Abdin Fərzəliyevlə FHN üz-üzə: Biri satır, biri sökür… (Foto)
Yanvar 23
16:47
2023
Ukraynada faciələrlə dolu bir qanlı müharibə gedir, dünya məhvərindən oynayıb, geopolitik savaş pik həddə çatıb, bizim ekofəallar 40 gündən çoxdur ki, Laçın koridorunda tarix yazır, Xankəndidə terrorçu yuvasını cəhənnəmə vasil etməyə yaxınlaşırıq, Qarabağdan rus əsgərlərini vaxtından tez çıxarmaq üçün proses gedir, amma bütün bu qarışıqlığın, əhəmiyyətli hadisələrin bizim bəzi məmurlara heç bir aidiyyatı yoxdur. Onlar qoyub getdiyimiz yerdə qalıblar, öz şakərlərindən əl çəkməyiblər, köhnə rüşvətxor əyyamı davam etdirirlər, sanki başqa planetdə yaşayırlar. Hətta icra başçılarının həbsi, Vasif Talıbovun belə erasının bitməsi, bu qədər kadr və sistem dəyişiklikləri də onların tükünü tərpətmir. Bu vəzifəli şəxslərə elə gəlir ki, zəlzələ də olsa, ondan pul qazanmaq lazımdır. Belələrindən biri Nərimanov rayonunu "ağ günə” çıxarıb indi Abşeronu "gülüstan”a çevirən icra başçısı Abdin Fərzəliyevdir.
A.Fərzəliyev şəhərin Nərimanov rayonuna rəhbərlik etdiyi dövrdə necə işləyirdisə, Abşeron rayonunda da əhdinə "sadiq”dir.
İcra başçısı faktiki olaraq Abşeronu qarış-qarış satmaq, qanunsuz tikintilərə rəvac vermək üzrə rekord qırmağa hazırlaşır. Az qala hər həftə FHN əməkdaşları Abşeronda bir qanunsuz tikintinin qarşısını alırlar. Tribunainfo.az bildirir ki, bu tikintilərə icazə verən isə Abşeron İH memarlıq şöbəsi, rəhbərliyi və icra hakimi A.Fərzəliyevdir. Sözsüz ki, Fərzəliyevin möhür-ştampı olmadan, onun sərəncamı və razılığı olmadan heç bir vətəndaş daşı daş üstünə qoya bilməz. Görünür ki, hansısa fərdi şəxs, yaxud sahibkar Abşeron İH-lə "sövdələşir”, tikintiyə icazə sənədi alır, tikinti normativlərini pozur, qanunsuz tikinti aparır və sonda FHN gəlib sökür. Belə çıxır ya nazir Kəmaləddin Heydərov Abdin Fərzəliyevə müharibə açıb, ya da həqiqətən FHN qanuni iş görür. Axı kimsə özbaşına tikintiyə başlasa, elə birinci Abşeron İH əməkdaşları başının üstünü kəsdirərdi. Əgər onlar müdaxilə etmirlərsə, tikintinin gedişində FHN məsələyə qarışırsa, deməli, Abşeron İH başçısı Fərzəliyevin "marağı” təmin olunub.
Yeri gəlmişkən, Tribunainfo.az-a müraciət edən Abşeronun Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 109 sakini Əhmədov Telman İsa oğlu da mansardla birlikdə üçmərtəbəli, 12 metrlik obyektin onun evi ilə ara məsafəsi saxlamadan tikilməsindən şikayətçidir.
Məlum olduğu kimi yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Tikintilərin arasında məsafələr və qonşuluq hüququna görə qonşu tikililər arasında məsafə saxlamaq zəruridir.
Şikayətçi Telman Əhmədov isə bildirir ki, düz bir ildir onun evinə bitişik qanunsuz tikinti aparılıb: "Biz müxtəlif dövlət qurumlarına şikayət etsək də heç bir müsbət nəticə olmayıb. Bu obyekt demək olar ki, bizim evə bitişik tikilib. Hətta heç olmasa 1 metr ara məsafəni saxlanılmasını dedik, onda tikintini aparanlar ora pilləkəni də gətirib araya, bizim evə birləşdirdilər. Biz buna etirazımı bildirdikdə isə cavab verdilər ki, "hara istəyirsiniz şikayət edin, biz heç kimdən qorxmuruq”.
Onun sözlərinə görə, məhkəmə qərarı əsasında bir aydır tikintini müvəqqəti dayandırıblar: "Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinə də getmişdik, orada da sənədlərə baxıb bizə dedilər ki, obyektin tikintisi qeyri-qanunidir. Çünki obyektin torpağının sənədi yoxdur, yalnız bələdiyyə sənədi var”. Şikayətçi onu da bildirir ki, bələdiyyənin yerində fərdi ev adı altında obyekt tikirlər, amma alanla satan arasında heç bir müqavilə yoxdur: "Kupça” Faiq Kərimovun adınadır və tikintini aparanlar da yeri ondan alıblar. Amma rəsmi heç bir alqı- satqı sənədi yoxdur. İndi onlar çəkilib kənara ki, "bura bizim deyil, Faiqindir”. Rövşən Məmmədov, Şükürov Əli, Allahverdiyev Rövşən adlı 3 nəfər nə yollasa torpağı alıblar Faiqdən və həmin torpağın üstündə qanunsuz tikinti aparırlar. Onlar Faiq Kərimovun adından istifadə edərək deyirlər ki "obyekt bizim deyil, Faiqindir, gedin onu məhkəməyə verin”, amma məhkəmədə Faiq üçün onlar vəkil tutublar. Faiq Kərimov isə deyir ki, "mənlik bir şey yoxdur, mən onlara satmışam torpağı”.
Vətəndaş Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyeva , Prezident Administrasiyasına, çoxsaylı dövlət qurumlarına müraciət edib: "Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin onlayn görüşündə olmuşuq. O da tədbir görülməsi üçün Abşeron rayon İcra Hakimiyyətinin başçına xəbərdarlıq edib. Amma heç bir tədbir görülməyib. Sadəcə bizim şikayətimizə baxan yoxdur. Gəlirlər baxış keçirirlər, deyirlər qanunsuzdur, amma atırlar bir-birinin üstünə. Tikintini elə aparıblar ki, bizə hava gəlmir. Yoldaşım bronxial astmadır , mən ürək xəstəsiyəm, 2 dəfə ağır əməliyyat olunmuşam. Obyektə görə burada nəfəs almaq olmur. Divarlarımız qaralır. Hətta bir müddət əvvəl bizə yalandan dedilər ki, əgər "Biz ara məsafəsi saxlamamışıqsa, onda sizin evi də alırıq. Hətta dedilər beh də verəcəyik. Amma sonradan məlum oldu ki, bu onların növbəti yalanı idi. Gecə-gündüz də tikinti gedib, norma və qaydalarının tələblərinə riayət etmədən tikintini bizə tərəf olan hissədən başqa başa çatdırıblar. Hər cür vəchlə , bəhanələrlə bizi aldadırlar. Bizim məhkəmədən tələbimiz odur ki, obyekt ara məsafəsi verilməsi üçün sökülsün. Sökülməsi bir yana qalsın, onlar bizimlə heç bir razılaşmaya da gəlmirlər,heç bizi eşitmək belə istəmirlər. İki dəfə məhkəmədə olmuşuq. Hətta məhkəmə də bizim işimizə ədalətlə baxmır. Biz məhkəmənin qərarından Apelyasiya şikayəti vermişik. Artıq bizdə məsələnin müsbət həll olunmasına inamsızlıq yaranıb.
Mətbuat vasitəsilə aidiyyəti qurumlardan artıq dərəcədə xahiş edirik, bizim problemi həll etsin”.
Mənbə: TİA.az
Qlobal.az