SON XƏBƏR

18 yaşlı qız küçəyə atıldı, nazirlik suallardan qaçdı

Sentyabr 14
23:34 2016
Azərbaycanda uşaq evlərində və internatlarda böyüyən uşaqların gələcəyi ilə bağlı problemlər hələ ki, həll olunmayıb.

18 yaşa qədər internatlarda böyüyən insanlar 18 yaşı tamam etdikdən sonra uşaq evlərini tərk edirlər. Problem də elə buradan başlayır. İşsiz, evsiz küçədə yaşamağa məcbur olan bu gənclərin bir qismi bəzən məcburiyyətdən cinayət aləminə qoşulur, həyatlarını qazanmaq üçün digər yollara əl atmalı olurlar. 

Bu məsələni yenidən gündəmə gətirməyimizin səbəbi 3-4 gündür Nərimanov parkında gecələyən adını bilmədiyimiz bir xanım oldu. Sosial şəbəkədə məlumatlar yayılan məlumatlarda bildirilir ki, 18 yaşı olan bu qız heç nə yemədiyindən artıq ayağa belə qalxa bilmir, gecə gündüz parkda yaşamağa məhkum olub.

"Bu qızı son 3-4 gündür ki, Nərimanov parkında görürəm. Bu gün yaxınlaşıb bir az söhbət etdim, acından skamyadan dura bilmirdi. Dedim ki, kafeyə gedək, sənə yemək alım. O isə getməyə halı olmadığını dedi. Dönər, kola alıb verdim, deməyinə görə uşaqlığından kimsəsizlər evində qalıb. 18 yaşı olduğu üçün qanuna görə, oradan çıxarıblar. Bir müddət kirayə qalıb, pulu verə bilmədiyi üçün 7-8 gündür evdən çıxıb parklarda qalır. Çox səmimi bir qıza oxşayırdı, başqa yolun yolçusu olmadığı hiss olnurdu" deyə sosial media istifadəçilərindən biri yazıb.

Qaynarinfo.Az-ın əməkdaşı qızı tapıb danışdırmaq, dərdini aidiyyatı qurumların diqqətinə çatdırmaq ümidi ilə Nərimanov parkına yollansa da, həmin xanımı tapa bilməyib. Amma parkın bağbanı bildirib ki, onun kimi neçə-neçə gənc var burda gecələyir. Bağban işləyən ağsaqqalın sözlərinə görə, onlar saat 23.00-dan səhər saat 07.00-dək parklarda olur. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Cəsarət Valehov nəyinki suallarımıza cavab vermək, heç dinləmək belə istəmədi: "Suallarınız varsa, e-mail ünvanına göndərin. Biz telefonla sual cavablandırmırıq".

Mətbuat xidmətlərinin işi mətbuatın suallarına, sorğularına cavab verməkdir. Təəssüf ki, Azərbaycanda bu problem hələ də öz həllini tapmayıb. Bu gün bəzi nazirliklərin, komitələrin mətbuat xidmətlərinə rəhbərlik edən həmkarlarımız hələ də öz vəzifə borclarının nədən ibarət olduğunu anlamırlar, özlərini məmur kimi hiss etməyə başlayıblar. Verəcəyimiz suallar bir yana, söhbət küçədə qalmış 18 yaşlı çarəsiz bir qızdan gedirsə və ona kömək etmək üçün heç bir addım atmaq istəmirsinzə, tutduğunuz vəzifənin də, daşıdığınız adın da heç bir dəyəri yoxdu. Puldan da, vəzifədən də önəmli bir şey var - VİCDAN! Çalışın onu itirməyin.

Yetkinlik yaşına çatıb müəssisəni tərk etmiş uşaqların yerləşdirilməsi ilə rayon icra hakimiyyətlərinin nəzdindəki komissiyalar, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sektoru məşğul olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev Qaynarinfo.Az-a bildirdi ki, Təhsil Nazirliyinin hazırladığı siyahıya əsasən valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlar "Məzun evi”ndə yerləşdirilir. Qurum həmçinin qeyd etdi ki, bu işlə bilavasitə Təhsil Nazirliyi məşğul olur və yalnız-yalnız siyahıya əsasən məzunlar məskunlaşa bilər.

Görünən odur ki, yetkinlik yaşına çatmış kimsəsiz uşaqların problemi hələ uzun illər davam edəcək. Çox təəssüf ki, bu günə qədər dəfələrlə yazılmasına, müzakirəyə çıxarılmasına baxmayaraq, bu problemin həlli heç kimi yadına düşmür. 18 yaşına çatmış qızlar və oğlanlar yenə uşaq evlərindən küçəyə atılır, parklarda yatmağa məcbur edilir. Söhbət təkcə bu yazıda haqqında danışdığımız qızdan getmir. Bu günün onun kimi onlarla gənc küçələrdə yaşamağa məcburdur. Daha onlardan neçəsi cinayətkara çevrilməli, daha neçəsi çarəsizlikdən əxlaqsızlıq yuvalarına düşməlidi ki, villarda yaşayıb, yüz minlik maşınlarda gəzən, cah-cəlal içində yaşayan məmurların yadına düşsün? 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook