180 gün- Prezidentin uğurlu kadrı və sürətlə inkişaf edən Salyan rayonu
Sentyabr 19
23:08
2016
Bu gün müasir Salyan
rayonu respublikamızda yüksək dinamika ilə inkişaf edən aqrar rayonlardan biridir. Bu
ilin yanvar ayında Respublika Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə keçirilən
iqtisadi müşavirədə qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatı sahəsinin dövlətin
daxili iqsitadi siyasətinin əsas prioriteti elan edilməsi Salyan rayonuna
xüsusi önəm yaratdı. Bu gün Salyanda hər addımda hiss olunan yüksək inkişafın səbəbi,
bu uğurun təkanverici qüvvəsi əlbəttə ki, rayon rəhbərliyi ilə yerli əhalinin
qarşılıqlı etimad və inama söykənən münasibətidir. Dövlət başçısı İlham Əliyev cənablarının
yürütdüyü iqtisadi- sosial siyasəti bütünlüklə salyanlılara hiss etdirən, rayonda müvəffəqiyyətlə
həyata keçirilən quruculuq işlərini, eləcə də digər fəaliyyət sahələrini əhatə edən qabaqcıl
islahatlarla tanış olmazdan əvvəl Salyan RİH-nin başçısı Sevindik Hətəmovun vətənpərvərlik
eşqi ilə zəngin olan həyat yoluna qısa nəzər salaq. Beləliklə...

Sevindik Hətəmovun həyat yolu
1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis,
1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı
illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat
Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfat hesablı
Tikinti Quraşdırma Sahəsində rəis, 1997-1999-cu illərdə "Güzdək" daş
karxanasında direktor, 1999-2005-ci illərdə "Güzdək-Günay" firmasında
direktor vəzifəsində işləyib.
2005-2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır.
Göründüyü kimi bir çox təşkilati vəzifələrdə uzun illərdən bəri böyük bir əzmlə çalışan Sevindik Hətəmov əsl dövlət məmuru kimi formalaşa bilmişdir. Əlbəttə ki, bu Respublika Prezidenti İlham Əliyev cənablarının diqqətindən yayına bilməzdi.
2012-ci ildə Respublika Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Yardımlı rayonunun başçısı təyin edilən Sevindik Hətəmov 2016-cı ilin mart ayının 4-dən Salyan rayonunun İcra Hakimiyyətinin başçısıdır.
Salyan sürətli inkişaf
yolunda

1792 kvadrat kilometr ərazisi olan Salyan rayonu respublikanın ən
böyük kənd təsərrüfatı rayonlarından biridir. Ölkəmizin hər bir yerində olduğu
kimi, Salyan rayonunda da iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlər əldə
olunmuş, yeni infrastruktur layihələr, müasir sosial obyektlərin tikintisi, sənaye
və kənd təsərrüfatının inkişaf etdirilməsi uğurla həyata keçirilmişdir.
Əhalinin rifah halını yüksəldən bu işlər bu gün də əzmlə davam etdirilir.
Regionun ən böyük çayı sayılan Kür çayının rayon ərazisindən keçməsi isə kənd təsərrüfatının
inkişafına münbit zəmin yaradır.

Salyanın kənd təsərrüfatının əsası pambıqçılıq, taxılçılıq, tərəvəzçilik
və heyvandarlıqdan ibarətdir. Salyan rayonunun sənaye həyatını isə plastik kütlə
emalı, pambıqtəmizləmə, kərpic istehsalı zavodları və digər istehsal müəssisələri
təşkil edir. Respublikanın hazırkı dövründə realizə olunan balıq məmulatlarının
böyük bir hissəsi Salyan rayonunun payına düşür. Salyan rayonu ərazisində, Kür
çayından ovlanan ağ balıq və nərə bütün dünyada brend olaraq ən baha satılan
kürüdür.

Yuxarıda qeyd etdiyimiz kimi bu ilin mart ayında Salyan rayonuna icra
başçısı təyin edilən Sevindik Hətəmov ilk olaraq rayonun ucqar kənd və qəsəbələrində
yaşayan əhalinin sosial- iqtisadi durumlarını öyrənmək, onların problem, qayğı
və təklifləri ilə tanış olmaq məqsədilə səyyar qəbul- görüşlərə başladı. Sevindik
Hətəmov qısa müddət ərzində rayonun 20 kəndinə- Kürqaraşlı, Çuxanlı, Alçalı,
Parça Xələc, Yolüstü, Arbatan, Xələc, Sarvan, Qardili, Şorsulu, Kürsəngi, Aşağı
Noxudlu, Çadırlı, Qarabağlı, Marışlı, Qaraçala, Peyk, Yeni Uluxanlı, Kolanı və
Seydan kəndinə gedərək səyyar qəbul-görüşlər keçirmişdir. Alçalı və Çadırlı kəndlərində
qəbul- görüşlərlə bərabər, həm də bu iki kəndə mavi yanacağın verilməsi tədbirində
iştirak etmişdir.

Salyan rayonu Azərbaycanın mədəni, siyasi, ictimai həyatında mühüm
rol oynayan bir çox tarixi şəxsiyyətlər yetirmişdir. Qafqazın ilk şeyxülislamı
Axund Məhəmmədəli Hüseynzadəni, türk dünyası ictimai fikrinin ən görkəmli nümayəndələrindən
sayılan filosof Əli bəy Hüseynzadəni, tarixçi alim, akademik Əliövsət Quliyevi,
Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkü, dramaturq-şair Əlağa
Kürçaylını, gənc nəsillərə qəhrəmanlıq salnaməsi miras qoymuş Sovet ittifaqı qəhrəmanı
Məhərrəm Dadaşovu, müstəqil respublikamızın ərazi bütövlüyü uğrunda şücaət göstərərək
həlak olmuş Milli Qəhraman Nazim Babayevi iftixar hissi ilə nümunə göstərə bilərik.
Dövlətimizin və xalqımızın inkişafına xidmət etmiş bu şəxsiyyətlərə qiymət vermək,
onları gənc nəsillərə tanıtmaq hər bir dövlət məmurunun borcudur. Çox
sevindirici haldır ki, Sevindik Hətəmov xalqının şərəfli tarixinə dəyər verməyi
bacaran dövlət məmurlarındandır. Salyana icra başçısı təyin olunduqdan 12 gün
sonra rayonun Şəhidlər xatirə kompleksində Milli Qəhrəman Nazim Babayevin abidəsini
ziyarət edərək önünə gül-çiçək düzməsi Sevindik Hətəmovun dövləti, vətəni və xalqı
uğrunda mübarizə aparan insanlara sərgilədiyi yüksək münasibətin bariz nümunəsidir.
Zərifə xanım oftalmoloq- alim, akademik olmaqla yanaşı, həm də xalqımızın ümummilli lideri, müasir Azərbaycan Respublikasının banisi ulu öndər Heydər Əliyevin həyat yoldaşı olub. Bu iki dahi şəxsiyyətin keçdiyi mübarizə dolu şərəfli həyatları hər bir gənc azərbaycanlı ailəsi üçün parlaq nümunədir. Azərbaycanın hər bir diyarında, kəndində, obasında Ulu Öndər Heydər Əliyev daim yad edilir.
Bu ilin may ayında da Ulu Öndərin 93-cü ildönümü Salyan rayonunda məhəbbətlə xatırlandı. Belə ki, may ayının 6-da rayonun Heydər Əliyev Mərkəzində Salyan Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə "Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi. Tədbirdə Sevindik Hətəmov Ulu Öndərin böyük həyatından, müstəqil dövlətimizin bərpası və inkişafı yolunda göstərdiyi misilsiz fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Əlbəttə ki, Salyan rayonunda son 180 gündə baş verən sosial-ictimai-iqtisadi hadisələrdən bəhs edərkən sentyabr ayının 3-də Respublika Prezidenti İlham Əliyev cənablarının rayona etdiyi möhtəşəm səfərdən bəhs etməmək mümkün deyildir.
Respublika Prezidenti İlham Əliyev cənablarının Salyan səfəri

Qeyd edək ki, Prezident İlham Əliyevin Salyan rayonuna səfəri çərçivəsində
Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edərək rəmzi açılışı bildirən
lenti kəsdi və muzeydə yaradılmış şəraitlə tanış oldu. Prezident
İlham Əliyevə məlumat verildi ki, 12 mindən çox eksponatı özündə cəmləşdirən
muzeyin binası 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi birinci dönəmdə inşa edilib və 2016-cı ilin may-avqust aylarında əsaslı
təmir olunaraq yenidən qurulub. Binanın tikintialtı sahəsi 620 kvadratmetr,
ümumi sahəsi isə 1240 kvadratmetrdir. İki mərtəbədən ibarət binanın birinci mərtəbəsində
ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini
əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu mərtəbədə, həmçinin fond
otağı və digər yardımçı otaqlar yerləşir. Muzeyin ikinci mərtəbəsi əsasən
ekspozisiya zallarından ibarətdir.

