“AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
Avqust 15
22:59
2024
"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsi üzrə təhsil
alan ali məktəb tələbələri üçün növbəti "Təqaüd proqramı” müsabiqəsini elan
edir.
Xatırladaq
ki, "AzerGold” QSC 2021-ci ildən ali və peşə təhsili üzrə "Təqaüd proqramı”
layihələri icra edir. Bugünədək ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində təhsil alan 28, peşə təhsili müəssisələrində təhsil
alan 35 nəfər tələbəyə təqaüd verilib.
Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar
ilə təmin edilməsi məqsədi ilə təsis edilən təqaüd Azərbaycanda faəliyyət göstərən
ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim
olunacaq. Müsabiqədə 2024-2025-ci tədris ili üzrə bakalavr və magistr səviyyəsinin
sonuncu kursunda dağ-mədən mühəndisliyi, geologiya, ekologiya, kimya mühəndisliyi
və metallurgiya sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr
iştirak edə bilərlər. Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən
ibarətdir.
Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı test
imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq. Növbəti mərhələdə
hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən
ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb
edilərək, hər biri müvafiq təltifnamə və 9 ay müddətində, hər ay 200 AZN məbləğində
təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə
proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin
edilməsi nəzərdə tutulur.
"Təqaüd proqramı” layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış
olmaq üçün "AzerGold” QSC-nin rəsmi veb-saytında "Karyera” bölməsində
yaradılmış "Təqaüd
proqramı” altbölməsinə daxil ola bilərsiniz.
Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını
doldurmaq tələb olunur. Müsabiqəyə elan dərc edildiyi gündən (15 avqust 2024-cü
il) start verilir. Müraciət üçün son tarix 30 avqust 2024-cü ildir.
Qlobal.az