ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib
Noyabr 03
13:33
2025
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində artıq ənənə halını alan Payız festivalı – Məhsul bayramı böyük coşqu ilə qeyd edilib.
Tarixən xalqımızın ənənələri sırasında xüsusi yer tutan məhsul bayramı bu gün də bolluğun, ruzinin, bərəkətin və birliyin simvolu kimi qeyd olunur. Festivalın keçirilməsində əsas məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlər və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik adətlərimizi yaşatmaq və erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirmək olub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət rəsmiləri, ADA Universitetinin və ADA Məktəbinin müəllimləri, tələbələri, tərəfdaş şirkətlər, valideynlər və məzunlar bir araya gəliblər.
Məhsul bayramının açılışında çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev tədbir iştirakçılarını salamlayaraq, müxtəlif sahələrdən olan insanların bu bayramda ümumi məqsəd ətrafında bir araya gəldiklərini vurğulayıb. O, hər il miqyası və əhatə dairəsi genişlənən bu vacib təşəbbüsün gələcəkdə də davamlı olacağına inandığını qeyd edib.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov bildirib ki, şirkət olaraq böyük məmnunluqla belə tədbirlərdə iştirak edirlər. VŞQ-nin təsisçisi həmçinin qeyd edib ki, keçmişimizə, millətimizin tarixinə, mədəniyyətimizin inkişafına xidmət edən bu cür təşəbbüslər mütləq mənada dəstəklənməlidir.
Rəsmi hissədən sonra tədbir rəngarəng bədii proqramla davam edib. ADA Universitetinin tələbələri və məktəbin şagirdləri tərəfindən hazırlanan çıxışlar, musiqi və rəqs ifaları bayram ab-havasını daha da canlandırıb. Tədbirə ADA ailəsinin üzvü, Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın musiqili çıxışı isə xüsusi rəng qataraq iştirakçılara unudulmaz anlar yaşadıb.
Tədbir çərçivəsində tələbə və şagirdlərin əl işləri, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə məqsədli sərgi-satış təşkil olunub. Yığılan vəsait ADA İbtidai Məktəbinin şagirdləri və Azərbaycan Uşaq Fondu ilə birgə seçiləcək təhsil məqsədli sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüslər Məhsul bayramının mənəvi dəyərini daha da artıraraq paylaşma və xeyirxahlıq ruhunu yaşadır.
Ötən il keçirilən Məhsul bayramı zamanı toplanan vəsait 1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsində təşkil olunan təhsil layihələrinin reallaşdırılmasına sərf edilib.
Qlobal.az












