsində yetərincə təcrübəli şəxsdir, teatra yaxın adamdır, Gürcüstanda hansısa 69-cu dərəcəli ali məktəbin məzunudur və sair. Hətta deyərdim ki, teatrın altını da bilir, üstünü də. Ona görə ki, direktor olmazdan öncə o, teatrın zirzəmisində uzun illər "kserokopiya” aparatı işlədib. "Kserokopiya” aparatı işlətmək sizə zarafat gəlməsin, hər oğulun bacaracağı iş deyil. Amma paralel olaraq da, Quliyevin adı teatrın hansısa ştatında gedirmiş. Yeri gəlmişkən, bu təyinat da Anar Kərimovun nazir olduğu dönəmə təsadüf edir.
İndi qayıdaq yenidən Milli Yaylaq Festivalına…

Təxminən üç gündür ki, ölkə mediası mədəniyyət naziri Anar Kərimovdan danışır, yazır, müzakirə edir. Daha doğrusu Anar Kərimovun rəhbərlik etdiyi nazirliyin təşkilatçısı olduğu Milli Yaylaq festivalından. Ayrıntılar hər kəsə bəlli olduğundan detallara varmaq istəmirəm.

Sizə üç gündür bütün ölkənin müzakirə etdiyi şəxsin – Anar Kərimovun birinci müavini Elnur Əliyev vasitəsilə özünə haqq qazandırmasını təqdim edirəm, özünüz qiymət verin. Sitat:

Tədbirdə 120 min insan iştirak edib. Bu qədər insan üçün infrasturktur yaratmaq çox çətindir və buna görə də bunları nəzərə almaq lazımdır. Tədbir olduqca geniş kompleksli şəkildə həyata keçirilib. Nəzərə almaq lazımdır ki, bu tədbir çox geniş kompleksli bir tədbir idi. Proqramdakı dəyişikliklər isə həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə oldu. Amma istənilən halda, tədbir Azərbaycanda çox nadir tədbirlərdən biri idi ki, bu qədər genişmiqyaslı şəkildə həyata keçirilib.

Yeri gəlmişkən, 120 min insanı 1 manatdan hesablayanda günə 120 min manat pul edir. Nəzərə alsaq ki, hər insan gündə ən azı bir dəfə təbii ehtiyaclarını ödəyir və bunu bir neçə günə vuranda, ortalıqda necə deyərlər, babat rəqəm formalaşır. Babat rəqəm isə babat pul deməkdir. Təbii ki, "silinən” pulları hələ nəzərə almırıq.

Bu arada Milli Məclisin deputatları da Milli Yaylaq Festivalından narazı qalanların siyahısındadır.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili Fazil Mustafanın dediklərindən:
"Milli Məclisin Mədəniyyət Komitəsi Yaylaq Festivalına dəvət olunmayıb. Təşkilatçılar Mədəniyyət Komitəsinin mövqeyini, fikrini nəzərə almayıblar. Bu onu göstərir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət Komitəsilə əlaqəsi, münasibəti yox səviyyəsindədir”.

Millət vəkil bildirib ki, MM-in Mədəniyyət Komitəsi təcrübə baxımından belə mötəbər tədbirin keçirilməsinə töhfə verə bilərdi:

"Üzücüdür ki, Yaylaq Festivalının təşkilatçılığında problemlər ortaya çıxıb. Vəsait xərclənməyinə baxmayaraq, elementar məsələlər düzgün həll edilməyib. Regionun yağışlı olmasını nəzərə alaraq, hər bir situasiyaya hazır olmaq lazım idi. Bu kimi məsələlərdə sadəcə koordinasiya, iş birliyi çox önəmlidir. Açığı, Yaylaq Festivalı, onun mahiyyəti, əhəmiyyəti, təbliği və başqa məsələlərdə Mədəniyyət Komitəsi kənarda qalıb. Jurnalistlərin festivaldan narazılığı barədə isə mediadan oxumuşam. Buna görə çox üzülürəm. Çünki hamı çalışır ki, media nümayəndələri tədbiri yaxşı işıqlandırsınlar. Burada isə təşkilatçılar sanki əksinə ediblər, çalışıblar ki, media bunu əhəmiyyətsiz bir şeyə çevirsin və buna da nail olublar. Bu qədər vəsait xərclənən tədbir elementar addımların atılmaması səbəbindən ciddi narazılıqlara səbəb olub. Bu baxımdan hesab edirəm ki, gələcəkdə belə tədbirlər zamanı iş koordinasiyalı şəkildə görülməlidir”.

F. Mustafa qeyd edib ki, həm Gəncə Şəhər İcra Hakimiyyəti, həm Mədəniyyət Nazirliyi üzərinə düşən öhdəliyi lazımı səviyyədə yerinə yetirməyib:

"Bu problemlər mütəxəssislərin azlığını göstərir. Son vaxtlar ayrı-ayrı nazirliklərdə müxtəlif sahələrə təyin olunan kadrların təcrübəsi demək olar ki, yox səviyyədədir. İxtisasları da konkret həmin sahəyə uyğun deyil. Ona görə də belə nəticələr ortaya çıxır. Elementar mədəniyyət tədbirlərini təşkil edən insanlar var. Onlar qısa müddətə və az məsrəflə çox yüksək səviyyədə bunu təşkil edə bilərdilər”.

Deputatın sözlərinə görə, elə MM-in Mədəniyyət Komitəsinin bu tədbirə dəvət olunmaması da çox şeyi deyir:

"Ona görə də biz bu məsələlərə kənar müşahidəçi kimi baxırıq. Onların minnəti olsun ki, biz orada iştirak edib, öz töhfəmizi verək. Bütövlükdə təcrübəsizlik hər şeydə özünü göstərir. Bu cür tədbirlərdə şəffaflıq yoxdursa, ayrılan vəsaitin xərclənməsi ilə bağlı atılan addımlar hər hansı bir şəkildə göstərilmirsə, neqativ problemlər qaçılmazdır”.

Yekun olaraq, mədəniyyət nazirinin iki illik fəaliyyəti barədə nə demək olar? Görünən budur ki, A.Kərimov hələ ki, Əbülfəs Qarayevin ölənlərinə rəhmət oxutdurmaqla məşğuldur. Çevrəsində yaratdığı korrupsioner, 40 yaşında rejissor olan, "kserokopiya” aparatı işlədənlərdən ibarət "Kurtlar vadisi” komandası isə mədəniyyət üçün çox təhlükəlidir. Ən azından zaman bu yerə qədər belə göstərib.

Mənbə: Manset.az
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook