SON XƏBƏR

2 saylı Cəzaçəkmə Müəssisəsində özbaşınalıq - “Oğluma təzyiq göstərdilər ki, mən şikayətimi geri götürüm”

May 25
11:00 2022
"Oğlum zəng vurub, deyir, ata, ölürəm, artıq dili də söz tutmur, ancaq yenə də Müalicə Müəssisəsinə köçürmürlər”. 
 
Şamaxı rayonunun Dağbağlılı kənd sakini Cavad Qəfərov Meydan TV-yə 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən oğlu Rusif Qəfərovun durumundan danışıb.

Rufis Qəfərov 21 yaşında həbsə düşüb. 5 ilə yaxındır ki, 2 saylı Cəzaçəkmə Müəssisəsindədir. 2 ildən çoxdur ki, vərəmdən, serrozdan, epilepsiyadan əziyyət çəkir. Atanın sözlərinə görə, bir neçə dəfə öz vəsaiti ilə oğlunu müalicə etdirib. Elə Rufis də həyatda bu müalicələr hesabına qalıb. Ancaq son vaxtlar məhbusun müalicəsi üçün dərman reseptləri ailəsinə verilmir. Atanın iddiasına görə, heç məhbusun sağlamlığına cavabdehlik daşıyan qurum da onun müalicəsiylə məşğul olmur:

"Nə özləri müalicə edirlər, nə də mənə imkan verirlər ki, gücüm çatandan alıb verim, uşaq müalicə olunsun. Bugünlərdə zəng vurub, deyir, ata, Meydan TV-yə zəng elə, bəlkə onlar mənim vəziyyətimi ictimailəşdirərlər, bəlkə aidiyyəti qurumları silkələyərlər… Ağır xəstəliklərdən əziyyət çəkən övladım göz görə-görə ölür, ona kömək etmirlər, mənimsə əlim, imkanım çatmır”.

Cavad Qəfərov kasıbdır, 1-ci qrup əlildir, əlilliyə görə aldığı təqaüdlə həm ailəni saxlayır, həm də həbsxanadakı övladına dərman alıb göndərir. Deyir, bəzi dərmanları qəbul edirlər, bəzilərini yox…

Məhbus atası:

"Danışa bilmir, deyir, ata, ölürəm, məni xəstəxanaya köçürmürlər. Aprelin 2-də yanına getmişdim, icazə verilən dərmanlarını apardım. Ancaq təkcə bununla iş bitmir. Xəstəlikləri dərindir, ciddidir. Sistemlər vurulmalıdır, qaraciyəri serrozdur, yıxıla-yıxıla gəzir, yıxılır, qolu-qıçı zədələnir. Deyirlər, məhbusun yaxınlarından hər dərmanı qəbul etməyə icazə yoxdur. Ancaq yaxınları tərəfindən gətirilməsi qadağan olunan dərmanları özləri də vermir məhbusa…”

Atanın sözlərinə görə, Rufis əvvəllər məhbusların vərəm müəssisəsində də, Müalicə Müəssisəsində də müalicə olunub. Ancaq sonradan yenə vəziyyəti ağırlaşıb. Ata deyir, bu müalicələr mərhələli və intensiv aparılmalıdır:

"Elə ki, Ədliyyə Nazirliyinin "Qaynar xətt”inə zəng vurub şikayət edirəm, elə cəzaçəkmə müəssisəsinin tibb hissəsində yüngülvari müalicələr edirlər. Ancaq dərin müalicələr üçün Müalicə Müəssisəsinə göndərmirlər. 3 ay əvvəl yenə zəng vurdum, şikayətimi bildirdim. Heç yarım saat keçmədi ki, 2 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini mənə zəng vurdu, dedi, kişi, zəng vurduğun yerə yenə zəng vur, şikayətini geri götür, de ki, daha heç bir şikayətim yoxdur. Narahat olma, oğlunu necə lazımdırsa, müalicə etdirəcəyik. Oğlum da yanındaydı, telefonu verdi oğluma, oğlum da dedi, ata, mən nə deyə bilərəm, bunlardan asılı məhbusam, deyirlərsə, yəqin edəcəklər, zəng vur, şikayətini geri götür. Oğluma təzyiq göstərdilər ki, mən şikayətimi geri götürüm”.

Ata da inanaraq şikayətini geri götürdüyünü deyir. Onun sözlərinə görə, məhbus oğlu cəmi 10 gün tibbi hissədə qalıb və ciddi müalicə olunmayıb.

Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadqov Meydan TV-yə deyib ki, məhkumun müalicəsiz qalması mümkün deyil:

"Bilirsiniz ki, həkimlər Penitensiar Xidmətə deyil, ayrı baş idarəyə tabedilər. Həkimlər məhkumun müayinə və müalicəsinə müstəqil qərar verirlər. Qanunvericiliyə görə, məhkumun yaxın qohumları ora başqa bir tibb mütəxəssisi cəlb edə bilərlər”.

Məhkumun atasının Ədliyyə Nazirliyinin "Qaynar xətt”inə etdiyi şikayətin cəzaçəkmə müəssisəsinin rəhbərliyinin sözü ilə geri götürməsi iddiasına gəlincə isə Mehman Sadıqov bildirib ki, "Qaynar xətt”ə daxil olan şikayətlər qeydə alınır və geri götürülməsi mümkün deyil.
 
Mənbə: Meydan.tv
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook