SON XƏBƏR

ABŞ dövlətinə 7.4 milyon dollar "atan" Kələntərovlar kimdir? (FOTOLAR)

Mart 24
12:13 2021
Xəbər verdiyimiz kimi, ABŞ-ın Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqda ittiham olunub.

Bəs birdən-birə gündəmə gələn Kələntərovlar kimlərdir?

"Qafqazinfo” ailənin Amerika hekayəsinə nəzər salıb:

Kələntərovlar ailədə üç qardaşdırlar: Aydın, Zaur və Əli Kələntərlilər.

Aydın Kələntərov ABŞ-a tələbə olaraq 2010-cu ildə yollanıb. Zaur və Əlinin Amerika macərası isə "Green card”la bağlıdır. Ailə üç dəfə çoxlarının xəyalı olan "Green card”ı udub. 2012, 2013 və 2014-cü illərdə. Birinci il nəticələr ləğv olunub, ikinci il sıxlıq səbəbindən onların xəyalları gerçəkləşməyib, üçüncü il isə nəhayət, onların Amerika hekayəsi başlayıb.



Aydın Kələntərov

Qardaşların ABŞ-a getmək həvəsi birdən-birə yaranmayıb. Onların atası Bakıdakı ilk özəl nəşriyyat şirkətlərindən birinin sahibi olub. Ancaq ailə biznesinin yerləşdiyi ərazi 2011-2012-ci illərdə Bakıdakı genişmiqyaslı tikinti işləri çərçivəsində plana düşüb və onların ABŞ-a yollanmaq həvəsi də bundan sonra meydana çıxıb. Onlar getdikləri bölgədə Bakıdakı ailə ənənələrini davam etdirmək qərarına gəliblər, ancaq bir qədər fərqli aspektdə.
 


Zaur Kələntərli

Belə ki, qardaşlar müxtəlif geyim növləri üzərində çap işləri xidmətləri təklif ediblər və bunun üçün əməli fəaliyyətə başlayıblar.

"Kalantarlı Brothers”in böyüyən biznes hekayələri Los-Ancelesdən start götürüb.

Qardaşların uğur qazanmasının köklərinə ensək, görərik ki, onları bir-birini tamamlayan fərqlilikləri uğura aparıb.

Aydın Kələntərov qrafik dizayner, internet, proqramlaşdırma üzrə peşəkarlaşıb. Zaur maliyyənin və biznesin qurulması, idarəsindən məsul olub. Kiçik qardaş Əli isə cihazlarla, xüsusən elektronika ilə işləməyi yaxşı bacarıb. Onlar güclərini və qabiliyyətlərini birləşdirməklə rəqibləri qarşısında üstünlük əldə etməyə nail olublar.
 


Əli Kələntərli

Qardaşlar çap sahəsində özlərini təsdiqləyəndən sonra bizneslərini fərqli sahələrə daşımaq qərarına gəliblər. Bunun üçün Ohayo ştatını daha əlverişli hesab edən Kələntərovlar burada daşınmaz əmlak işinə başlayıblar. Onlar evləri nisbətən ucuz qiymətə alıb, təmir-tikinti işlərini gördükdən sonra satışa çıxarıblar.

Ailənin fırıldaqçılıqda ittiham olunması məsələsinə gəldikdə, bunun kökləri hələlik qeyri-müəyyən olsa da, məhz daşınmaz əmlak bazarına daxil olmaları ilə bağlamaq mümkündür. Çünki ailə məhz saxta fermalar yaratmaqda ittiham edilir.
 
Qeyd edək ki, sözügedən ittiham çərçivəsində ailənin iki üzvü - Aydın Kələntərov  və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub. Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.

ABŞ Prokurorluğu ailənin digər dörd üzvünə - Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigezə qarşı da ittiham irəli sürüləcəyi istisna etmir.

Xatırladaq ki, ailənin hökumətdən ümumi məbləği 7 milyon 447 min 400 dollar olan 53 pandemiya yardım krediti aldığı bildirilir.

Belə ki, dövlətin pandemiya dövründə verdiyi kreditlər ötən ilin fevralın 1-dək yaradılmış şirkətlərə şamil olunur. Sözügedən şirkətlər isə apreldə yaradılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook