SON XƏBƏR

Ağdamlıların oxuması qəti qadağandır

Yanvar 10
21:30 2025
BURNUMUN UCUNU GÖYNƏDƏN GÜNLƏR 
 
Müəllif: Aqil Abbas
 
Dostum Elməddin Sərdara
 
(Ağdamlıların oxuması qəti qadağandır) 
 
Kupedə məndən başqa  üç nəfər də vardı. Biri Ağcabədidə kolxozlardan birinin sədri idi, nəinkə sədrə, heç briqadirə də oxşamırdı. Çox arıq idi. Tanıyırdım, atamın dostuydu. O da məni tanıdı. İçəri girən kimi soruşdu ki, sən Abbasovun universitetdə oxuyan oğlu deyilsən? Dedim, hə. Qucaqlayıb basdı bağrına, bir doğması kimi. 

Biri rusuydu, Ağdamda zavod tikirdi. Camaat bu zavoda Düymə zavodu deyirdi. Az qala bir iliydi bu şəhərdə yaşayırdı, dilimizi də  öyrənmişdi. Biri isə erməniydi, Stepanakertdə İpək fabrikinin baş mühasibi idi. Əslində kolxoz sədrinə daha çox o oxşayırdı. 

Qatar yerindən tərpənən kimi erməni bələdçini çağırıb bir onluq verdi və dedi ki, bura təmiz bir süfrə gətir. Təmiz süfrəni gətirdilər və sərdi stolun  üstünə. Sonra da çantasından bir çolpa çıxarıb qoydu süfrəyə, müxtəlif turşular qoydu, kolbasa qoydu, hətta göy-göyərti də qoydu. 
Təbii ki, ağdamlıların  Stepanakertdə dostları vardı. Bu dostlarının qohum-əqrəbalarında, ya da özlərində yas düşürdü.  Ağdamlılar da o yasa gedirdi. Əslində başsağlığı verməkdən daha çox, yemək-içməyə, çünki ermənilər yasda  süfrəyə bircə quş südü qoymurdular. Toyda nə vardısa yasda da o idi, süfrələri zəngin olurdu. 

Bir dəfə Kino Fazil babat vurandan sonra  demişdi:

-Təki sizdə ölənlər çox olsun, biz də gəlib yeyib-içək. 

Məclisə pərtlik düşmüşdü. 

Erməni bir dənə də araq çıxartdı və dedi:

- Bu tutovkadı, Gevorqov Konyak zavodunda düzəltdirir qonaqlarıyçün, bir də Bakıya SK-ya da  göndərir. Deyilənə görə, bayramlarda  Moskvaya, SK-ya pay verir. Mikoyana da asobu  yollayır. 

Sonra bələdçidən dörd dənə də stəkan istədi. Stəkanlara araq doldurub, azərbaycanlılar  kimi dedi ki, bismillah edin. Hərə çolpadan bir tikə götürdü, mən də bir qıça çörək, iki qıça da kolbasa götürdüm. 

Erməni dedi:

- Qorxma, ürəklə ye, donuz əti deyil, mal kalbasasıdı. Evdə özümüz hazırlamışıq. 

Stəkanları götürdülər, yol yoldaşlığının  sağlığına badə qaldırdılar. 

Rus dedi:

- Yol  yoldaşı əsgər yoldaşı kimi bir şeydi, bir dəfə qatarla gedirsən, amma onu heç vaxt yadından çıxarmırsan. 

Mənim  içmədiyimi görən erməni:

- Ay bala, götür ey, bu araq deyil, baldı bal. 

Mənim əvəzimə kolxoz sədri dilləndi:

- Ə, uşaqla işiniz yoxdu. Onun dədəsi də əlində o boyda vinzavod ola-ola indiyəcən bir qurtum da içməyib. 

Yenə sağlıqlar, ermənilərlə azərbaycanlıların dostluq sağlığı, erməni və azərbaycanlıların  ruslarla dostluq  sağlığı, sonra da keçdilər  fərdi sağlıqlara.

 Araq doğrudan da bal  kimi getdiyindən erməni  ikinci butulkanı da çıxartdı.

Kolxoz sədrinin dərdi açılmışdı:

- Vallah, bu pripiskaya görə bir gün bizi minəcəklər. Bakıda türmə rəisi qalmıyıf bayramlarda pay göndərməyim. İndidən özümə dost tuturam, əvvəl-axır ora gedəjiyik.

Erməni onun sözünə qüvvət verdi:

- Bizim fabriki yoxlasalar hamımızı, hətta Gevorqovu da güllələyəcəklər. 

Söhbət bir az da uzandı. 

Mənim  yerim aşağıda olsa da çıxdım yuxarı, kolxoz sədrinə dedim ki,  dayı, sən aşağıda yat. Rus da yuxarı çıxdı, çünki erməni elə oturduğu yerdə yatmışdı, səhərədək də xoruldadı. 

Kolxoz sədri gileyləndi:

-  Əclaf bir tikə  çörək vermişdi, xorultusuyla səhərədək burnumuzdan gətirəjək. 

İçkinin təsirindən tezliklə  hamı yatdı, onlar da xoruldamağa başladı, zəhlətökən bir musiqi  yaranırdı. Mən heç yata bilmədim. 

Nəhayət, qatar gəlib Ağdam vağzalında dayandı. Əvvəllər qatar Yevlağa gəlirdi, burda böyük bir vağzal vardı. Ağdam cavanları zarafatla Yevlax uşaqlarına «vağzal uşaqları» deyirdilər.  Sonra qatar Ağdama gəldi, ondan sonra Ağcabədi uşaqları bizlərə «vağzal uşaqları» deməyə başladılar.

Nədənsə ağdamlılar bundan incimirdi. 

Qatar vağzala çatıb silkələnib nəfəsini dərəndən sonra hamı çantasını, çamadanını götürüb tez-tələsik qatardan düşdü. Mənim də əlimdə iki «Nağıl» tortu vardı.

Taksi sürücüləri  çığırırdılar:

- Ağcabədiyə üç nəfər. 

- Şuşaya iki nəfər.

- Laçın… Laçına gedən.

- Mərziliyə.

- Xaçınstroya.

- İspanakertə.

Kolxoz sədrini görən kimi iki taksi sürücüsü cumdu üstünə:

- Buyy, əşi xoş gəlmisən. Buyur, buyur. 

Az qaldı sürücülər sədrin üstə dalaşsınlar. Sədr də davanı kəsmək üçün dedi:

- Ə, siz belə eləyin, biriniz mənim çamadanlarımı aparsın, biriniz də məni. 

Həqiqətən də elə oldu. O, qabaqdakı taksiyə oturub getdi, o biri taksi də sədrin çamadanlarını baqaja yığıb düşdü onların dalınca.    

Erməni İspanakert çağıran  sürücüyə yaxınlaşıb soruşdu:

- Stepanakertə neçəyə gedirsən?

- On beş manata. 

 Erməni başını buladı:

- Bakıdan Ağdama üç yüz əlli kilometrlik yolu səkkiz  manata, Ağdamdan Stepanakertə iyirmi beş kilometrlik yolu on beş manata. Bir Allahınız olsun də. 

Sürücü:

- Neyniyək, biz də çörəyi belə qazanırıq. 

Erməni:

- Yaxşı, qırx manat  verəcəm, amma tək gedəcəm, başqa adam götürmə. 

Sürücü:

- Ə, şandığa, onsuz da sən iki nəfər boydasan. 

Razılaşdılar və erməni də taksiyə oturub getdi. 

Mənsə gözləyirdim görüm şəhərə gedən taksi varmı, amma hamı Ağcabədi, Stepanakert, Şuşa, Laçın, Mərzili  çığırırdı. 

Hirsləndim:

- Bəs, bu şəhərə gedən yoxdu, ay qardaş?

Bir sürücü dedi:

- Ə, Abbasovun oğlu, get otur o gördüyün nol altı altmış ikiyə, üç nəfər də müştəri tapım gedək.

Nəhayət,  sürücü  üç nəfər də müştəri tapdı, düşdük yola.

Birini tanıdım, bizim məktəbdə fizika-riyaziyyat müəllimi olmuşdu. Çox savadsız bir müəllimiydi, axırda haqqın yolunu tapıb keçdi milisə. Dəmir yol vağzalında rəis idi. İki nəfər isə laçınlı idi. 

Sürücü onlardan soruşdu:

- Bəs, Laçına gedən taksilərə niyə minmədiniz?

- İstəyirik bir yaxşı bazarlıq edək.

Sürücü təəccüblə:

- O boyda Bakını qoyub gəlib Ağdamda bazarlıq edirsiz?

- Hayıf deyil Ağdam bazarı? Sonra da gedəcəyik əmioğlugilə. Tanımamış olmazsan Məcidov. O da bir maşın verəcək bizi aparacaq Laçına. 

Sürücü:

- Seyidi kim tanımır ki? -  sonra  üzünü tutdu rəisə; - Kamil məllim, bəlkə sizi səhər-səhər  xaşxanaya aparım?

- Ə, nə xaşxana, görmürsən gözümdən  yuxu tökülür, məni at evə. 

Sürücü:

- Kamil məllim, saallah, bezmirsən hər gün qatarla Bakıya gedif-gəlirsən?

- Neyniyim, vəzifəm budu, öyrəşmişəm təkərlərin taqqıltısına. Hər gün də iyirmidən-iyirmi beşdən olur, Allah bərəkət versin. 

Sonra Kamil müəllim məndən soruşdu:

- Tanış gəlirsən, kimlərdənsən?

- Bizim  məktəbdə müəllim işləmisiniz.

- Harda oxuyursan?

- Universitetdə. 

- Mən sənə dərs demişəm?

- Xeyr. Siz B sinfinə dərs deyirdiniz. 

Müəllim gülüb dedi:

- Deyirəm, axı, sənə dərs desəydim universitetdə yox, Səyyaf müəllimin peşə məktəbində oxuyardın.  

- Məllim, niyə elə deyirsiz? B sinfindən də nə qədər uşaq  ali məktəbdə oxuyur. 

- Bilirəm necə giriblər, dədələrinin pullarıyla.

Sürücü isə başladı şəhərdəki son xəbərlərdən:

- Dünən Qara Elxan bir dostunun toyuna Moskviç salıb.  Təzə katib sarsaq danışdığına görə Kolanıda döymək istəyiblər, zorla qaçıb qurtarıb. 

- Nə deyirmiş ki?

- Telefonla sovxoza zəng edif, katibə soruşuf ki, kimdi. Onun da qəribə danışığı var axı, deyif ki, qatıfdı. Katibə də qayıdıf ki, qatıfdısa arvadına, bajına qatsın. Katib də hirslənif, ərinməyif oturuf maşına, gedif Kolanıya. Sovxozun direktoruna  bağırıf ki, tez ol o katibəni işdən çıxart. Bu vaxt katibənin nişanlısı gəlif, katibə babat bir şapalax qoyuf. İndi yazıq oğlanın işi milisdədi. Ağdam camaatı da pul yığıf ki, nejə olur-olsun bu Kolanı balasını qurtarsınlar. Srağagün də Paxan bazarda bir milsenerə bıçax vuruf. Fazil məllim də təzə gətirdiyi «Fillər mənim dostumdu» kinosundan qazandığı pulu sayırmış. Üç min beş yüzə çatanda buxaltir girif içəri ki, Fazil məllim, Paxan bazarda milseneri bıçaxla vuruf. Fazil məllim də stolun üstündəki pulları  əlinin dalıyla vuruf dağıdıf, deyif ki, fillər də belə getdi. İki gündü şəhər bunu danışır. Bir ağcabədili gədə də bir yerdə yeyif-içənnən sonra Kamran Hüseynovun bayısıoğlu İlhamın üzünü lezvayla yazıf. Hayıf, İlham həm yaxşı oğlanıydı, həm də gözəl-göyçək oğlanıydı. Uşaxlar da tökülüf gədəni eşşək kimi döyüflər. Ağcabədili gədə də birtəhər əllərindən çıxıf oturuf maşına qaçıf. İndi uqalovnı rozısk Aliko da onu axtarır. Rayonun zamnaçalniki də nəsə ağdamlıların əleyhinə xoşagəlməz bir söz deyif, Alı da elə restoranının qabağında zamnaçalniki nətər döyüfsə skorıpomoş aparıf.
Gəlib çatdıq Kamil müəllimin evinə. Müəllim maşından düşdü, pul çıxarmaq istəyəndə dedim:

- Məllim, sizin pulunuz çatıb, düşün. 

Kamil müəllim:

- Axır ki bir tələbəmdən xeyir gördüm. Sağ ol. - dedi və getdi evinə. 

Sürücü laçınlılardan soruşdu:

- Bəs, sizi indi hara aparım, Məcidovgilə? 

Laçınlılar:

- Yox,  səhər-səhər kişini narahat etməyək. Bir yeməkxananın qabağında saxla. 

Sürücü  maşını Petro Elbrusun  xaşxanasının qabağında saxladı. Laçınlılar maşından düşüb sürücüyə iki onluq uzatdılar. 

- Şəhərə adamın birini beş manata  gətiririk.

Laçınlılar:

 - Götür, on manat da səhər-səhər verdiyin xəbərlərə görə. 

- Hə, Abbasovun oğlu, indi də gedəh sizə. Dədən dalınca niyə  maşın göndərmiyif?

- Səhər tezdən oyatmağa qıymadım.

- Balaca qardaşın bütün günü şəhərdə maşınla xuliqanlıq edir, görən indi hansısa xaşxanada vurur.

Sürücü yenə şəhərdəki əhvalatlardan danışmağa başladı. Gəlib  məhləyə çatanda nə fikirləşdisə maşını fırlatdı geri:

- Bilirsən nə var, biz də getdiy Petronun yanına xaş yeməyə. Qorxma, şotu da özüm verəjəm.

Etiraz eləmədim, çoxdanıydı xaş yemirdim. Qayıtdıq geriyə. Xaşxana adamla dolu idi.  Laçınlılar da təzə başlamışdı. 

Elbrus məni görəndə qucaqlayıb basdı bağrına: 

- Xoş gəlmisən, qaqa, çoxdandı görsənmirsən. Qaqan burdaydı, bir az olar getdi. Keçin oturun, indi sizə asobu xaş verəjəm.

Laçınlılar bu sözdən dilxor oldular:

- Bizə verdiyin oşala suyuydu?

- Qaqa, bizdə oşala suyu olmur, ağlın özünüzə getməsin. Oşala suyu olsaydı bir boşqab xaşı gözünə təpməzdin. İndi də ikinci boşqab istəyirsən. Bu dəfə sizə də  asobu xaş verəjəm, mal dırnağından.

Keçib laçınlılarla bir stolda oturduq. Yemək-içmək başladı. laçınlılar da, sürücü də möhkəm vurdular. 

Mən sürücüdən soruşdum:

- Qaidən qorxmursan?

- Əşi, yox, bizlə işləri yoxdu. Aylıx haxlarını veririk.

Nəhayət, yeyib-içmək bitdi. Laçınlılar hesabı vermək istədi, mübahisə düşdü. 

Sürücü:

- Ə, pulunuzu  qoyun civinizə. Siz kimsiniz ağdamlı olan yerdə şot verəsiniz?

Elbrus mənim xətrimə hesabı almaq istəmədi:

- Qonaq olun. 

Sürücü onunla da razılaşmadı: 

- Petro, pulunu götür. Məllim ayrı vaxt gəlif yeyif-içəndə şotu almazsan. İndi mənim qonağımdı. 

Xaşxanadan çıxanda laçınlılar dedi:

- İndi bizi at bazara, bir saatdan sonra da gəl apar Armudun dibinə, çıxaq gedək evimizə-eşiyimizə.

- Bəs, Məcidovgilə gedəsi olmadız?

- Yox, içmiş halda seyid evinə gedərlər? 

Sürücü:

- Malades, siz nə panyatkalı oğlanlarsız.

Beləcə qayıtdıq bazara. Laçınlılar düşdü və yenə döndük bizim məhləyə. Düşəndə Kamil müəllimin və özümün  pulunu vermək istədim. 

- Ə, pulunu qoy civinə, tələbə adamsan. Nolsun dədən sovxoz direktorudu. - dedi  və maşını  sürüb getdi. 

Mən isə əlimdə anamın sevdiyi iki «Nağıl» tortu darvazanı döymək istədim. Amma nə darvaza  vardı, nə ev-eşik, nə  məni gözləyən anam, nə  atam, nə də maşınıyla şəhərdə xuliqanlıq edən qardaşım.  Oturdum bir daşın  üstündə  hıçqırdım, hönkürtü məni tutdu. Amma ağlaya bilmədim. Gözümdən yaş gəlmədi, göz yaşım 93-cü ildən qurumuşdu.

Həəə,  bura Ağdam idi. 
 
Mənbə: Adalet.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook