6 bank Qarabağ əlilini məhkəməyə verib - "Dollar qalxmamışdan əvvəl"...
Fevral 02
16:54
2016
«Finca», «Unibank», BTB, «Bank of Baku», «Kapital Bank», Beynəlxalq Bank...».
Aradabir beynini çalışdırıb bankların adını xatırlamağa çalışır. Əsəbi, qayğılı, narahat çöhrəsi gah tutulur, gah açılır... Deyir, quru, cüzi təqaüdlə 6 bankın qarşısında duruş gətirmək zarafat deyil...
17 MİN DOLLARI NECƏ QAYTARMALI?..
Zığ kəndində 2-ci qrup Qarabağ əlili Qulamhüseyn Həsənovun ailəsində bircə sualın cavabı tapılsaydı, bu ailə də əvvəlki rahatlığına qayıdardı – 6 banka 17 min dollar borcu necə qaytarmalı?..
6 bank Qarabağ əlilini məhkəməyə verib - "Dollar qalxmamışdan əvvəl"...
Qulamhüseyn kişi 2 il əvvəl ailəsinin bir problemini həll etməkdən ötrü bankların birindən kredit götürüb. Kredit dollarla hesablanıb, manatla ödənilib. Deyir, əvvəllər balıqçılıqla məşğul olurmuş, krediti vaxtında ödəyirmiş. Sonra balıq tutmasını yasaqlayıblar. O da bir krediti qaytarmaq üçün başqa banklara baş vurmalı olub. Beləcə, ödəniş etməli olduğu bankların sayı 6-ya çatıb. İndi banklara ümumi borcu 17 min dollar civarındadır.
«Dollar qalxmamışdan əvvəl, tutaq ki, birinə 70, birinə 60, birinə 160 verirdimsə, indi hamısı artıb. Baxdım ki, hamısının aylıqları gedib çıxıb 200-250 manata. Ödəyə bilmirəm...»
PENSİYASINA BANKLAR ƏL QOYUB
Qarabağ savaşı görüb, yaralanıb, bir ayağını amputasiya edib protezləşdiriblər. İndi xəstə canı-cəsədiylə, bir ayağı üstə 6 bankla çarpışır. Deyir, işini itirəndən sonra ailəni əlillik pensiyası ilə dolandırırmış. Ona da tezliklə banklar əl qoyub:
«Pensiya almıram... Niyə? Çünki Beynəlxalq Bank kartımdan borcumu çıxır. Prezidentə də, xanımına da yazmışam ki, lap dar ayaqda gəlsinlər, protezimi aparsınlar, satsınlar, pulunu götürsünlər. Bizi o dərəcəyə çatdırıblar ki, uşaqlarım deyir, «ata, dar ayaqda böyrəyimizi verək, sataq, bircə banklar bizdən əl çəksin»
. «Kənd soveti»nə də, hər yerə də demişəm, «üstümə gəlməyin, benzini töküb özümü yandıraram». Başqa çarəm yoxdur. 5 qız böyüdürəm, imkansızlıqdan məktəbə göndərə bilmirəm».
Protez ayaq üstə dayanan əlil 17 min dolları banka necə qaytarsın?.. Hələ ki, ölkənin maliyyə naziri bu sualı belə cavablandırır: «Banklar xeyriyyə cəmiyyəti deyil...».
Teref.info



