Afaq Bəşirqızının yubileyi keçirilib
Noyabr 09
15:58
2015
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı 60 illik yubileyini səhnədə qeyd edib.
Axşam.az-ın məlumatına görə, yubiley gecəsində teatrda aktrisanın və atası Bəşir Səfəroğlunun fotolarından ibarət sərgi təşkil olunub.
Mədəniyyət və turism naziri Əbülfəz Qarayevin də qatıldığı tədbirdə sənət aləminin tanınmış simaları yer alıb.
Daha sonra Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin "Toya bir gün qalmış” komediyası nümayiş edilib.
Səhnə əsərinin nümayişindən əvvəl jurnalistlərə müsahibə verən yubilyar gecənin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildir:
"60 yaş insan ömrünün müdriklik zirvəsidir. Xüsusilə də bütün həyatını sənətə həsr etmiş sənətkar üçün belə bir zirvədə olmaq ikiqat məsuliyyət hissi yaradır.Ömrümün qalan hissəsini də teatra həsr edəcəm".
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa ediblər.