Ali Məhkəmə Əli Əliyevin kassasiya şikayətini təmin etməyib
İyun 22
13:25
2022
Ali Məhkəmə xüsusi ittiham qaydasında həbs edilən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin kassasiya şikayətini təmin etməyib.
Bu barədə "Report"a onun vəkili Cavad Cavadov deyib.
O bildirib ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosersdə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdiirlmədən saxlanılıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.
Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər.
E.Cəfərovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyev barəsində 5 ay həbs cəzası verilib.
Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.