Salyan rayonuna səfəri çərçivəsində İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bu rayonun ərazisindən keçən 21,4 kilometrlik (31-ci kilometrdən 54,4 kilometrədək) hissəsinin açılışında iştirak edərək yolun rəmzi açılışını bildirən qırmızı lenti kəsdi. Salyan rayonunda aparılan abadlıq- quruculuq işlərindən məmnunluq ifadə edən Respublika Prezidenti İlham Əliyev cənabları daha sonra rayonun iqtisadi inkişafında əhəmiyyətli yer tutan pambıqçılığın mövcud vəziyyəti ilə tanış olmaq məqsədi ilə Kürsəngi kəndindəki pambıq sahələrinə baxış keçirtdi.
Xatırladaq ki, 2016-cı ildə rayonun 16 kəndində 2168 hektar sahədə
pambıq əkininin aparıldığını, gələn il isə Salyanda 7 min hektarda pambığın əkilməsinin
planlaşdırıldığı rayon rəhbərliyi tərəfindən Respublika Prezidentinə məruzə
olundu.
Prezident İlham Əliyev
cənablarının Salyan rayonuna səfəri
ərəfəsində Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin də açılışı oldu.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.Rəsmi açılış mərasimində ölkə
rəhbərinə məlumat verildi ki, yeni layihənin icrası nəticəsində 35 mindən artıq əhalisi olan Salyan şəhərinin 12 min 500 sakini mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunacaq.
Salyan rayon əhalisinin su
təminatının yaxşılaşdırılması məqsədilə hazırlanan yeni layihənin birinci mərhələsində 9 kilometr magistral və 28 kilometr paylayıcı su xətlərinin, həmçinin ümumi tutumu 15 min kubmetr olan 2 su anbarının
tikintisi, 7 min sayğacın quraşdırılması nəzərdə tutulur. Bu işlərin görülməsi nəticəsində
gələcəkdə şəhərdə mərkəzləşmiş qaydada su alan əhalinin sayının 2 dəfə artırılaraq 25 min nəfərə çatdırılması mümkün olacaq.
Salyanın içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə şəhərdə 130 kilometr içməli su, 123 kilometr
kanalizasiya şəbəkəsinin tikintisi
planlaşdırılır. Eyni zamanda, 9 kilometr uzunluğunda kanalizasiya kollektorunun
və məhsuldarlığı sutkada 20 min kubmetr olan tullantı
sularını təmizləyəcək qurğunun inşası nəzərdə tutulub. Ümumilikdə, perspektiv inkişaf nəzərə alınmaqla layihədən 35 mindən artıq insan faydalanacaq.
Əlbəttə ki, Respublika Prezidenti İlham Əliyev cənablarının Salyan
rayonunda aparılan abadlıq- quruculuq işlərindən, əhalinin maddi vəziyyətinin
daha da yaxşılaşmasına birbaşa təsir edəcək kənd təsərrüfatının genişləndirilməsindən
razı qalması rayon rəhbərliyinin yorulmadan sərf etdiyi yüksək əməyin göstəricisidir.

Qəlbi xalqına-dövlətinə xidmət etmək eşqi ilə
döyünən Sevindik Hətəmov Salyan rayonuna başçı təyin olunduğu 180 günü daim
qurub- yaratmışdır. Bunun daha bir bariz nümunəsi isə Sentyabrın 15-i - Bilik
günündə Seydan kəndində rayonun millət vəkillərinin və eləcə də digər yüksək vəzifəli
şəxslərin iştirakı ilə təntənəli açılış mərasimi keçirilən ümumorta məktəbi
göstərmək olar...
Sevindik Hətəmov və Salyanlılar
Sevindik Hətəmov bütün fəaliyyəti dövründə hər an Respublika Prezidenti İlham Əliyevə və dövlətçiliyə sarsılmaz sədaqətilə seçilən şəxsiyyətlərdəndir. Sevindik Hətəmov yaşadığı zəngin və şərəfli həyatı boyu Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin siyasi ideologiyasının mətin əsgəri olaraq bu gün respublika prezidenti İlham Əliyev cənablarının bütün tapşırıq və göstərişlərini yüksək peşəkarlıqla yerinə yetirir.
Sevindik Hətəmov bu gün də Salyanlılarla sıx ünsiyyətdədir. Qayğısı olan hər bir Salyanlını həssaslıqla dinləyir, onların problemlərinin həllinə yardımçı olur. Əlbəttə ki, Sevindik Hətəmovun əsl rəhbərə yaraşan qayğıkeşliyi rayon sakinləri tərəfindən sevilir və alqışlanır.
Respublika prezidenti İlham Əliyevin cənablarının
və bütün Salyanlıların inamını doğrultmuş Sevindik Hətəmovun qısa müddət ərzində
yaratdığı nümunəvi həmrəylik nəticəsində Salyan rayonu bu gün də yüksək
dinamika ilə inkişafa davam edir.
Cahandar LAÇIN
Qlobal.az



