Abşeron rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Fevral 24
20:04
2016
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 24-cü ildönümü qeyd edilib. "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri, faciənin şahidləri, rayon ictimaiyyəti, işğal olunmuş bölgələrdən məcburi köçkün düşmüş insanlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstünü ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədri Zeynəb Şahidqızı, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və başqaları Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülməsi vacib olan işlərdən danışıblar.
Bildirilib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Natiqlər ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.
Sonra Xocalı şahidləri - hər iki valideynini itirmiş Mürvət Məmmədov və Arif Məmmədov o dövrün dəhşətlərindən, eləcə də onların rifah halının yaxşılaşdırılması üçün göstərilən dövlət qayğısından danışıblar.
Çıxışlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyasına dəstək ifadə olunub, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün görüləcək işlər müzakirə edilib.
Tədbirdə məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya göstərilib.
Sonda Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanan "Xocalıya ədalət” filmi nümayiş etdirilib.
Qlobal.az



