SON XƏBƏR

Adına 5 şirkət açılmış və dövlətə borclandırılmış “sahibkar” asılmış vəziyyətdə tapılıb

Fevral 17
03:15 2022
Fevralın 15-də Azərbaycan Respublikası Baş Prokurorluğu Astara rayonu Toradi kənd sakini, işsiz Zaur Məhərrəm oğlu Sovqatovun ölüm faktı ilə bağlı cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. Bir gün əvvəl o ağacda asılmış vəziyyətdə tapılıb.

İlkin məlumatlara görə, Zaur Sovqatov rəsmi təsisçisi və direktoru olduğu 5 şirkətin dövlət büdcəsinə vergi borcu olduğuna görə vergi orqanlarına çağırılıb. Zaur Sovqatov özü bu şirkətlərdə iştirakını etiraf etmirdi. O, intihardan bir neçə gün əvvəl Xəzər TV-yə verdiyi müsahibədə "özünün” şirkətlərinin yaradılmasında və idarə olunmasında əlaqəsi olan bir neçə şəxsin adını çəkib. "2018-ci ildə Rövşən Hüseynova ünvanlı sosial yardımla bağlı yardım göstərilməsi üçün şəxsiyyət vəsiqəmi və etibarnamə vermişəm. Rövşən Hüseynov bu sənədləşmə ilə bağlı tələb olunan Vergi Ödəyicisinin İdentifikasiya Nömrəsini almaqda mənə köməklik edəcəyinə söz verdi”, – deyə mərhum Zaur Sovqatov bildirib.

Zaur Sovqatov bu işin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin o, heç bir dəstək almayıb. O, öz araşdırmasını aparıb, nəticədə "onun” şirkətlərinin faktiki rəhbərinin Hüseyn Zabit oğlu İbrahimov olduğunu üzə çıxarıb. Turan İnformasiya Agentliyinin məlumatına görə, Hüseyn İbrahimov həm də "İmexport” MMC (VÖEN: 1305342861) və "Zogana İH” (VÖEN: 1903422921) şirkətlərində qanuni nümayəndədir.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Z.Sovqatov "Toradi TT” MMC (VÖEN: 1005449591), "Omin SV” MMC (VÖEN: 1202082481), "Sovqat Z” MMC (VÖEN: 1404307911), "SMT Qrup” MMC (VÖEN: 1504140491) və "Elips SSV” MMC (VÖEN: 1101868381) şirkətlərinin direktorudur. Onların hamısı eyni gündə – 3 avqust 2018-ci il tarixində Bakı şəhərində müxtəlif hüquqi ünvanlarda yaradılıb. Bu şirkətlərin bu il fevralın 16-na dövlət büdcəsi qarşısında öhdəliklərinin ümumi məbləği 53 270 manat (31 300 dollar) təşkil edir.
 
Mənbə: Aztoday.az
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook