Allahşükür Paşazadə Vatikana gedir - Roma Papası ilə görüşəcək
Yanvar 11
13:51
2022
Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşəcək.
QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların təmsil olunduğu nümayəndə heyətinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete daxildir.
Azərbaycanın dini konfessiya rəhbərlərinin Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilən səfəri Müqəddəs Taxt-Tacla Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişlənməsi fonunda dinlərarası dialoq və əməkdaşlıq müstəvisində yeni imkan və perspektivlər açır. Vatikan tərəfinin əməkdaşlıqda maraqlı olduğunu Roma Papası Fransisk 2016-cı ildə Bakıya həvari səfəri zamanı Azərbaycandakı dini konfessiya rəhbərləri ilə görüşündə ifadə etmiş, qarşılıqlı səfərlərin önəmini vurğulanıb.
Yanvarın 17-dək davam edəcək səfər Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlərin dini-mənəvi müstəvidə, dinlərarası dialoq və əməkdaşlıq platformasında daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək.



