8 milyon manatlıq “stadion qalmaqalı” davam edir – Məhkəmədə nə baş verdi?
İyun 13
09:12
2023
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun məhkəmə prosesi davam etdirilib.
Bu işdə zərərçəkənlərdən birinin vəkili olan Aslan İsmayılov Qaynarinfo-ya bildirib ki, prosesdə prokuror ittiham aktını elan edib. Həmçinin bir neçə vəsatətə qaldırılıb.
Aslan İsmayılovun sözlərinə görə, həm müttəhimlər, həm də zərərçəkənlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin məhkəməyə çağırılmasını istəyiblər.
Vəkil deyib ki, hakim təqsirləndirilən şəxslər və zərərçəkənlər ifadə verdikdən sonra Səttar Möhbalıyevin məhkəməyə çağırılması məsələsinə yenidən qayıdacaq.
Proses iyunun 21-nə təxirə salınıb.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Qlobal.az