ABŞ-a yeni təhdid: Çin kosmosu ələ keçirir
Yanvar 12
13:34
2018
Çində kosmik texnologiyalarla bağlı tədqiqatlar və istehsala yatırılan investisiyaların artırılması Amerika tərəfindən cavabsız qalmamalıdır.
Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin iclasında çıxışı zamanı konqresmen Duq Lamborn söyləyib. Onun sözlərinə görə, Çinin peyk sənayesi təhdid xarakteri daşıyan tempdə artır. O, son iki ildə Çin zavodlarında 40 kosmik aparatın istehsal edildiyini bildirib.
İclasda çıxış edən Asiya Tədqiqatlar Mərkəzinin eksperti Dina Çenq isə Pekinin aktiv şəkildə ucuz peyklər hazırladığını bildirib:
"Nəticədə Nigeriya, Boliviya və Venesuela kimi ölkələr Çin aparatlarını ucuz qiymətə ala bilərlər. Onlara isə bu təklifi heç bir başqa istehsalçı təklif edə bilməz. Bu, ABŞ-ın "Boinq” şirkətinin dünya bazarındakı mövqelərinə təhdid yaradır”.
Qeyd edək ki, Çin 2020-ci ildə qlobal naviqasiya sistemi yaratmağı planlaşdırır. Beidou-3 adlanacaq sistemin daxilində 35 peyk yer alacaq. Bu, Çini Rusiya və ABŞ-dan sonra öz naviqasiya sistemi olan üçüncü ölkə edəcək.