SON XƏBƏR

ABŞ səfirinin müxalifətlə görüşlərinin hansı nəticələri ola bilər?

Avqust 25
08:17 2016
Sülhəddin Əkbər: "ABŞ milli-azadlıq hərəkatından çıxan siyasi qüvvənin hakimiyyətə gəlməsini istəmir”

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta avqustun 23-də AXCP sədri Əli Kərimli ilə görüşüb. Görüşdə ABŞ səfirinin müavini Uilyam R.Qill, Səfirliyin Siyasi şöbə müdiri Ziya Sayed, səfirin siyasi işlər üzrə müşaviri xanım Süzan Çesli də iştirak edib.

AXCP mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, 26 sentyabrda keçirilməsi nəzərdə tutulan referendum, referenduma çıxarılan konstitusiya dəyişiklikləri, ölkədəki siyasi məhbusların taleyi, onların azadlığa çıxarılması üçün göstərilən yerli və beynəlxalq səylər müzakirə olunub.

Referendum ərəfəsi ölkədə yeni siyasi həbslər dalğasının başlanması, siyasi məhbusların sayının yenidən artması, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və tərəfdarlarının, eləcə də bugünlərdə həbs edilmiş NİDA hərəkatı fəalı Elgiz Qəhrəmanın işində olduğu kimi, bir çox hallarda həbs edilən şəxslərin hansısa ifadələri verməsi üçün işgəncəyə məruz qalması, onların prosessual hüquqlarının pozulması da müzakirə mövzusu olub.

Qeyd edək ki, həbslər başlayandan sonra ABŞ-ın Azərbaycandakı səfiri həbs edilən şəxslərin üzv olduqları təşkilatların rəhbərliyi ilə görüşlər keçirir. AXCP sədrindən öncə səfir Robert Sekuta REAL Vətəndaş Hərəkatının rəhbərliyinə daxil olan şəxslərlə görüşüb. Bu görüş REAL-ın sədr müavini Natiq Cəfərlinin həbs olunmasından az sonra həyata keçirilmişdi.  
 
ABŞ səfirinin keçirdiyi görüşlər həmin təşkilatlara dəstək, hakimiyyətə isə hansısa siyasi mesaj üçündürmü? Bu cür görüşlər həbsləri durdura biləcəkmi?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Azərbaycanda son vaxtlar müşahidə olunan həbslər də 1993-cü ilin iyunundan sonra həyata keçirilməyə başlayan siyasi strategiyanın tərkib hissəsidir. ABŞ-ın prosesə müdaxilə eləməsi isə formal xarakter daşıyıb və indi də formal xarakter daşıyır:"Azərbaycanda ilk dəfə 2003-cü ildə demokratik dəyişikliklər üçün fürsət yaranmışdı. ABŞ-ın, Avropa Birliyinin mövqeyini gördük-onlar demokratik qüvvələrin yanında yer almadılar. Bu gün demokratik qüvvələrin yerdə qalan o qalıqlarını qorumaq üçün hərəkətə keçməkləri nə verəcək Azərbaycana?! Əslində Azərbaycanda milli-azadlıq hərəkatından çıxan gerçək bütün demokratik qüvvələr, siyasi partiyalar artıq zəiflədilib. Burada ABŞ-ın da böyük rolu vardır. Onlar hakimiyyəti müdafiə ediblər, 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməyini açıq şəkildə dəstəkləyiblər və bu dəstək indi də davam edir. 1987-ci ildən siyasətdəyəm, uzun müddət də xarici əlaqələrlə siyasi fəaliyyətlə bağlı məşğul olmuşam. ABŞ-la, Avropa Birliyi ölkələri ilə sıx təmaslarımız olub. Gəldiyim qənaət bundan ibarətdir ki, nə ABŞ, nə Avropa Birliyi Azərbaycanda milli- azadlıq hərəkatından çıxan heç bir milli siyasi qüvvənin hakimiyyətə gəlməsini istəmir. Bu, birmənalıdır və bunu hakimiyyət də yaxşı bilir. 

Ona görə də həmin qüvvələrə qarşı arxayın şəkildə istədiyi addımı ata bilir. Dünyada gedən proseslərin də dərin analizi onu göstərir ki, ABŞ və Avropa Birliyi Azərbaycanda demokratiyanı yalnız o vaxt dəstələyəcəklər ki, birbaşa öz təzimlərində olan siyasətçilərin hakimiyyətə gətirilməsi zərurəti ortaya çıxsın. Uzun illər ərzində gəldiyim əminlik budur. Bu qənaətimdə əmin olmasaydım, bunu cəmiyyətə açıqlamazdım. Bəzi müxalif təşkilatlarla keçirilən görüşlər isə onların öz sifətlərini qorumaq üçün atdıqları addımdır. Çünki onların öz ölkələrində də seçkilər gedir və müstəqil media tərəfindən tənqid olunurlar. Bilirsiniz ki, ABŞ-ın Azərbaycanla bağlı xarici siyasətindəki üç istiqamətdən biri də demokratiyanın dəstəklənməsidir. Ancaq həlledici anlarda demokratiyanı dəstəkləməyiblər. İndi isə atdıqları addımları sorumlu olaraq atırlar və bunun da heç bir effekti olmayacaq”.

S.Əkbər hesab edir ki, keçirilən görüşlərin Azərbaycandakı prosesi, həbsləri durduracağı gözlənilmir:"Hakimiyyət yeni bir fürsət yaxalayıb. Türkiyədə baş verən 15 iyul hadisəsindən əndişə keçiriblər və özünəməxsus nəticələr çıxarıblar, ABŞ-la, Avropa Birliyə ilə bu və ya başqa şəkildə yaxın olan siyasi qüvvələri tamamilə sıradan çıxarmaq üçün öz aləmlərində fürsət yaxalayıblar. Qərb isə Azərbaycandakı siyasi həbslərdən öz marağını təmin etmək lazım gələndə hakimiyyətə təzyiq kimi istifadə edir. Marağı təmin edildikdən sonra yenə də çəkilir kənara. Hər halda, indi də belə olacaq”. 

(Musavat.com)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook