SON XƏBƏR

"Aliment fondu" yaradılacaqmı? (AÇIQLAMA)

Yanvar 21
12:35 2025
Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda "Aliment Fondu”nun yaradılmasına ehtiyac olduğunu bildirib. 

Deputat aliment tələbinə dair məhkəmə qərarlarının əksəriyyətinin yerinə yetirilmədiyini açıqlayıb:
 
"Problemin aradan qaldırılması üçün "Aliment Fondu” yaradılmalıdır və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir. Aliment ödəməyənlərin həbsi ilə problemi çözmək mümkün deyil. Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır”. 

Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu, hamını narahat edən bir problemdir:

"Alimenti ödəyə bilməyənlərin məsuliyyətə cəlb olunması, həbsi qanunsuzdur. Mən bu barədə dəfələrlə bildirmişəm. Ödəyə bilmirsə neyləməlidir? Hansı məsuliyyət? Təəssüf ki, buna görə bəzi hallarda kişiləri qanunsuz həbs edirlər. Bu sosial-iqtisadi vəziyyətlə bağlıdır. Mən razıyam ki, bəzi hallarda kişilərin imkanı var, bilə-bilə alimenti ödəmirlər”.

Əkrəm Həsənov hesab edir ki, bunu günahkarı müvafiq strukturlardır:

"Qeyri-şəffaf idarəetmə və iqtisadi sistem var. İnsanların qeyri-rəsmi gəlirləri var və buna bilərəkdən göz yumulur. Bəzi kişilərin doğrudan da aliment verməyə imkanı yoxdur. Aldığı pul ancaq özünə çatır. Bu səbəbdən alimenti dövlət öz üzərinə götürməlidir”. 

Əkrəm Həsənovun sözlərinə görə, "Aliment fondu” ilə bağlı məsələni hələ bir neçə il bundan əvvəl Ombudsman qaldırmışdı:

"Amma məsələ davamlı olmadığından problem həllini tapmadı. Mən onun tərafdarıyam. Belə bir fond yaradılmalıdır. Uşaqlar gözləyə bilməz, onlara pul indi lazımdır. Onlar illərlə gözləyə bilməz, tutaq ki, onların ataları həbs olundu, sonra? Buna görə də hesab edirəm ki, fond yaradılmalıdır. Dövlət onlara yardım etməlidir. Eyni zamanda dövlət bilərəkdən alimenti ödəməyən şəxsləri məsuliyyətə cəlb etməkdə maraqlı olmalıdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook