SON XƏBƏR

Afaq Bəşirqızı ilə “Toya bir qalmış”...

Oktyabr 04
13:52 2018
Azərbaycan Dövlət Musiqili Teatrı 5 və 13 oktyabr tarixlərində saat 19:00-da görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” komediyasını təqdim edəcək. 
 
Teatrın mətbuat xidmətindən bildirilib ki, milyonların sevimli gülüş ustası, Xalq artisti, "Şöhrət ordenli” Afaq Bəşirqızı bu tamaşada baş rolu ilə onu sevənlərin görüşünə gələcək. 
 
Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Elə bu ərəfədə "ölü” qəfildən "diri”lir...  Əsl tragikomik vəziyyət də məhz bundan sonra başlayır... 
 
Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa edirlər. Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
 
Musiqili Teatr Afaq Bəşirqızının yaradıcılığının vurğunu olan hər kəsi bu tamaşaya dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən və "iticket.az” saytından əldə edə bilərlər. 

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook