SON XƏBƏR

“Allahu Əkbər” deyib oğlanlara təcavüz edən“mömin”lər – VİDEO 18+

Dekabr 18
15:48 2016
Əfqanıstan deyəndə onillərdən bəri vətəndaş savaşında qovrulan, son illərdə radikal islamçılarla hökumət qüvvələri arasında döyüşlərin səngimədiyi ölkə gəlir göz qabağına. Amma əfqanların günldəlik yaşamlarında partlayışlar, teraktlar, yoxsulluq, kasıblıqla yanaşı, "baça bazi” adlı bir məqam da var.
 
… "Həyatıma nifrət edirəm, ölmək istəyirəm. Amma qaça da bilmirəm, ölə də bilmirəm. Qorxuram. Bilirəm ki, qaçsam, tutacaqlar və dəhşətli işgəncələrdən
sonra öldürəcəklər. İntihardan da qorxuram. Çünki intihar edənlərin yeri cəhənnəmdir. Bu həyatımdakı cəhhənəmdən sonra axirətdə də cəhənnəm alovlarında yanmaqdan qorxuram”.

15 yaşlı Hafiz Səluhiddin belə deyirdi. O, Əfqanıstanın Herat vilayətindəki məşhur "mücahid komandir”lərindən birinin "oğlanlar hərəmin”dəki zavallılardan idi.
Hafizin "əri”, həm də "ağası” çətənə plantasiyalarına da malikdir, həşiş, tiryək və nəşə alveri ilə məşğul olur. Milyonlarla dollarlıq sərvəti var, yüzlərlə mücahiddən ibarət dəstəsi mövcuddur.
 
"Sahibim "Allahu əkbər!” deyib kiçik oğlanları yatağına salmaqdan, onları zorlamaqdan həzz alır. Mömin müsəlman olduğunu deyir, amma iyrənc, qəddar, cəllad adamdır. Yalvarıram, aparın məni buradan! Qorxuram ki, axırda intihar edəm!” – Hafiz ağlayaraq danışırdı.
 
Milli.Az New York Times-a istinadən bildirir ki, Hafiz bu barədə UNİCEF-in Əfqanıstandakı nümayəndəliyinin əməkdaşlarına danışandan iki gün sonra qətlə yetirilib.
 
Polisdən verilən məlumata görə, Hafiz cinayət törədib, tutulub və qaçmaq istəyəndə polis tərəfindən güllələnib. Hafizi güllələyən polis zabiti tutulub 16 il həbs cəzası alsa da, az sonra buraxılıb. Deyilənlərə görə, bu zabiti Hafizin "ağa”sı azad etdirib və zabit də həmin "ağa”nın sifarişini yerinə yetirib.

15 yaşlı Hafiz Əfqanıstandakı minlərlə "baça bazi”dən, yəni "rəqs edən oğlan”lardan biridir.
 
Əfqanıstandakı pullular, xüsusilə də mücahid komandirləri arasında "kimin ən gözəl baça bazisi var?” tipli rəqabət var. "Hərəm”ində daha çox yaraşıqlı, 11-15 yaşlı oğlanlar olan "komandir” daha hörmətli, imkanlı, qüdrətli sayılır.
 
Çox yaraşıqlı sayılmayan "baça bazi”lərdən isə yalnız cinsi əlaqələr üçün istifadə olunur.
 
11-17 yaşında oğlanlara qadın paltarları geyindirir, onların üzlərini ənlik-kirşanla bəzəyir, sonra da yalnız kişilərdən ibarət "tamaşaçılar” qarşısında rəqs etməyə, əzilib-büzülməyə vadar edirlər.
 
"Tamaşa”nın sonunda hamıdan çox pul verən kişi "baça bazi” ilə gecə keçirmək hüququna yiyələnir.
 
Əfqanıstanda bu rəzalət o səviyyəyə çatıb ki, "baça bazi”lər olmadan bir bayram keçirilmir.
 
"Baça bazi”lik üçün bir qayda olaraq yoxsul, ailə başçısını itirmiş ailələrin uşaqları, yetimlər və ya dilənçi azyaşlılar seçilir. Əfqanıstanda çoxuşaqlı ailələrin sayı həddən ziyadə, yaşayış səviyyəsi isə çox aşağı olduğundan "baça bazi”lik üçün "şikar” axtarışları çətin deyil.

Daha sonra həmin oğlan "müəllim”in evinə aparılır. "Müəllim” uşağı yatağa salır, zorlayır və bundan sonra rəqs etməyi, musiqi alətlərində ifanı öyrədir.
 
"Baça bazi”nin çıxışlar üçün hazır olduğuna qərar veriləndə isə oğlan bayramlara, toylara aparılır və kişi müştərilərə "xidmət” etməyə başlayır.
 
Çıxışlar və kişilərlə keçirilən gecələr üçün alınan pulların əksəriyyəti "müəllim”ə çatır. Çox kiçik məbləği alan "baça bazi” bu pulları ya yoxsul ailəsinə yollayır, ya da özü üçün xərcləyir.
 
Ən yaraşıqlı "baça bazi”ləri isə varlı əfqanlar alır. Əfqanıstanda nüfuzlu mücahid komandirləri və əyalətlərdəki pullar arasında "baça bazi”lərdən ibarət "hərəm saxlamaq” status məsələsi sayılır.

Əfqanıstan qanunları "baça bazi”liyi yasaqlasa da, bütün qadağalar yalnız kağız üzərindədir.
 
Maraqlıdır ki, "Taliban” Əfqanıstana nəzarət edəndə "baça bazi”lik yasaqlanmışdı və oğlan uşaqlarını rəqsə vadar edən, sonra da azyaşlıları zorlayanlar kimliklərindən asılı olmayaraq edam olunurdular. Amma "Taliban” devriləndən sonra azyaşlıların əxlaqsızlığa vadar olunması kimi bəlalı praktika Əfqanıstanda yenidən geniş yayılıb.
 
BMT ekspertlərinin dediklərinə görə, Əfqanıstanın cənub vilayətlərindəki kişilərin ən azı 50 faizi, heç olmasa, bir dəfə "baça bazi” ilə yatağa girdiklərini etiraf ediblər.
 
Biabırçılıq o həddədir ki, əfqan kişiləri arasında zərb-məsəl yayılıb: "Arvad uşaqlar üçün, baça bazilər isə əyləncə və həzz üçündür”.
Bu iyrənc praktikanın Əfqanıstan üçün çox mənfi sosial fəsadları var.

Belə ki, "baça bazi”lərin tam əksəriyyəti seksual zorakılıq qurbanları, məhv edilmiş psixikalı yeniyetmələr və gənclərdir.
 
Şəvə saqqallı, əllərindən təsbeh yerə düşməyən şorgöz və uşaqbaz pulluların qurbanı olan bu zavallılar yetkinlik yaşına çatandan sonra, təbii ki, çiliklənmiş uşaqlıqlarının qisasını almağa çalışacaqlar və beləcə, uşaqbazların yeni nəslinə çevriləcəklər. Situasiyanı ağırlaşdıran digər məqam isə "baça bazi”yə qurşanmağın Əfqanıstanda yüksək sosial status göstəricisi olması, belə iyrənc "əyləncə”ni daha da populyar etməsidir.

Bundan başqa, Əfqanıstanda kişilərin bir çoxunun "baça bazi”yə aludə olması qadınların durumunu ağırlaşdırıb. Əfqan qadınlarına yalnız "uşaq doğan adam” kimi baxan, onları, sadəcə, reproduktiv funksiya daşıyıcısı sayan kişilərin sayı artır. Heteroseksual münasibətlərin əvəzinə uşaqbazlığın, pedofiliyanın olması cəmiyyətin məhvinin əvvəli sayıla bilər.
 
"Baça bazi”liyin geniş yayılması Əfqanıstan hakimiyyətinin NATO və ABŞ ilə münasibətlərinə də çox pis təsir edir. Belə ki, amerikalı və avropalı hərbçilərlə siyasətçilər "Uşaqbazlığın bu qədər geniş yayıldığı ölkəyə dəstək verməyə dəyərmi?” ritorikasına cavab axtarmağa başlayıblar.
 
Məsələn, San Francisco Chronicle-in məşhur yazarı, publisist Coel Brinkli yazır: "Dünyanın bütün ölkələri ilə müqayisədə Əfqanıstanda sayı hədsiz çox olan on minlərlə "qürurlu”, "mömin” uşaqbazı müdafiə etmək üçün ABŞ və NATO əsgərlərinin döyüşmələrinə dəyərmi?”

Maraqlı sualdır, əgər nəzərə alsaq ki, Əfqanıstanın viranə qalmasında başlıca səbəb dünyanın böyük dövlətlərinin bu ölkədə təsir və idarəetmə rıçaqları uğrunda mübarizəsidir.
 
Sözsüz ki, "baça bazi” murdar, iyrənc və dağıdıcı bir olaydır. Amma bu rəzalətlə mübarizə apararkən Əfqanıstanın digər problemlərini qulaqardına vurmaq mümkün deyil.
 
Cəmiyyətdə qadınların çox aşağı statusu, yoxsulluq və işsizliyin geniş yayılması şəratində "baça bazi”liklə effektiv mübarizədən danışmaq mənasızdır.
Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasının tərkibindəki ABŞ hərbi kontingentində xidmət etmiş kapral Ceffri Bakli deyir: "Orada olanda gecələrdən birində balaca oğlanın qışqırıq səslərini eşitdim. Gözətçi qülləsinə çıxanda gördüm ki, səs yaxınlıqdakı evlərdən birindən gəlir. Orada balaca oğlanı zorlayırdılar. Zabit mənə yaxınlaşdı və dedi: "Başqa tərəfə bax! Bu, yerli adətlərdən biridir”.  
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook