SON XƏBƏR

“2013-cü ildə halal pulumla aldığım əmlakı hakimlər əlimdən aldı”

Avqust 16
10:17 2021
Mübahisəyə Ali Məhkəmədə baxılacaq

Bakı sakini Rəhim Axundovun hələ 2013-cü ildə notarial qaydada, alqı-satqı-yoluyla pulunu verib aldığı daşınmaz əmlakı yerli məhkəmələr 7 il sonra – 2020-ci ildə onun özünün əlindən alıblar. Səbəb kimi isə göstərilib ki, əmlakın əvvəlki sahibi onu cinayət yoluyla əldə edibmiş...

Rəhim Axundov deyir ki, hətta əmlakın əvvəlki sahibi onu cinayət yoluyla əldə edibsə belə, bu məsələnin ona heç bir aidiyyəti yoxdur, o, vicdanlı alıcıdır.

Bu mübahisəyə avqustun 13-də Ali Məhkəmədə baxılacaq. Rəhim Axundov eyni zamanda, dövlət başçısına və Ali Məhkəmənin sədrinə də müraciət edib. Aşağı instansiya məhkəmələrində hakimlərin ağlasığmaz qərarlar verdiyini vurğulayan Rəhim Axundov bildirir ki, sözügedən əmlak Buzovna qəsəbəsində, Usta Baba Pirməmməd küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olub. Hamlet Hüseynov 22 yanvar 2013-cü ildə obyekti ona satıb. Alqı-satqı müqaviləsinə Hamlet Hüseynovun əvəzinə Elmira Şirinova imza atıb:

"Əlimdə alqı-satqı müqaviləsi vardı deyə, 2013-cü ildən səhlənkarlıq eləyib, gedib çıxarış almırdım. 2019-cu ildə çıxarış almağa getdim. Mənə dedilər ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqinin vəsatəti əsasında Binəqədi Rayon Məhkəməsinin qərarıyla əmlakımın üzərinə həbs qoyulub. Məlum oldu ki, o idarədə Elmira Şirinova və Samir Quliyevin təqsirləndirilməsilə bağlı cinayət işinin istintaqı gedir. Hamlet Hüseynova isə heç bir ittiham verilməmişdi. Sonra o iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi”.

Rəhim Axundovun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi 16 mart 2020-ci il tarixli hökmüylə Elmira Şirinovanı təqsirli hesab edib. Üzərinə həbs qoyulmuş əmlakların, o cümlədən Buzovnadakı obyektin də müsadirəsinə qərar verilib: "Faktiki mənə məxsus olan qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbs qüvvədə saxlandı. 2013-cü ildə halal pulumla aldığım əmlakı hakimlər əlimdən aldı və Elmira Şirinovanın əmlakı kimi müsadirə edildi”.

Vətəndaş Mülki Məcəlləsinin 146.1 maddəsini yada salır. Orada yazılıb ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onunla bağlı əqd notarial qaydada təsdiq edildiyi andan əmələ gəlir.

"Əmlakıma həbs qoyulduğundan hazırda sərəncam verilmə hüququmu rəsmiləşdirə bilmirəm. Hətta əmlakı məndən əvvəlki sahibi cinayət yoluyla əldə edibsə belə, bunu mən alqı-satqı vaxtı hardan bilə bilərdim? Nə o zaman, nə də ondan sonra bilməmişəm”, - Rəhim Axundov belə deyir.

O, təəssüf edir ki, Bakı Apelyasiya Məhkəməsi də mülkiyyət hüququyla bağlı məsələyə həssas yanaşmadı. Amma ümidini itirmir: "Güman edirəm ki, Ali Məhkəmə fərqli davranar, bu işi ölkə daxilində müsbət həll edər”.

Elmira Şirinova "’Bulaq-2” Mənzil-Tikinti Kooperativinin rəhbəri olub. Şirkət Binəqədi rayonu, Cəfər Xəndan küçəsində çoxmərtəbəli bina inşa etdirib. O, 2015-ci ildə təhvil verilməli binanı vaxtında inşa etməməkdə, eyni mənzili bir neçə nəfərə satmaqda ittiham olunub. Onunla birlikdə ittiham edilən Samir Quliyev isə nəvəsinin keçmiş həyat yoldaşı olub. Bir neçə ay şirkətdə Elmira Quliyeva ilə birlikdə çalışmış Samir Quliyev həm də 2009-2014-cü illərdə Binəqədi bələdiyyəsinin sədr müavini olub.

Məhkəmədə bildirib ki, mənzil satışıyla bağlı problemlər ortaya çıxandan az sonra o, şirkətdə işdən gedib. 2014-cü ildə həyat yoldaşı ilə də boşanıb.

Məhkəmə prosesi başa çatmamış Elmira Şirinova vəfat edib. Lakin məhkəmə onun təqsirli olması qənaətinə gəlib.

Samir Quliyevə isə bir neçə maddə ilə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook