Abdulla Öcalan PKK-ya çağırış etdi: "Silahları yerə qoyun"

Fevral 27
18:57
2025
Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan lideri Abdulla Öcalan fevralın 27-də bu silahlı qruplaşmanı tərksilah olmağa və özünü buraxmağa çağırıb.
Ötən oktyabrda prezident Receb Tayyip Ərdoğanın müttəfiqi, Millətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli təklif edib ki, Öcalan qruplaşmanın fəaliyyətini dayandırmasını elan edərsə, azad olunsun. Hakim AKP də təklifi dəstəkləyib.
Kürdpərəst DEM müxalifət partiyası Öcalanla həbsxanada danışıqlar aparıb.
"Reuters" yazır ki, PKK döyüşçüləri buna əməl edərsə, Türkiyənin cənub-şərqində 40 ildir gedən münaqişə başa çata bilər. Bunun regiona, qonşu Suriya və İraqa ciddi təsirləri olar.
Öcalan PKK-nı 1978-ci ildə təsis edib. Qruplaşma 1984-cü ildə müstəqil kürd dövləti yaratmaq məqsədilə Türkiyəyə qarşı qiyama başlayıb. Daha sonra kürdlərin hüquqları, Türkiyənin cənub-şərqində məhdud muxtariyyət uğrunda savaşıb.
Münaqişədə əsasən silahlılar olmaqla azı 40 min adam öldürülüb. Qruplaşma Ankara və İstanbulda da hücumlar gerçəkləşdirib.
Ankara, ABŞ, Avropa ittifaqı, bir sıra ölkələr PKK-nı terror təşkilatı kimi tanıyır.
Öcalan 1999-cu ildə ölüm cəzasına məhkum edilib, 2002-ci ildə cəza ömürlük həbslə əvəzlənib. O, İstanbul yaxınlığındakı İmralı adasında saxlanır.
Kürdpərəst DEM müxalifət partiyası Öcalanla həbsxanada danışıqlar aparıb.