SON XƏBƏR

"24 ildir ki, Laçında laçınlı doğulmur" - Ramil Cəbrayıl

İyul 16
13:47 2016
Son dövrlərdə texnologiyanın sürətli inkişafı bizi də arxası ilə sürükləyir. Bizlər də əlimizdən gəldiyi qədər dövrün tələblərinə uyğunlaşmağa çalışırıq. Texnologiyanın köməkliyi ilə dünyanın hər bir yerin məlumat əldə edirik. Modern.az saytı işğal olunmuş bölgələrimizlə bağlı sosial şəbəkələrdə səhifələr yaradan, bir sözlə həmin bölgələri yaşadanlarla bağlı rubrikanı davam etdirir. "Qarabağı yaşadanlar”ın növbəti müsahibi, Facebook-dakı "Laçın və laçınlılar” səhifəsinin idarəçilərindən biri Ramil Cəbrayıl ilə müsahibəni təqdim edirik.

- Ramil bəy, sizi insanlara necə təqdim edək?

- Mən 28 yanvar 1980-ci ildə Laçın rayonunun Ələkçi (Şamkənd) kəndində doğulmuşam. Kəndimiz dillər əzbəri olan məşhur Qırxqız dağının ətəyində yerləşir. İxtisasca hüquqşünasam. 2011-ci ildən Arif Məmmədlinin baş redaktoru olduğu "Laçın yurdu” jurnalında çalışıram. Eyni zamanda Karabakhmedia.az saytının baş redaktoruyam. Ailəliyəm, iki övladım var.

- "Laçın və laçınlılar” səhifəsi haqqında nələri söyləyəcəksiniz?


- "Laçın və laçınlılar” qrupunu ilk dəfə odnoklassnik saytında, sonradan isə facebookda dostum İbrahim Mirzəyev tərəfindən yaradılıb. İbrahim Mirzəyev bir gün mənə təklif etdi ki, gəl birlikdə "Laçın və Laçınlılar” qrupunu idarə edək. Mən də onun təklifini qəbul etdim və birlikdə fəaliyyətə başladıq. Bununla da birlikdə bir sıra tədbirlərə imza atdıq. Lakin sonradan qərara gəldik ki, Facebook sosial şəbəkəsində həm qrup kimi, həm də səhifə kimi fəaliyyətimizi davam etdirək. Bunun üçün də qrupun eyni adlı səhifəsini yaratdıq. Səhifədə və qrupda qardaşım Orxan Cəbrayıl da bizə çox köməklik göstərir. Məqsəd Ermənistanın işğalçılıq siyasəti və Qarabağ münaqişəsi barədə dolğun, obyektiv məlumatları ictimaiyyətə çatdırmaq, müharibə zamanı fədakarlıq göstərmiş, şəhid olmuş qəhrəmanlarımız haqqında insanları məlumatlandırmaq olub. Biz düşünürdük ki, gənclərimizi virtual məkanda Qarabağ haqqında, rayonumuz haqqında daha çox bilgilərə yiyələnməlidirlər. Bunu da mütləq qeyd edim ki, İbrahim müəllimlə bizim virtual tanışlığımıza səbəb laçınlı olmağımız idi. Bu gün biz yaxın dostuq. Dostluğumuz və birgə fəaliyyətimizi çox yüksək səviyyədə davam etdiririk.

- Qarabağa bağlılığınız haqda məlumatımız var. Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün nə etmisiniz? 

- Biz qrupu yaradarkən əsas hədəfimiz məcburi köçkünlük səbəbiylə uzun müddət biri-biriylə əlaqəsi olmayan laçınlıların, xüsusən də gənclərin biri-biriylə ünsiyyət qurması üçün bir ortam yaratmaq və onları Laçın haqqında məlumatlarla bilgiləndirmək idi. Düşünürəm ki, müəyyən qədər buna nail olduq. Lakin sonradan Laçın və eyni zamanda Laçından olan tanınmış insanlar haqqında məlumatları bütün ictimaiyyətə çatdırmaq üçün eyniadlı səhifəni yaratdıq. Qarabağ həqiqətlərinin dünyaya çatdırmaq üçün isə İbrahim Mirzəyevlə bərabər Karabakhmedia.az saytını yaratdıq. Sayt hazırda Azərbaycan dilində fəaliyyət göstərir. Lakin əsas məqsədimiz rus və ingilis dillərində də fəaliyyət göstərməkdir. Müəyyən maliyyə problemlərimiz var. Hazırda bu istiqamətdə işlər gedir. Ümid edirəm ki, bu hədəfimizə də çatacağıq.

- Səhifəniz zamanla böyüyüb, rayonun tanınmış adamlarının sizə dəstəyi olurmu?

- Rayonumuzdan olan ziyalılar, alimlər, ağsaqqallar, Qarabağ müharibəsi qaziləri həmişə bizə dəstək olub. Həyata keçirdiyimiz bütün layihələrdə həmişə bizimlədirlər.

- Əsasən kimlər dəstək verir sizə?

- Bir çoxlarının adını qeyd etmək olar. Hansı ki, keçirdiyimiz tədbirlərdə iştirak etməklə bizə daim dəstək olurlar. Ancaq millət vəkilimiz Mahir Abbaszadəni, dəyərli ziyalımız və ağsaqqalımız Qəzənfər Hüseynovu, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Laçın Rayon Şöbəsinin sədri Babək Aslanovu, tanınmış jurnalist Vəsilə Vahidqızını, Xanəndə Ehtiram Hüseynovu, "Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədlini, Fəxrəddin Şahsuvarovu, tədqiqatçı Sultan Hümbətovu, gənc alim Arif İbrahimlini, tanınmış hüquqşünas Ərşad Hüseynovu, jurnalistlər Günay Malikqızını, Namiq Mayılovu, Ötərxan Eltacı, Qönçəgül Kamalqızını xüsusilə vurğulayardım. Adlarını çəkmədiyim digər dostlarımız məndən inciməsinlər. Bu siyahını çox uzatmaq olar. Bizə dəstək olan bütün laçınlılara sizin sayt vasitəsilə öz təşəkkürümü bildirirəm. Nə edə bilmişiksə, hamısı Vətən üçündür, Laçınımız üçündür.

- İşiniz səhifəni idarə etməyə mane olmur ki? İşlərinizdən vaxt ayıra bilirsiniz səhifəyə? 

- Xeyr, heç bir maneçiliyi yoxdur. Bizim səhifənin və eyni adlı qrupun bir neçə nəfər idarəçisi var. İdarəçilik tək bir nəfərin bacara biləcəyi iş deyil. Əvvəllər vaxt çox olurdu, səhifəyə nəzarət də asan idi. Hazırda səhifədə 6 nəfər idarəçi var. Hər hansı birimizin işləri çox olanda digər idarəçilər səhifəyə nəzarət edir.

- Səhifənizdə hansı önəmli işlərə imza atmışınız? 

- "Laçın və laçınlılar” ilk fəaliyyətə başladığı gündən çox böyük işlərə imza atıbdır. Bizim işimiz ilk dəfə 2010-cu ildə Laçın rayonundan olan Milli Qəhrəman Fazil Mehdiyevin büstü önündə keçirilən anım tədbirindən başladı. Sonra bu cür tədbirlərimizi yüksək səviyyədə davam etdirdik. Əsasən Qarabağ müharibəsində şəhid olmuş döyüşçülərimizin anım günlərini təşkil edir, onların həyat və döyüş yolu haqqında mətbuatda məlumatlar yerləşdiririk. 2014-cü ildə Laçının işğalına həsr olunmuş "72 KM” qısametrajlı filmin çəkilişinə nail olduq. Ziyalıların iştirakı ilə filmin təqdimat mərasimini təşkil etmişdik. Mən istərdim səhifəmiz tərəfindən həyata keçirilən ən böyük layihəmiz haqqında qısa məlumat verim. 2014-cü ildə Laçın rayonunda olan ziyalıların, ağsaqqalların, şəhid ailələrinin və Qarabağ müharibəsi qazilərinin iştirakı ilə Xosrov bəy Sultanovun və onun qardaşı, Xalq Qəhrəmanı Sultan bəyin adının əbədiləşdirilməsi üçün "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova müraciət etdik. Tanınmış ziyalılar adından Mübariz bəyə göndərilən məktubda "Palmali” Şirkətlər Qrupunun alacağı növbəti bir gəmiyə Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş Sultanov qardaşlarının adının verilməsini xahiş etmişdik. Mübariz bəy də müraciətimizə müsbət cavab verərək bir gəmiyə yox, hər iki qardaşın adına olan iki gəminin hazırlanmasına göstəriş verdi. Bu gün həmin gəmilər dünya sularında üzür. Həmin vaxt laçınlılar adından Mübariz bəyə təşəkkür məktubu da göndərdik. Mətbuatda da bu haqqında geniş yazılmışdı. Mən bir daha Mübariz bəyə öz təşəkkürümü bildirirəm. Azərbaycanda və xarici ölkələrdə yaşayan bütün azərbaycanlı iş adamlarını Mübariz Mənsimov kimi olmasını arzu edirəm. Mübariz bəy milli-mənəvi dəyərlərə önəm verən bir insandı.
 


- Səhifənin işini əngəlləyən, işinə mane olan kənar güclər olubmu?

- Hər bir kəndin, rayonun, ölkənin, xalqın öz cəhətləri, özünə məxsus xarakteri var. İnsanların fikirləri müxtəlif olur. Hamının eyni cür düşünməsi, görülən yaxşı işə müsbət yanaşması mümkün deyil. Dəfələrlə səhifəmizə hücumlar olub, hətta 2011-ci ildə haker hücumu ilə qrupu ələ keçirmişdilər. Bütün bunlara baxmayaraq biz həmişə fəaliyyətimizi davam etdirmişik. Bizim səhifədən kənarlaşdırlan adamlar var ki, başqa səhifələr və qruplar yaradıblar, amma fəaliyyətləri bir neçə gün çəkibdir. Bu cür insanlar mənfi cəhətləri ilə həm özlərinə, həm də ətrafına zərər verirlər.

- Səhifə izləyicilərinizlə görüşlər təşkil edirsinizmi?

- Görüşlərimiz mütəmadi xarakter alıb. Səhifəmiz vasitəsilə 24 ildir Azərbaycanın 58 rayonunda məskunlaşan laçınlılar bir-birləri ünsiyyətdə olur. Rayonumuzla bağlı olan ən son xəbərlər, məlumatlar səhifədə yerləşdirilir. Mən sizə təxminən 1920-ci illərdə Laçından Türkiyə köçmüş bir ailədən olan Nəcib Laçın haqqında danışmaq istəyirəm. Nəcib bəy Türkiyədə doğulsa da, Hollandiyada yaşayır. 5 il əvvəl Nəcib bəylə virtual olaraq dost olduq. Çox vətənpərvər, ürəyi Azərbaycanla, Laçınla döyünən bir insandır. Mənə demişdi ki, hökmən ata-baba yurduna, Azərbaycana gələcək. O, 2013-cü ildə ailəsi ilə birlikdə Bakıya gəldi. Onunla çox maraqlı bir görüşümüz keçdi. Bunu deməkdə məqsədim budur ki, dünyanın ən müxtəlif ölkələrində yaşayan laçınlılarla əlaqələrimiz var. Amerika, Kanada, Hindistan, İsveçrə, Almaniya və onlarla müxtəlif ölkələrdə yaşayan laçınlılarımız var ki, səhifə vasitəsilə Laçına aid olan müxtəlif məlumatlar əldə edirlər. Bakıya gəldikləri vaxt səhifədə tanış olduqları laçınlılarla görüşürlər.

- İzləyicilərinizin münasibəti sizi qane edirmi? Onlarda bəyənmədiyiniz məqamlar nədir?

- Bəzi hallarda bəyənmədiyimiz məqamlar olur. Lakin bütünlükdə izləyicilərdən razıyıq, qane edir.
 
 

- İzləyicilər sizə müraciət edir? Əsasən hansı mövzu ilə bağlı? 

- Müraciət edənlərin əksəriyyəti Laçında doğulmayan, Laçını görməyən insanlardı. 24 ildir ki, Laçında laçınlı doğulmur. Gənclərimiz üçün rayonumuz haqqında məlumat əldə etmək bu gün üçün çox vacibdir. Ən müxtəlif mövzuda suallar olur. Əsasən Laçının tarixi, memarlıq abidələri, yer adları, tanınmış ziyalıları haqqında bilgilər üçün müraciətlər edilir. Səhifə idarəçiləri ilə bərabər rayonumuzdan olan ziyalıların, elm adamlarının paylaşdığı məlumatlar həmişə böyük maraqla qarşılanıb.

- Necə düşünürsünüz, izləyicilərinizin rəğbətin qazana bilmisiniz? 

- Qısa müddət ərzində səhifə izləyicilərin sayı artaraq 13 mini keçib. Bizim həyata keçirdiyimiz müəyyən işlər düşünürəm ki, bu səhifəmizə olan rəğbətin bariz nümunəsidir.

- Bizim toxunmadığımız məqamlar ola bilər. Əlavə edəcəyiniz nələrsə var?

- Çox təəssüf ki, bizdə sosial şəbəkədən istifadə heç də arzuolunan səviyyədə deyil. Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuş rayonlarımız, kəndlərimiz haqqında geniş bilgilərə sahib olmaq, Azərbaycan həqiqətlərini ölkə hüdudlarında kənara çıxartmaq üçün hər kəs bacardığını etməlidir. Gənclərimizi sosial şəbəkədən düzgün istifadə etməyə çağırıram. Qarabağ və ümumilikdə işğal edilmiş rayonlarımız haqqında yetərincə bilgilərə sahib olmaq lazımdır. Milli dəyərləri qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Mən sizə öz adımdan, "Laçın və laçınlıların” idarəçiləri və üzvləri adından təşəkkürümü bildirirəm.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook