SON XƏBƏR

Alğı-satqı, yoxsa alqı-satqı?

Sentyabr 06
16:07 2016
Şəmşad Ağa

Bir neçə gün öncə gənc jurnalistlərdən birinin - Türkan Bəşirin yazısını redaktə edərkən "alğı-satqı" sözünü "alqı-satqı" kimi korrektə etdim. O isə bu sözün orfoqrafiya lüğətində "alğı-satqı" kimi yazıldığını əsas gətirdi.
Doğrudan da, sovet dövründəki "Orfoqrafiya lüğət"lərindən 2013-cü ilə qədər olan bütün nəşrlərdə bu sözün "alğı-satqı" kimi yazıldığı diqqət çəkir. Yalnız son nəşrdə "alqı-satqı" yazılıb.

Yeni orfoqrafik qaydalarla bağlı "Hədəf” kurslarının təhsil-tədris işləri üzrə direktoru Elxan Nəcəfovun da bir neçə il öncə dərc olunmuş maraqlı bir yazısı var və orada bir çox mübahisəli məqamlara toxunulub.

Bildiyimiz kimi, "Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Dövlət Dil Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanaraq 2004 və 2013-cü illərdə çap olunub. 2004-cü ildə nəşr olunan lüğətə 80 mindən artıq, 2013-cü ildə yenidən və belə desək, təkmilləşdirilmiş nəşrə isə 110 563 söz daxil edilib və bir çox sözün yazılışı mübahisə predimetidir.

Əksər dilçilər kimi Elxan müəllimin də fikrincə, bu söz "alğı-satqı" kimi yazılmalıdır. Dilin nəzəri qaydaları baxımdan yanaşsaq, haqlıdır. Hətta orta məktəb dərsliklərində və TQDK-nın vəsaitlərində, orfoqrafiya qaydalarında bu söz "alğı-satqı" şəklində yazılıb.

Maraqlı və mübahisəli sualdır: bu sözü necə yazmalıyıq?

- Quruluşuna görə düzəltmə sözdür, feldən ("al") isim (alğı") düzəlib.

Yəni feldən isim düzəldən və 4 cür yazılan -qı4(ğı4) şəkilçiləri cingiltili samitlərdən sonra -gi, -ğı, -gü, -ğu, kar samitlərdən sonra isə -ki, -qı, -kü, -qu şəklində işlədilir. Bu, Azərbaycan dilinin qrammatikasının tələbidir. Sözün kökündə (al) "l" cingiltili samit olduğu üçün "ğı" kar samitlə yazılmalı, "sat" feli kar "t" samiti ilə bitdiyi üçün şəkilçi "qı" olmalıdır, yəni "alğı-satqı..."

Deməli, nəzəriyyəyə əsaslansaq, sözün "alqı-satqı" kimi yazılması qrammatik normanın pozulmasıdır. Bu həm də fonetik normanın pozulması hesab oluna bilər.

Bu sözün "alqı-satqı" kimi yazılması nəzəriyyəyə istinad edənlərin ortaya yeni arqumentlər qoymasına da əsas verir. Məsələn, dilimizdə "yarğı", "çalğı", "pusqu" kimi sözlər qrammatikanın bəhs etdiyimiz tələbinə uyğundur. "Yar-ğı" və "çal-ğı" sözlərində hər iki söz cingiltili samitlə "r", "l" bitdiyi üçün əlavə olunan şəkilçi kar samitlə ("ğ"), "pus-qu" sözü isə kar samitlə ("s") bitdiyi üçün əlavə olunan şəkilçi cingiltili samitlə - "q" başlayır.

Amma mən bu sözün "alqı-satqı" kimi yazılmasının tərəfdarıyam və 2013-cü ildə nəşr olunan lüğətdəki qaydanı doğru hesab edirəm. Burada bir neçə məqama diqqət yetirmək lazımdır:

- Birincisi, bu söz "alqı-satqı" şəklində daha ümumişləkdir. Eyni zamanda "alğı" şəkildə tələffüzü və yazılışı dildə ağırlıq yaradır. Nəzərə alsaq ki, fonetik norma həm də sözlərin asan tələffüzünə və yazılışına əsaslanır, onda bu versiya daha doğrudur. Yəni "çalğı" sözü "çalqı", "yarğı" - "yarqı", "pusqu" - "pusğu" kimi necə ağırlıq yaradırsa, "alqı" da "alğı" kimi eyni ağırlığı yaradır. 
- İkincisi, yuxarıda qeyd etdiyimiz sözlərin heç biri mürəkkəb söz kimi işlədilmir. Ona görə də "alqı-satqı" sözündə ikinci tərəfin - "satqı" - tələbilə bu sözün "alqı" kimi yazılışı da normaldır. 
- Üçüncüsü, dildəki istisnaları bu sözə də aid etməklə, sözün "alqı-satqı" kimi yazılışını doğru hesab etmək və son nəşrdəki yazılışa haqq qazandırmaq olar.

İstisnaları təsadüfən, misal çəkmədim. Məsələn, dərəcə əlaməti qrammatikada ancaq sifətə aiddir, amma "Büsbütün" sözü əvəzlikdir və bu söz qrammatik norma pozulsa da, dildə geniş istifadə olunur...

Bir sözlə, mən bu məsələdə nəzəriyyənin yanında deyiləm. 

O ki qaldı orfoqrafiya lüğətində hələ də mövcud olan problemlərə, təbii ki, Azərbaycan dilində ciddi islahatlara ehtiyac var və bu islahatlar Konstitusiyaya dəyişikliklərdən daha vacibdir...

Deyəsən, uzun oldu. Mövzuya maraq göstərənlərin də fikirlərinə hər zaman ehtiyac var...
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook