SON XƏBƏR

Ağdaşda dərəbəylik- İş adamı və məmurlar məcburi köçkün ailəni küçəyə atdılar

Sentyabr 17
12:36 2016
Azərbaycanda bəzi məmurların və iş adamlarının ölkə qanunlarını tapdayaraq güc yolu ilə digər insanların mülklərinə, torpaqlarına yiyələnməyi barədə mətbuatda zaman-zaman yazılıb. Bu cür neqativ hallar xüsusən əyalətlərdə daha geniş yayılıb. Təəssüflər olsun ki, bu gün də belə bir hadisə baş verib. Belə ki, Qlobal.az-a verilən məlumata görə, Ağdaş rayonunda iş adamı məhkəmənin köməkliyi ilə Laçın rayonundan məcburi köçkün olan Zamanov Namiq Zaman oğlunu 20 ildən bəri məskunlaşığı yerdən çıxardıblar.
 
Qlobal.az məcburi köçkünün məktubunu olduğu kimi təqdim edir:
 
"Mən Laçın rayonundan məcburi köçkünəm, 1995-ci ildən Ağdaş rayonunda yaşayıram. Yaşayış yerin iş adamı tərəfindən özəlləşdirilib və o, məhkəməyə müraciət edərək, məni bu sığınacaqdan çıxarmağa çalışırdı. Və artıq pulunun gücünə və insanlıqdankənar məmurların hesabına buna nail oldu! Bu gün – 16 avqust 2016-cı il tarixdə saat 15- də Ağdaş Rayon Məhkəməsinin İcra Bölməsinin işçiləri özüm evdə olmayan zaman mənim yaşadığım yerdə -- Ağdaş rayonunun Xosrov kəndində məcburi icra tədbiri həyata keçiriblər (sahibkardan rüşvət aldıqları üçün). Bu icra tədbiri bildirişi mənə qəsdən şənbə-bazar və "Qurban bayramı” ilə əlaqədar qeyri-iş günləri olduğu müddətdə verilmişdir. Mənim əlaqədar orqanlara müraciət etməyim üçün vaxt qalmadı. Ayın 14-də Dövlətqaçqınkomda oldum. Orada vəziyyətlə əlaqədar ərizəmi verdim və səhərisi – dünən, ayın 15-də həmin İdarənin məsul şəxsi Fuad müəllimin qəbulunda oldum. Ərizəmi təcili Ədliyyə Nazirliyinə çatdırılaraq, İcra tədbirinin müvəqqəti dayandırılmasını hüquqşünas Vüqar Qarayevə tapşırdı. Mən arxayın olub rayona qayıtdım. Bu gün V. Qarayevə zəng edərək vəziyyəti soruşdum. O isə hələ ərizəmi poçt vasitəsilə göndərəcəyini dedi. Mən yenidən çarəsiz halda Bakıya qayıtdım. Hələ İdarəyə çatmamış İcra məmuru M. Abbasov mənə zəng edərək, icra tədbirinə başlayacaqlarını dedi. Ona bildirdim ki, bir gün möhlət versin, mənim ərizəmə cavab verilsin, özüm də gəlib orada olum. Dövlətqaçınkomun hüquqşünasına da vəziyyəti dedim. O da zəng edərək bu prosesin dayandırılmasını xahiş etdi. Amma faydası olmadı – gözləmədilər. Mən rayona zəng edib özüm gələnə qədər qardaşlarıma oraya getməyi tapşırdım. Onlar da gəlib çatanda görüblər ki, İcra məmurları 35-40 polis nəfəriylə qapının qıfılını sındırıb içəri daxil olublar. Bütün ev əşyalarını, o cümlədən gündəlik tələbat və geyim əşyalarını, özümün və övladlarımın məktəb paltarlarını və dərslik ləvazimatlarını, bir sözlə, şələ-şəlpəmi zibil kimi maşınlara doldururlar. Qardaşlarım, həyat yoldaşım və anam "niyə belə edirsiniz” – dediyi üçün, qardaşım baş verənləri telefonla çəkdiyinə görə İcra məmuru Mahir Abbasov: "Döyün-qırın bunları, basın maşına!!!”- deyə polislərə göstəriş verib. Polislər anama, qardaşlarıma və yoldaşıma bədən xəsarətləri yetirməklə, onları pis vəziyyətə salıblar. Qardaşlarımı Polis Şöbəsinə aparıblar (izahat alınandan sonra buraxdılar). Həyat yoldaşımın halı pisləşdiyi üçün təcili yardım çağrılıb, onu xəstəxanaya yerləşdiriblər. Mən Ağdaşa çatanda artıq iş-işdən keçmişdi...
 
Hal-hazırda yoldaşım və özüm xəstəxanadayıq. Ev əşyalarımı isə harayasa apardılar. Bu qanlı cinayətə görə dəfələrlə etdiyim müraciətlərə məhəl qoymayan Dövlətqaçqınkom, onun Ağdaş rayonundakı nümayəndəsi, Ağdaş və Laçın rayon İcra Hakimiyyəti, Məhkəmə və onun icraçıları məsuliyyət daşıyırlar. Yəqin ki, buna görə cavab verəcəklər. Adi bir icra tədbirini bu boyda "təmtaraqla”, bu yağışlı soyuq havada camaatın gözü qarşısında faşistcəsinə həyata keçirən məmurlar Referendumqabağı kənd əhalisinə hansısa ismarıc verirmiş kimi, Ölkə Prezidentinin fərman və sərəncamlarına məhəl qoymadıqlarını, Nazirlər Kabinetinin sərəncamını saymadıqlarını bir daha nümayiş etdirdilər. Bu nüansa da hüquqşünasların diqqət yetirmələrini xahiş edirəm.
 
Səsimin Ölkə Prezidenti tərəfindən eşidilməsinə yardımçı olun, dostlar. Dövlətin içində Dövlət əleyhinə fəaliyyət göstərən, dövlətlə xalqı üz-üzə qoyan məmurlara qarşı birgə mübarizə aparaq. İmkanı olan bütün media nümayəndələrini Ağdaşa dəvət edirəm. Mən, sadəcə özümə Dövlətimdən sığınacaq istəyirəm, başqa bir tələbim yoxdur!
 
Zamanov Namiq Zaman oğlu Tel: 050 449-19-20"
 
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook