AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın 80 yaşı tamam olur
Avqust 05
00:01
2016
Avqustun 8-də Azərbaycanın tanınmış tarixçi alimi, Əməkdar elm xadimi, "Şöhrət” ordenli, Tarix İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədovanın 80 yaşı tamam olur.
Qlobal.az Elmlər Akademiyasına istinadən xəbər verir ki, Fəridə Məmmədova 1936-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuşdur. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsində təhsil almışdır. 1971-ci ildə fəlsəfə doktoru, 1987-ci ildə elmlər doktoru adını almış, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.
F. Məmmədova Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan Albaniyasında feodalizmin genezisi problemini tədqiq etmişdir. Albaniyada feodalizm quruluşunun yaşanmasını elmi cəhətdən əsaslandıraraq, burada I-VII əsrlərdə ibtidai icma quruluşunun mövcudluğu barədə tarixşünaslıqda hakim olan mövqenin yanlış olduğunu sübut etmişdir.
Alim Albaniyanın e.ə. IV – b.e.-nın VII əsrlərində sərhədlərini ilk dəfə müəyyən edərək, 6 xəritə tərtib etmiş, onun bütün dövlət atributları ilə varlığını müəyyən edərək bu dövlətin daxili və xarici siyasətini açıqlamışdır. O, xristianlığın Albaniyada yayılması, eləcə də alban kilsəsinin yaranma tarixini araşdırmış, onun Qafqazda ən qədim həvari və avtokefal kilsə olmasını sübut etmiş, ilk dəfə alban hüququnun ən qədim abidəsini tədqiq etmişdir. Qarabağla bağlı erməni "elmi təcavüzü”nü ifşa və ermənilərin tarixi coğrafiyasını tədqiq edərək, erməni dövlətinin müxtəlif dövrlərdə Kiçik Asiyada və müxtəlif ərazilərdə yaradıldığını sübut etmişdir.
F. Məmmədovanın Azərbaycan Albaniya tarixinə dair nəşr olunmuş əsərləri, o cümlədən, "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” (Azərbaycan və rus dillərində) monoqrafiyası həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir.
Alimin elmi tədqiqatlarının nəticələri respublikada və xaricdə nəşr olunan 113-dən çox elmi əsərdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır.
F. Məmmədovanın xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, "Şöhrət” ordeni ilə təltif olunmuş, Əməkdar elm xadimi fəxri adına, Azərbaycan Respublikasının "Dövlət mükafatı”na layiq görülmüşdür.
Tanınmış elm mücahidini 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı, tarix elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.
Qlobal.az