Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
İyul 16
10:54
2022
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zəngilan rayonunun Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlayıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Müayinələrin əsas məqsədi işğaldan azad olunmuş ərazilərə köçürüləcək şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.
İlkin olaraq ailə həkimləri (həkim-terapevt və həkim-pediatr) tərəfindən böyüklərin və uşaqların müayinələrinə başlanılıb. Həmin şəxslərin biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri aparılır. Bundan sonra da TƏBİB tərəfindən işğaldan azad olunmuş ərazilərə köçürüləcək şəxslərin müayinələrinə davam ediləcək.