SON XƏBƏR

214 avro olan preparat Bakıda 11 min manata satılır

İyul 29
09:44 2022
Bir neçə gün əvvəl Tarif Şurasının növbəti iclası keçirilib və dərman qiymətlərilə bağlı qərar verilib. Yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsinin qiyməti təsdiq edilib və həmin preparatların satış qiyməti artıb.

Qeyd edək ki, son illər dərmanların qiymətləri bir neçə dəfə bahalaşıb. Hətta elə vətəndaşlar var ki, maddi vəziyyəti ilə əlaqədar həkimin məsləhət gördüyü dərmanları almaqda çətinlik çəkir. Bəzi insanlar dərmanların bahalığı ilə əlaqədar tam müalicə kursunu belə ala bilmir.

Ekspertlər bildirir ki, vətəndaşlar onsuz da dərmanların baha olmasından şikayətçidir. Yenidən dərmanların qiyməti artırılarsa, bu, alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacaq. Dərmanların qiymətinin bahalaşmasına səbəb nədir? Ukrayna və Rusiyadan xeyli dərmanların gəlmədiyi deyilir. Əsas hansı növ dərmanlar bazarda tapılmır və ya qıtdır? Dia.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-alim Vüsalə Əhmədova "Yeni Müsavat”a bunları şərh etdi: "2017-ci ildən etibarən ölkədə satılan bəzi dərman vasitələrinin qiymətini Tarif Şurası tənzimləyir. Tarif Şurasının tənzimləmə siyasətindən sonra vəziyyətin yaxşılığa doğru getdiyini desək yalan olar. Yalnız bir qisim dərmanların qiymətini Tarif Şurası müəyyən edir hansı ki, onlar da tənzimləndikdən sonra daha da bahalaşıb. Sirr deyil ki, ölkəmizdə dərman preparatlarının qiyməti qonşu ölkələrdəkindən 5-6 dəfə yüksəkdir. Məsələn, elə Türkiyəni götürsək, adi bir ağrı kəsici dərman Azərbaycanda 25 manatdırsa, eyni dərman Türkiyədə 5 manata satılır. Ayrıca, Türkiyədə A-dan Z-yə bütün dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimlənir. Yəni istər şəhər mərkəzi olsun, istər ucqar kənd olsun bütün dərmanların qiyməti eynidir. Türkiyədə sürətli inflyasiya prosesi getdiyi üçün hər il dövlət inflyasiya nisbətində dərmanların qiymətini yüksəldir, ancaq yenə də Azərbaycan ilə müqayisədə burada dərmanlar dəfələrlə ucuzdur. Bundan əlavə, istər tibb işçiləri, istər istehlakçılar mütəmadi olaraq ölkəyə gətirilən dərmanların keyfiyyətinin aşağı olmasından, tərkibinin göstərilən normalara cavab verməməsindən şikayət edirlər. Bu səbəbdən də vətəndaşlarımız dərmanları Türkiyə, Rusiya və ya İrandakı yaxınları vasitəsilə sifariş edir”.

Əhmədova qeyd etdi ki, dərman vasitələrinin baha olmasının səbəbi ilk öncə gömrük rüsumlarının yüksək olması ilə əlaqələndirilir: "Gəlin, görək ölkədə dərman sənayesinin vəziyyəti nə yerdədir. Ölkədəki dərman fabriklərindən biri Türkiyənin ”Nobel İlaç" şirkətinin istehsal bazasından biri olan "Nobel Pharmasonoat”dır, hansı ki, 2017-ci ildə fəaliyyət göstərən fabrikdə cəmi 60 adda dərman vasitəsi istehsal olunur. Digəri isə, 2019-cu ildə fəaliyyətə başlayan Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-farm” şirkətidir. Hansı ki, daha çox qablaşdırma ilə məşğuldur. Apteklərdə satılan dərmanların 98%-i xaricdən idxal olunur. Dövlət Statistika Komitəsinin hesabatına nəzər yetirsək, 2020-ci ildə Türkiyədən ölkəmizə 59.486,5 min ABŞ dolları dəyərində, Rusiyadan isə 27.585,0 min ABŞ dolları dəyərində dərman vasitələri idxal olunub. Ölkəyə idxal olunan əczaçılıq məhsullarının dinamikasına baxsaq, hər il artmaqda olduğunu görərik. 2017-ci ildə ölkəyə 249.015,8 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idaxal olunmuşsa, 2018-ci ildə 290.184,2 min dollar, 2019-cu ildə 296.555,1 min dollar, 2020-ci ildə isə 377.145,0 dollar əczaçılıq məhsulu idxal olunub. O cümlədən, 2017-ci ildə ölkəyə 15.042,1 ton (211.540,5 min ABŞ dolları dəyərində) dərman vasitələri idxal edilibsə, 2020-ci ildə bu rəqəm 21.929,5 tona (327.172,0 min ABŞ dolları dəyərinə) yüksəlib.

Bəs ölkədə dərman preparatları istehsal edilmədiyi halda, gömrük rüsumları nədən yüksəkdir? Gömrük rüsumlarının yüksək olmasının səbəbi daxili bazarı qorumaqdırsa, dərman istehsalı olmadığı halda hansı bazarın qorunmasından söhbət gedə bilər. Bəlkə məqsəd dövlət büdcəsinin kəsirinin örtülməsidir? Digər bir səbəb də, hər kəsə məlum olduğu kimi, Azərbaycanda biznesin ən gəlirli sahələrinin müəyyən məmurların nəzarəti altında olmasıdır. Biznesin ən gəlirli sahələrindən biri də dərman ticarətidir. Bəzi dərman vasitələri var ki, QİÇS və xərçəngin ağırlaşmış formasından əziyyət çəkən şəxslər qəbul edir. Hansı ki, bu dərmanların qiyməti mənşə ölkəsində də kifayət qədər yüksəkdir, ölkəmizə gətirildikdə isə qiyməti 10 qat daha yüksək olur. Məsələn, qiyməti 451 avro olan "Qammanorm” ölkəmizdə 6.498 manata, 686 avro olan "İnlita” 17 min manata, 214 avro olan "Novoseven” 11 min manata satılır. Gömrük rüsumlarının yüksək olması səbəbilə bəzi şəxslər məcbur qalaraq öz fərdi avtomobillərində qaçaq yollarla ölkəyə dərman vasitələri gətirirlər, bu dərmanlar da vətəndaşların əllərindən alınaraq məhv edilir".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook