SON XƏBƏR

Alimlər yuxu problemi olanlar üçün təklif irəli sürüblər

İyul 18
07:25 2024
Qısa müddət ərzində yüngül idmanla məşğul olmaq yuxunu 30 dəqiqəyə qədər uzada bilər. Axşam saatlarında idmanla məşğul olmaq gecə daha yaxşı yatmağa kömək edir, həmçinin yaşlı insanlarda diabet və ürək xəstəliyi riskini azaldır.

AZƏRTAC "The İndependent” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı tədqiqatlar uzun müddət oturmağın və yuxusuzluğun ürək xəstəliyi, diabet və ölüm riskini artırdığını müəyyən edib. Ancaq yatmazdan əvvəl uzun müddət ağır şəkildə idman etmək tövsiyə olunmur, çünki bu, bədən istiliyini və nəbzini artıraraq yuxu keyfiyyətini azalda bilər.

"BMJ Open Sport & Exercise Medicine” elmi jurnalında dərc edilən yeni araşdırma, axşam saatlarında qısamüddətli yüngül məşqlərin yuxunu 30 dəqiqəyə qədər uzada biləcəyini müəyyənləşdirib. Tədqiqatda təxminən 30 iştirakçı fasilələrlə 4 saatlıq iki uzun oturma seansını tamamlayıb. Oturma seansları hər yarım saatda üç dəqiqəlik hərəkət fasiləsi ilə kəsilib. Hərəkət fasilələri üç məşqdən ibarət olub: ayaqları yuxarı qaldırmaq, ayaq üstə dizləri çəkmək və ayaqları düz irəli uzatmaq.

Araşdırmanın müəlliflərindən Meredit Peddi bunu belə izah edib: "Bu sadə bədən çəkisi məşqləri ona görə seçilib ki, onlar avadanlıq və böyük yer tələb etmir”.

Tədqiqatın aparıcı müəllifi Cennifer Qeyl bildirib: "Biz müşahidə etdik ki, iştirakçılar məşq fasilələrini tamamladıqdan sonra 30 dəqiqə daha çox yatıblar. Bilirik ki, bir çoxumuz üçün ən uzun fasiləsiz oturma müddəti axşam evdə ikən olur. Əvvəlki araşdırmalarımızda yeməkdən sonra hər 30 dəqiqədən bir ayağa qalxmağın və bir neçə dəqiqə idman etməyin müsbət keyfiyyətlərini aşkarladıq. Ancaq bir çox yuxu qaydası yatmazdan əvvəl bir neçə saat ərzində uzun və gərgin məşqi tövsiyə etmir. Buna görə də, axşam saatlarında çox qısa, yüngül hərəkətlər edilsə nə olacağını görmək istədik. Bundan başqa, evin ətrafında gəzməklə də oxşar effekt əldə etmək mümkündür. Hətta zalda rəqs etmək də faydalı ola bilər. Ən vacib şey, müntəzəm olaraq stuldan qalxmaq və bədəni hərəkət etdirməkdir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook