SON XƏBƏR

Alman nazir Putini mühakimə etmək üçün tribunal yaratmağa çağırdı

Yanvar 17
09:58 2023
Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya rəhbərliyinin hərəkətlərini araşdırmaq və onu Ukraynaya müdaxilə ilə bağlı məsuliyyətə cəlb edə biləcək xüsusi tribunal yaradılmasını təklif edib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Haaqa Beynəlxalq Hüquq Akademiyasında danışıb. 

"Bu, Ukrayna Cinayət Məcəlləsinə əsaslanan, beynəlxalq komponentlərlə tamamlanan məhkəmə ola bilər”, deyə Berbok bildirib.

Onun fikrincə, tribunal "qərəzsizliyi və legitimliyi təmin etmək” üçün tərəfdaşların maliyyə dəstəyi ilə Ukraynadan kənarda yerləşdirilməli və müxtəlif ölkələrin prokurorları və hakimlərindən ibarət olmalıdır.

Berbok xüsusi qurumu ideal həll yolu kimi görmür, lakin beynəlxalq hüquqda "təcavüz cinayəti” ilə bağlı boşluq olduğu üçün başqa variant da görmür. Moskva onun yurisdiksiyasını tanımadığından, Rusiya rəhbərliyini Beynəlxalq Cinayət Məhkəməsi (BCM) çərçivəsində məsuliyyətə cəlb etmək mümkün deyil.

BCM-nin əsas sənədi 1998-ci ilin Roma statusudur. Ukrayna və Rusiya onu 2000-ci ildə imzalasalar da, ratifikasiya etməyiblər. Hələ 2016-cı ilin noyabrında Rusiya prezidenti Vladimir Putin Rusiyanın BCM-də iştirakına icazə verilməməsi barədə göstəriş verib.

Beləliklə, Putinin Ukraynaya təcavüzünə görə məsuliyyətə cəlb edilməsi mexanizmi yoxdur. Eyni zamanda, Berbok xatırladıb ki, Rusiya qüvvələri Buça, Mariupol, Xarkov və Ukraynanın digər şəhərlərində çox sayda hərbi cinayətlər törədiblər və bütün bunların araşdırılması lazımdır.

"Rusiya rəhbərliyinin bundan immuniteti olmamalıdır. Ədalət olmasa, davamlı sülh də olmaz”, deyə Almaniya diplomatiyasının rəhbəri vurğulayıb.

Bu baxımdan, Berbok gələcəkdə "təcavüz soyqırım, insanlığa qarşı cinayətlər və ya müharibə cinayətləri ilə eyni şəkildə mühakimə oluna bilməsi" üçün Roma statutunda islahatların aparılmasının tərəfdarı olduğunu söyləyib. Eyni zamanda, yalnız təsirə məruz qalan ölkənin yurisdiksiyasına düşmək BCM-nin işə baxması üçün kifayət etməlidir.

Almaniya xarici işlər naziri izah edib ki, xüsusi tribunal hüquqi normalardakı boşluqlara görə fəaliyyət göstərə bilmədiyi hallarda Beynəlxalq Cinayət Məhkəməsinə əlavə olmalıdır.

Bundan əvvəl Niderland BMT-nin himayəsi altında belə bir struktur yaratmağa hazır olduğunu bəyan edib. Həmçinin, ideyanı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də dəstəkləyib. Onun sözlərinə görə, bu, "təcavüz cinayəti” kimi müəyyən edilən Rusiya işğalını cəzasız qoymamağa imkan verəcək. Buna cavab olaraq Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya belə bir tribunalı legitim hesab etməyəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook