SON XƏBƏR

Akif Çovdarov 200 min dollar pulu geri qaytardı - Məhkəmə zalından (VİDEO)

Mart 02
09:59 2017
Ötən gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
İclasın əvvəli ötən dəfədən yarımçıq qalmış zərərçəkmişlər Cahangir Alışovun və Nəsib Əliyevin iddiası əsasında epizodla bağlı şahidlərin ifadələrinə həsr olundu.
 
Xatırladaq ki, zərərçəkmişlər Cahangir Alışov və Nəsib Əliyev Akif Çovdarova qarşı iddia irəli sürərək, onlardan 19 mənzilin təqdim olunmuş adamların adına keçirilməsini, 500 min dollar ödənilməsinin tələb edilməsini, sonradan isə həmin məbləğin ayrı-ayrı binalarda yerləşən 6 mənzillə əvəzləndiyini bildiriblər.
 
Qeyd etmək lazımdır ki, zərərçəkmiş Nəsib Əliyev Yeni Günəşlidə tikdiyi binadakı eyni mənzilləri bir neçə adama satdığı üçün dələduzluqda günahkar bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib və cəzasının 5 ilini çəkib. Bu səbəbdən o, məhkəməyə Bakı şəhəri 9 saylı cəzaçəkmə müəssisəsindən konvoyla gətirilir.
 
Mənzilləri ikinci dəfə satmaq kimin ağlına gəlib?
 
Şahid Rauf Sultanov ifadəsini ötən iclasda versə də, zərərçəkmiş Nəsib Əliyevlə çarpaz dindirilməsi keçən dəfə baş tutmamışdı. Vəkillər zərərçəkmişlə şahidə eyni anda sual vermək imkanını bu gün əldə etdilər.
 
Lakin bu, çox şeyi dəyişmədi. Zərərçəkimiş Nəsib Əliyev yenə əvvəki kimi, baş verənlərin çoxundan xəbərsiz olduğunu dedi. Hətta şahid Rauf Sultanovu da onun obyektinin alqı-satqısı zamanı görmədiyini bildirdi.
 
"Necə yəni görməmişəm? O obyekt mənim idi, məni orda necə görməyə bilərdin?” – Rauf Sultanov bunları deyərək çaşqınlığını bildirsə də, tezliklə məlum oldu ki, Dərnəgül yolundakı obyektin satışına 1 həftə qalmış onun sahibi rəsmən dəyişdirilib.
 
Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, daha sonra şahid və Nəsib Əliyev cavab verdilər ki, MTN-də şahidə nəyə görə məhz sözügedən mənzillərin verildiyindən bixəbərdirlər. Zərərçəkmiş N.Əliyev buna görə bütün məsuliyyətin zərərçəkmiş Cahangir Alışovun üzərinə düşdüyünü qeyd etdi.
Cahangir Alışov isə mənzillər MTN-də rəsmiləşdirilərkən qəsdən məzuniyyətə çıxdığını, işləri Nəsib Əliyevə təhvil verdiyini və MTN-də bu sənədlərə imza atmaqdan imtina etdiyini göstərdi.
 
Şahidin Akif Çovdarovdan xəbəri olub, ya yox?
 
Həmin epizod üzrə ifadə verən şahid Elçin Xudiyevin çıxışı təzadlılığı ilə yadda qaldı. Belə ki, zərərçəkmiş tərəfə açıq-aşkar yarınmağa çalışan şahid özü də hiss etmədən bir-birinin ardınca daban-dabana zidd açıqlamalar verdi.
 
Nəsib Əliyevin bacanağı olan Elçin Xudiyev bildirdi ki, zərərçəkmiş ondan borc pul istəyib, lakin cəmi 50 min manat verə bilib ki, bunun da böyük hissəsini öz tanışlarından borc götürüb. Sərbəst ifadəsində şahid pulların kimə və hansı idarəyə veriləcəyindən xəbəri olmadığını dedi: "Bilmirəm, heç hansı orqana verəcəkdi - polis, prokurorluq, məhkəmə...” Bunu eşidən hakim, prosesə sədrlik edən Həbib Həsənov şahidin sözlərinə düzəliş verdi: "Məhkəmə orqan deyil”.
İstintaqa verdiyi ifadəsi səsləndirildikdə isə aydın oldu ki, Elçin Xudiyev həmin ifadəsində nəinki pulların hansı idarəyə, hətta kimə veriləcəyini də bilirmiş
Vkillərin suallarını cavablandıran şahid istintaqa verdiyi ifadənin düzgün olduğunu dedi və bayaqdan bəri niyə yalan danışdığını isə izah edə bilmədi.
 
Akif Çovdarov: "Küçədə itə də borclu idi, bunun milyonu hardandı?”
 
Vəkil Sadiq Rəsulovun təşəbbüsü ilə təqsirləndirilən Akif Çovdarovla zərərçəkən Cahangir Alışov çarpaz sualları cavablandırdılar. Onu qeyd edək ki, bu sual-cavab tərəflər arasında bir sıra qeyri-etik ifadələrin işlədilməsinə səbəb oldu – general zərərçəkəni açıq-aşkar yalan danışmaqda ittiham etdisə də, Cahangir Alışov Akif Çovdarovu sadəcə söyməyə başladı.
 
"Deyir Masazırdakı balıqçılıq təsərrüfatının tikintisinə 1 milyon 317 min manat pul qoyub. Küçədə itə də borclu idin, səndə o qədər pul hardan idi?” – təqsirləndirilən zərərçəkəndən soruşdu.
 
Tərəflərin hər ikisi özlərini haqlı hiss edərək gücləri çatdığı qədər mövqelərini müdafiə etdilər, həqiqət isə hardasa açılmamış qaldı.
 
"General sabah gedir, 200 min gətir”
 
Zərərçəkən Arif Həsənov ifadəsində bildirdi ki, 1996-cı ildə "Texmarin Ltd” şirkətini yaradaraq, gəmilərin təmiri ilə məşğul olmağa başlayıb. Bir müddət sonra özü ilə işləyən Səhrab Allahverdiyevi işin başına gətirir və özü bir qədər kənara çəkilir.
 
Zərərçəkən bildirdi ki, müəyyən vaxt keçəndən sonra şirkətin pullarının harasa yoxa çıxdığına şahid olub. Apardığı şəxsi araşdırması nəticəsində kompanyonu S.Allahverdiyevin pulları ofşor hesablara yönəltdiyini öyrənib.
 
Pullarının bu yolla əlindən alınaraq xarici ölkələrdə hesablara yatırıldığını öyrənən Arif Həsənov kömək üçün MTN-ə müraciət etdiyini bildirib, lakin "yağışdan çıxıb yağmura düşüb”. Zərərçəkənin sözlərinə görə, MTN əməkdaşı Füzuli Əliyev (digər prosesdə təqsirləndiriləndir – virtualaz.org) ondan 400 min dollar tələb edərək aldıqdan sonra daha bir nəfərin onunla görüşəcəyini deyib.
 
"Sultan” kafesində təqsirləndirilən Akif Əliyev zərərçəkənə deyib: "General sabah gedir, 100 min manat, 100 min dollar gətir”. Arif Həsənov bank hesablarındakı pulları çıxararaq təqsirləndirilənə verdiyini bildirdi.
 

 
Zərərçəkənin vəkili İsmayıl Kəngərli məlumat verdi ki, Arif Həsənovun Akif Əliyevə generala çatdırmaq üçün verdiyi pul artıq geri qayıdıb. Proses boyunca bu birinci hadisədir ki, təqsirləndirilənlər etdikləri cinayəti etiraf edərək vurduqları maddi zərəri tam şəkildə ödəyiblər.
 
Zərərçəkən Arif Həsənov təqsirləndirilən Akif Əliyevə qarşı iddiasının və şikayətinin olmadığını, lakin digər üç təqsirləndiriləndən mütəşəkkil dəstə üzvləri kimi ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etdiyini bildirdi.
 
"Bütün ailə fotoşəkillərimizi də götürüb apardılar”
 
Zərərçəkmiş Həsən Həsənov qeyd etdi ki, atası Arif Həsənovla birgə MTN-də təzyiqlərə məruz qalıb. Bu proses üzrə təqsirləndirilən Akif Əliyevlə ilk dəfə MTN-də rastlaşdığını deyən zərərçəkən evində axtarış aparıldığını və bunun ailə üzvlərinə böyük zərbə vurduğunu bildirdi.
 
"4-5 MTN işçisi evimizə gələrək bütün kameraları sındırdılar və DVR qurğusunu sökərək, özləri ilə apardılar. Halbuki, həmin qurğu çoxdan işləmirdi. Bundan başqa evdəki bütün diskləri, yaddaş kartlarını, hətta içərisində ailə fotoşəkillərinin olduğu kartları da paketə toplayaraq MTN-ə apardılar.
 
Həmin vaxt həyat yoldaşım və 14 yaşlı qızım çox qorxmuşdular, özüm bir müddət sonra insult keçirmişdim”, - Həsən Həsənov deyib.
 
Zərərçəkənin sözlərinə görə, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.
 
Digər zərərçəkənlərin şikayətlərinin olmadığını dedilər
 
Bu epizod üzrə prosesdə çıxış edən digər zərərçəkənlər – "Texmarin Ltd” şirkətinin işçiləri olmuş Əlizamin Rzayev və Elşən Nəcəfov MTN-də dindirildiklərini, lakin elə bir zərər çəkmədiklərini qeyd etdilər.
 
Onlar təqsirləndirilən Akif Əliyevin vəkili Anar Qasımlının sualına cavab olaraq, A.Əliyevə qarşı iddialarının olmadığını dedilər və müvafiq ərizələrə imza ataraq, şikayətlərini geri götürdüklərini bildirdilər.
 
Ərizələr məhkəmə kollegiyasına təqdim edildi.
 
Məhkəmənin növbəti iclası bazar ertəsi, martın 6-na təyin olundu.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook