Aleksandra Tixomirovanı Bakıya gəlir
Noyabr 20
13:30
2015
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tanınmış Rusiyalı quruluşçu baletmeyster və müəllim Aleksandra Tixomirovanı Bakıya dəvət etmişdir.
A.Tixomirova Teatrın balet truppasının artistləri ilə ustad dərsləri keçirəcəkdir.
A.Tixomirova N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası Xoreoqrafiya fakültəsinin məzunudur. O, Mariinski adına Dövlət Opera və Balet Teatrı balet truppasının solisti olmuş, daha sonra Sankt-Peterburq Dövlət Konservatoriyası və Sankt-Peterburqun L.Yakobson adına Dövlət Opera və Balet Teatrında məşqçi müəllim kimi çalışmışdır.
Hazırda isə Tixomirova Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimi və Belorus Respublikası Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteridir.
1997-2012-ci illər ərzində istedadlı xoreoqraf Rusiya, Estoniya, Finlyandiya və Belarusun müxtəlif opera, dramatik və musiqili teatrlarında 60-dan artıq tamaşaya quruluş vermişdir.
Bu sırada "Esmeralda” (Estoniya milli operası və Belorus Böyük Teatrında), "Şopeniana” və "Yatmış gözəl” (Samara Opera və Balet Teatrı), "Silfida” və "Jizel” (Belorus Böyük Teatrı), "Messa” (L.Bernstayn) Latviya operasında, "Qraf Monte Kristo”, "Şerlok Xolms” (Raymond Paulsla birgə) və s. baletlərin adını çəkmək olar.
Bakıya noyabrın 28-dən dekabrın 5-nə kimi baş tutacaq səfəri çərçivəsində A.Tixomirova balet truppasının aparıcı solistləri ilə birlikdə çalışacaq, onların bu və ya digər klassik balet tamaşasında aparıcı partiyaları yüksək professional səviyyədə ifa etməsi üzərində iş aparacaqdır.