SON XƏBƏR

ABŞ ordusu Əfqanıstanı tərk etməyə başladı - Doha razılaşması işə düşdü

Mart 10
12:38 2020
ABŞ rəsmilərindən birinin dediyinə görə, Birləşmiş Ştatlar Vaşinqtonla Taliban arasında imzalanmış razılaşmaya uyğun olaraq ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının birinci fazasına başlayıb.

Adının çəkilməsini istəməyən rəsmi martın 9-da "Associated Press" agentliyinə bildirib ki, yüzlərla ABŞ hərbçisi Əfqanıstanı tərk etməkdədir. O bildirib ki, əsgərlər fevralın 29-da Dohada imzalanmış razılaşmadan əvvəlki cədvələ görəƏfqanıstandan rotasiya əsasında çıxarılmalı idi.
 
Amma sülh sazişi imzalandıqdan sonra Əfqanıstandan çıxarılan əsgərlərin yerini başqa əsgərlər tutmayacaq. Bu isə o deməkdir ki, Birləşmiş Ştatlar Əfqanıstandakı hərbi kontingentin sayının 13 min nəfərdən 8600 nəfərə endirilməsi prosesinə artıq başlayıb.
 
Uzunmüddətli perspektivdə bütün Amerika hərbçilərinin bu ölkədən çıxarılması planlaşdırılır. Lakin bunun üçün 14 ay müddətində tələb edilən təhlükəsizlik vəziyyətinin saxlanması şərtdir.
 
Bununla belə Əfqanıstanda ötən sentyabrda keçirilmiş prezident seçkisinin nəticələri ilə bağlı yaranmış siyasi mübahisə, Vaşinqtonun ABŞ-Taliban razılaşmasına əməl etməsini mürəkkəbləşdirə bilər.

Martın 9-da iki ayrı-ayı mərasimdə prezident Əşrəf Qani və Abdullah Abdullah dövlət başçısı elan ediliblər. Qani rəsmən sentyabr seçkisinin qalibi kimi elan edilib. Lakin seçki zamanı kütləvi pozuntuların baş verdiyini iddia edən Abdullah Qaninin qələbəsini tanımır.Abdullah öz hökumətini yaradacağını bəyan edib.

Paralel olaraq iki Əfqanıstan hökumətinin yaradılması sülh razılaşmasının növbəti mərhələlərinin həyata keçirilməsini mümkünsüz edə və zorakılıqlarla nəticələnə bilər.

Vaşinqton qoşunların çıxarılmasını Əfqanıstanda stabilliklə və ya əfqanlararası sülh danışıqlarının nəticəsi ilə bağlamır.

Əksinə, Vaşinqtonun başlıca tələbi Talibanın Əfqanıstan torpağından hər hansı şəxsin və ya əl-Kaidə də daxil hər hansı qrupun ABŞ-a və onun müttəfiqlərinə təhlükə yaratmamasını təmin etməsidir.

ABŞ müdafiə naziri Mark Esper martın 2-də demişdi ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına artıq göstəriş verilib. Esper deyib ki, ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı general Skot Miller oradakı qoşunların sayı 8600-ə endirildikdən sonra, prosesə fasilə verərək mövcud vəziyyəti qiymətləndirəcək. (azadliq.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook