Abşeronda gecəyarısı əri tərəfindən döyülən qadın polisə sığındı - TƏFƏRRÜAT
May 11
11:49
2022
Abşeron rayonunda 1980-ci il təvəllüdlü Sadif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı arvadı Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib.
Qlobal.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 18-də baş verib.
Sadif həmin gün saat 23 radələrində rayonun Nübar qəsəbəsi, yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evlərində olan zaman Xumarla mübahisə edib. Mübahisə zamanı Sadif arvadını döyərək, ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Sadifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadif törətdiyi əməli etiraf edib. O bildirib ki, Xumar ilə 2011-ci ildə ailə həyatı qurub və birgə nikahdan onların 2 övladı dünyaya gəlib: "Evləndikdən sonra biz bacıma məxsus Nübar qəsəbəsi yeni məhəllədə yerləşən nömrəsiz fərdi evdə yaşamağa başladıq. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar Xumarın özbaşına hərəkətləri, bir ər kimi mənə lazımınca hörmət qoymaması səbəbindən aramızda mübahisələr yaranmağa başladı”.
Sadif qeyd edib ki, sonuncu dəfə isə martın 18-də yaşadığı evdə şam edərkən bir qədər spirtli içki qəbul etdiyindən Xumar ona irad bildirib: "Təhqiramiz sözlər işlətdi. Bu səbəbdən də aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı əsəbləşdim, Xumarın sifət nahiyəsinə əlim ilə zərbələr vuraraq onu döyməyə başladım. Həmin vaxt Xumar qışqırdı, qonşuları haraya çağırdığından dayandım və ondan kənarlaşdım”.
Sadifin bildirdiyinə görə, bundan sonra Xumar uşaqları da götürərək bacısıgilə gedib. O, əməlindən peşman olduğunu bildirib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xumarın sözlərinə görə, Sadif tez-tez spirtli içki qəbul etdiyi üçün aralarında mübahisə yaranıb. O qeyd edib ki, sonuncu mübahisələri zamanı əri tərəfindən döyülüb, bu səbəbdən Abşeron rayon Polis İdarəsinə müraciət edib. Xumar əri ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Sadifin arvadı ilə barışması məhkəmə tərəfindən nəzərə alınıb. Bu səbəbdən onun barəsində olan cinayət işinə xitam verilib. Sadif cinayət məsuliyyətindən azad edilib.