Alp dağlarında Azərbaycan musiqisi səsləndirilib
Avqust 09
23:51
2016
Avstriyanın ən füsunkar təbiətə malik Karintiya əyalətində növbəti dəfə klassik Azərbaycan musiqisindən ibarət konsert axşamı keçirilib. Tədbir Avstriyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Hayliqenblut qəsəbəsi bələdiyyəsi və bu qəsəbədə yerləşən "Rupertihaus” otelinin birgə əməkdaşlığı şəraitində baş tutub.
Hayliqenblut bələdiyyəsinin zalında keçirilən tədbirdə yerli bələdiyyənin və icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Konsertdən öncə "Hotel Rupertihaus”in sahibi, iş adamı Fərid Haqverdiyev bildirib ki, artıq ikinci dəfə baş tutan bu mədəniyyət tədbirinin məqsədi Azərbaycan musiqisi və mədəniyyətini Avstriya ictimaiyyətinə yaxından tanıtmaqdır. O, Azərbaycanın və Avstriyanın qədim musiqi tarixinə və ənənələrinə malik olduğunu qeyd edərək iki ölkə arasındakı oxşar cəhətlərə də toxunub. Bildirib ki, Avstriya klassik musiqinin beşiyi olduğu kimi, Azərbaycan da Şərq musiqi mədəniyyətinin ən zəngin formalarını özündə ehtiva edir. Hər iki ölkənin dünyaya tanıdılmasında onun musiqisi xüsusi rol oynayır. Gələcəkdə də Azərbaycan və Avstriya mədəni əlaqələrinin dərinləşməsi üçün artıq ənənə halını almış birgə layihələr davam etdiriləcək.
Sonra beynəlxalq müsabiqələrin laureatı olan gənc Azərbaycan musiqiçiləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Konsertdə bəstəkarlar Yohann Sebastian Bax, Qara Qarayev, Cüzeppe Verdi, Aleksandr Skryabin, Asəf Zeynallı, Coakkino Rossini, Fərhad Bədəlbəyli, Frederik Şopen, Volfqanq Amadeus Motsartın əsərləri səsləndirilib.
Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadənin tarda milli musiqimizlə yanaşı, klassik musiqi əsərlərini, xüsusilə V. A. Motsartın "Türk marşı” sonatası və macar milli rəqsi "Çardaş”ı məharətlə ifa etməsi tamaşaçıların böyük marağına səbəb olub. Solistlər Osman Eyyublu (skripka), Elçin Hüseynov (vokal) və Tofiq Şıxıyevin (fortepiano) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin zirvə nöqtəsini Müslim Maqomayevin "Azərbaycan” mahnısı təşkil edib.
Sürəkli alqışlarla keçən konsertdən sonra tamaşaçılar yaxın gələcəkdə bu cür mədəni tədbirlərin tez-tez keçirilməsi arzusunu ifadə ediblər. (Azərtac)
Qlobal.az