SON XƏBƏR

Adı ləğv edilərək ərazisində mərzlik yaradılan rayon- Qərbi Azərbaycan Xronikası

May 16
01:06 2024
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə xalqımızın tarixini əks etdirən, adı erməniləşdirilən Sərdarabad rayonu haqqında süjet hazırlanıb.

"Report" xəbər verir ki, "Sərdarabad niyə Hoktamberyan adlandırılıb?” adlı süjetdə erməni ideologiyasının saxtakarlıq üzərində qurulmasından, onların zaman-zaman etnik təmizləmə siyasəti aparmaqla tarixi yer-yurd adlarını dəyişdirməsindən bəhs olunur.

Bildirilir ki, İrəvan xanlığının Sərdarabad mahalında yerləşən eyniadlı rayon ərazisi cənubdan Sürməli, qərbdən Səədli, şimal-qərbdən Talın, şimal-şərqdən Karpibasar, şərqdən isə Zəngibasar mahalları ilə əhatə olunub. İrəvan xanı Hüseyn Əli xanın tikdirdiyi Sərdarabad qalasının yerləşdiyi rayon ərazisi 1827-ci ildə Çar Rusiyası tərəfindən işğal edilib. 1850-ci ildən 1930-cu ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibində olub. Sərdarabad adı Qafqazın 5 verslik xəritəsində qeyd edilib. Burada 1897-ci ildə xeyli sayda azərbaycanlı yaşayıb və 1905-1906-cı, eləcə də 1918-1920-ci illərdə ermənilərin törətdikləri qırğınlar nəticəsində isti ocaqlarını tərk ediblər.

Qeyd olunur ki, Sərdarabad inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il martın 2-nə qədər Sərdarabad rayonu, həmin tarixdən etibarən isə Böyük Oktyabr Sosialist İnqilabının şərəfinə Hoktamberyan adlandırılıb. 1983-cü ildə rayonun ərazisi iki yerə bölünüb və bir hissəsində yeni Bağramyan rayonu yaradılıb. 1992-ci ildə Sərdarabad, yəni Hoktemberyan rayonunun adı dəyişdirilərək Armavir adlandırılıb.

Diqqətə çatdırılır ki, bu rayonda yaşayan azərbaycanlıların bir hissəsi 1948-1953-cü illər, son hissəsi isə 1988-ci ilin deportasiyasında doğma yurdlarından məcburi qovulublar: "Hazırda yalnız ermənilərin yaşadığı bu ərazilərdən azərbaycanlılar didərgin salındıqdan sonra saxtalaşdırma əməliyyatına start verilib. Belə ki, mərhələli şəkildə rayon üzrə 35-dək tarixi yer adları dəyişdirilib. Nəhayət, Ermənistan parlamentinin 1995-ci il 7 noyabr tarixli qərarı ilə Sərdarabad, yəni Hoktemberyan-Armavir, eləcə də Bağramyan və Üçkilsə, yəni Eçmiədzin rayonları ləğv edilib və onların ərazisində inzibati mərkəzi Armavir şəhəri olan eyni adlı mərzlik yaradılıb”.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanın başqa bölgələri kimi, Sərdarabad rayonu da erməni-hay kimi şovinist bir etnik toplumun düşmənçilik hərəkətlərinin hədəfinə çevrilib: "Lakin artıq zaman dəyişib. Hədəfimiz tarixi həqiqətləri üzə çıxarmaqla yanaşı, haqq-ədalətin bərpası və tarixi torpaqlarımıza qayıdışdır. Bu qayıdışın vaxtı isə uzaqda deyil”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında mayın 15-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook