SON XƏBƏR

“Ac həriflər” tamaşası Kəngərli rayonunda göstərilib

İyun 10
10:58 2016
Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər” birpərdəli vodevili əsasında hazırlanmış tamaşanı Kəngərli rayonunun ictimaiyyətinə təqdim edib.
 
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əli Qəmbərov çıxış edərək, rayonun xalq teatrının tarixindən söhbət açıb. Bildirilib ki, 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayan teatr 1981-ci ildə xalq teatrı statusu alıb. Kollektiv müxtəlif illərdə "Solğun çiçəklər”, "Vaqif”, "Ölülər”, "Tamahkar”, "Rəhmə gəl, mələyim”, "Müsyö Jordan və Dərviş Məstəli şah”, "Qısqanc ər”, "Yuxu” və başqa səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Teatr 2008-ci ildə Bakı şəhərində keçirilən xalq teatrlarının respublika müsabiqəsində "Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası ilə II yerə layiq görülüb. Xalq teatrı bu gün ilk dəfə olaraq Kəngərli Rayon Mədəniyyət Evinin səhnəsində görkəmli dramaturqumuz Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər” tamaşasını teatrsevərlərə təqdim edir. 1911-ci ildə yazılan "Ac həriflər” əsəri yetkin məzhəkədir.
 
Tamaşada hadisələr qədim Azərbaycan şəhərində, aşpaz Həsənin yeməkxanasında cərəyan edir. Həsən dayı (Neymət İslamoğlu) və onun yeməkpaylayanı Zərbəli (Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Elçin Arzumanlı) bura gələn "ac həriflər”in kələyinin qurbanı olurlar. Yeməkxanaya gələn müxtəlif personaj və obrazlar böyük bəstəkarımız Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” komediyasındakı tipləri xatırladırlar. Məşhur komediyadakı qonaqlıq səhnəsindən fərqli olaraq buradakı tiplər yeməkxanada yediklərinin pulunu ödəmək əvəzinə, müxtəlif kələk və fırıldaqlara əl ataraq, aradan çıxmaq istəyirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi gülüş doğurur. Yeməkxanaya gələnlərin, məsələn, mühərrir Mirzə Mahmud (Məhərrəm Əbilsoy), aktyor Həsən (Nəsimi Məmmədzadə) və başqaları hərəsi bir sənətin sahibidirlər. Onlar yeyib aradan çıxmaq istəyirlər, çünki ciblərində pulları yoxdur.
Tamaşaçı müxtəlif tiplərin dialoqlarında o dövrün gülüşdoğuran mənzərələrini öz gözü ilə görür. Tamaşada rol almış aktyorlar Çakər Məmmədov (Süleyman), Salman Şirəliyev (Əhməd), İlham Quliyev (Rza), Əfsər Novruzov (Lətif) bu tiplərin dinamik canlandırılmasına çalışırlar. "Ac həriflər” tamaşasında kütləvi səhnələrdə Aynur Cəfərova, Nilufər Əhmədova, Gülnar Quliyeva və Uğur Cəfərov rol alıblar. Quruluşçu rejissor Nəsimi Məmmədzadə musiqi və səhnə tərtibatını da öhdəsinə götürərək, şən və komik bir tamaşa yaratmağa müvəffəq olub.
 
Tamaşa Kəngərli rayon ictimaiyyəti tərəfindən alqışlarla qarşılanıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook